Accessibility links

Bakıda Ümumdünya Söz Azadlığı gününə həsr olunmuş “Azərbaycanda Söz Azadlığı” mövzusunda milli konfrans keçirib. Bloger Adnan Hacızadənin Amerikanın Səsinə müsahibəsi

Bakıda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Beynəlxalq Mediaya Dəstək Fondu Ümumdünya Söz Azadlığı gününə həsr olunmuş “Azərbaycanda Söz Azadlığı” mövzusunda milli konfrans keçirib.
Forumda ölkədəki çoxtirajlı qəzetlərin, informasiya agentliklərinin, media hüquqları təşkilatlarının rəhbərləri, müstəqil ekspertlər və diplomatik korpusların təmsilçiləri iştirak ediblər. Milli konfransa hökumət rəsmiləri, parlament üzvləri və ombudsman dəvət edilsə də, gəlməyiblər.
Konfransda əsasən həbsdə olan jurnalistlər və blogerlər, söz azadlığının mövcud durumu, mətbuat və İnternet azadlığına maneələr, diffamasiya, ifadə azadlığına qanuni maneələr, məhkəmələrin fikrin azad ifadəsinə təsirləri, medianın iqtisadi azadlığı, reklam bazarı və qəzet yayımı məsələləri diqqət mərkəzində olub.
Hazırda ölkədə 8 jurnalist və bir neçə bloger həbsdədir. Elmar Hüseynov və Rafiq Tağının qətli açılmamış qalır, jurnalistlərə qarşı fiziki təzyiqlərlə bağlı cinayət işlərində də irəliləyiş qeydə alınmayıb. “Bunun əksinə olaraq, son günlərdə jurnalist İdrak Abbasov qəddarcasına döyülüb, Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı şantaj xarakterli video görüntülər yayılıb. Hər iki jurnalistə qarşı təzyiqlərlə bağlı araşdırmalarda irəliləyiş yoxdur. Eyni zamanda, son dövrlər həbs edilmiş jurnalistlərlə vəkillərinin görüşünə də imkan verilmir. Jurnalistləri müdafiə edən vəkillər təzyiqlərlə üzləşir”, - deyə RATİ-nin direktoru Emin Hüseynov qeyd edib.
Ekspertlər “Diffamasiya haqqında” qanunun qəbulunu vacib sayır. Son dövrlər jurnalistlərə qarşı 160 cinayət işi qaldırılıb. “Diffamasiya haqqında” qanunun qəbulu ən azı bu sahədə məhkəmə qərarlarını müəyyən çərçivəyə salacaq”, - deyə İREX-in eksperti Ələsgər Məmmədli bildirib.
“Tacikistan Respublikası belə “Diffamasiya haqqında” qanunu qəbul edib. Azərbaycanda isə hələ də nəticə verməyən müzakirələr davam etdirilməkdədir”, - deyə “Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı qeyd edib.
Ölkədə İnternet azadlığı mövcuddur, siyasi senzura və təsirlər yoxdur. Amma, hökumət qurumlarında informasiya açıqlığı hələ də problem olaraq qalmadadır. “İnternet Forumu 60 parametr üzrə monitorinq aparıb. Monitorinqin nəticələrinə görə, bu il hökumət qurumlarında informasiya açıqlığı cəmi 30 faizdir. Ötən il bu rəqəm 27 faiz təşkil edib”, - deyə İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Ekspertlər və media rəhbərləri Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyətini tənqid edib. Fond əslində KİV-in inkişaf strategiyası, maliyyə asılılığının azaldılması, reklam bazarının stimullaşdırılması ilə bağlı strategiyaya, proqrama və baxışlara malik deyil. “Mətbuatın problemi siyasidir. Siyasi hakimiyyət mətbuatı tamada və ya tərifçi kimi görür. KİV-ə Dövlət Dəstəyi Fondunun jurnalistlərə ev tikdirməsini, müxtəlif maliyyə yardımları göstərməsini rüşvət kimi də qəbul etmək olar”, - deyə jurnalist Şahvələd Çobanoğlu bildirib.
Konfransda medianın iqtisadi durumu ən geniş müzakirə olunan mövzulardan olub. Medianın iqtisadi əsasları 1998-ci ildə siyasi senzura ləğv edildikdən sonra sındırılıb. “İqtisadi senzura ilə yanaşı məhkəmələr vasitəsi ilə, fiziki təzyiqlər yolu ilə də mətbuat azadlığı təsir altına alınıb. 2001-ci ildə neft pulları gəldikdən sonra isə medianın pulla alınması prosesi başlayıb. 1998-ci ildə bəzi çap mediasının tirajı 120 minədək, ümumi reklam bazarı 8-9 milyon dollar idi. Amma hazırda İnternet mediası da daxil olmaqla, ümumi çap mediasının reklam bazarı cəmi 4 milyon dollar təşkil edir”, - deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
Çap mediasının yayımı kritik həddədir. Belə ki, ölkədə 4762 kənddən 4000-də ümumiyyətlə köşk yoxdur. “Ölkədə cəmi 800 qəzet köşkü var və hər bir milyon əhaliyə cəmi 80 köşk düşür. Bu rəqəm Rusiyada 333, Amerikada 600, Avropa ölkələrində 1000-1250-dir”, - deyə Ş.Çobanoğlu vurğulayıb.
Forumda həmçinin mayın 2-də Cenevrədə Avropa Yayımlar Birliyi tərəfindən Azərbaycanda söz azadlığı ilə bağlı keçiriləcək foruma təkliflər paketi qəbul edilib. Milli konfrans beynəlxalq qurumların ölkədə həbsdə olan jurnalist və blogerlərin dərhal azad edilməsi tələb ilə çıxış etməsini xahiş edir.
Təkliflər paketinə “Diffamasiya haqqında” qanunun qəbulu, jurnalistlərə qarşı fiziki və mənəvi təzyiqlərin dayandırılması, KİV-ə Dövlət Dəstəyi Fondunun funksiyasının təkmilləşdirilməsi, çap mediasının yayım işinin yaxşılaşdırılması, medianın iqtisadi əsaslarının formalaşdırılması, azad reklam bazarı, sosial reklamların artırılması, informasiya əldə etmək azadlığı, regionlarda medianın inkişafı, dövlət strukturlarının media orqanlarının dərhal ləğv edilməsi və b. daxildir.

Ol Gənclər təşkilatının həmtəsisçisi, müstəqil videobloger Adnan Hacızadə Amerikanın Səsi radiosuna mesahibəsində bildirib ki, ölkədə internetdə birbaşa senzura olmasa da, özünüsenzura var. “İnternet fəalları və blogerlərin həbsi İnternetdə özünüsenzuraya səbəb olub. Beynəlxalq araşdırmalara görə, Azərbaycanda blogerlərin həbsindən sonra sosial şəbəkələrdə iştirakçıların sayı dəfələrlə artıb. Amma bunun əksinə olaraq, İnternet fəallarının sayı kəskin azalıb”, - deyə o qeyd edib.

Bloger həmçinin Azərbaycanda sosial şəbəkələrin cəmiyyətə, elektorata və hakimiyyətə təsirlərinin zəif olduğunu deyib. “Bu sahədə televiziya hakimlik edir. Ancaq, son parlament seçkiləri internet, o cümlədən sosial şəbəkələrdə fəallığın seçici fəallığına təsir imkanlarını ortaya çıxardı. Eyni zamanda, internetdən cəmiyyətdə aktiv mövqe tutmuş insanlara qarşı qarayaxmalarda da istifadə edilir. Məsələn, son dövrlər jurnalist Xədicə İsmayılovanın şantaj edilməsi buna parlaq nümunədir”, - deyə o xatırladıb.

XS
SM
MD
LG