Accessibility links

Elçin Şıxlı: Hökumətin siyasətində söz azadlığı mənə xoş olanı çap edindən ibarətdir (Audio)


“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə söz azadlığının mövcud durumu və jurnalistlərə təzyiqlərdən danışıb.

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə söz azadlığının mövcud durumu, mətbuatın problemləri və jurnalistlərə qarşı təzyiqlərdən danışıb.

“Hökumətin siyasətində söz azadlığı: mənə xoş olan xəbərləri dərc edin, mən istədiyimi deyin və alternativ fikir olmamasından ibarətdir. Doğrudur ölkədə rəsmi senzura yoxdur. Jurnalist istədiyi mövzuda yaza bilir. Ancaq, yazı dərc edildikdən sonra onu cəzalandırma imkanları olur. Cəzalar isə heç də həmişə hüquqi müstəvidə olmur. Təhdidlər, təhqirlər və döyülmələr baş verir. Ən qorxulusu odur ki, jurnalisti döyənlər məlum olsa da onlar cəzalandırılmır”, - deyə cənab Şıxlı qeyd edib.

O son 20 il ərzində ölkədə söz azadlığını müqayisəli təhlil edib. “Son dövrlər ölkədə söz azadlığı sahəsində geriləmə baş verir. Amma, bir qayda olaraq hakimiyyətlər sərbəst və düzgün informasiyaları sinirmək qabiliyyətində olmur. Bu istənilən hökumətdə belədir. Məsələn, təzyiqlərə baxmayaq 1973-cü ildə “Vaşinqton Post” qəzeti Wotergeyt qalmaqalını işıqlandırdı və bu prezidentin postundan getməsi ilə nəticələndi. Və ya son ildə Almaniya mediası bu ölkənin prezidentinin əməllərini açıqladı, o istefaya getməyə məcbur oldu. Qərb ölkələrində informasiyalar ictimai fikrə təsir edir. Amma, çox təəssüf ki, Azərbaycanda belə deyil”.

Cənab Şıxlı Azərbaycan Mətbuat Şurasının və Prezident yanın Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun azad medianın inkişafında kifayət qədər yetərli rol oynaya bilmədiyini bildirib. “İkinci dünya müharibəsindən sonra “Marşal” Fondunun dəstəyi ilə Almaniya mediası tez bir zamanda inkişafa çatdı və hazırda dünyada aparıcı rola malikdir. “Amma, Azərbaycanda yaradılan bu qurumlar hələ ki, azad mediaya yaxından dəstək göstərə bilmir. Əgər, ötən əsrin 90-cı illərinin əvvəllərində “Zerlkalo” və “Ayna” qəzetlərinin tirajı 150 min nüsxəyə çatırdısa indi bu rəqəm 3-8 min arasında dəyişir”.

Baş redaktor medianın probleminin həllini cəmiyyətdəki problemlərin kompleks həllində görür. “Azərbaycan cəmiyyətinin problemi həm də medianın problemidir. Cəmiyyətin probleminin həlli isə həm də medianın probleminin həlli olardı”, - deyə o qeyd edib.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə media azadlığının tam təmin edildiyini bildirir.

Trend Agentliyinin məlumatına görə, mayın 2-də Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair keçirilən seminarda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, hazırda Azərbaycanın real həyatında KİV sahəsində dünya standartlarına uyğun plüralist media, elektron və yazılı KİV formalaşıb.

"KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutub. Azərbaycanda 4600 mətbuat orqanı, yüzlərlə informasiya portalı, 50-dən çox informasiya agentliyi qeydiyyata alınıb və fəaliyyət göstərir.

Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 50 faizindən çoxunu təşkil edir. 30-dan artıq internet provayderi bu sahədə xidmət göstərir. Azərbaycanda genişzolaqlı sürətli internet istifadəçilərinin sayı hazırda 30 faizə yaxınlaşır. Bu isə orta ümumdünya göstəricilərindən 2,5 dəfə yüksəkdir. .az domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 4,5 dəfə artıb və 12 mini keçib. Son 4 ildə internet trafikin giriş-çıxış həcmi dəfələrlə artıb, internet xidmətlərindən istifadə haqları azalıb".

Onun sözlərinə görə, 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılıb və son illər kabel televiziyasının miqyası getdikcə genişlənməkdədir.

"Hazırda Azərbaycanda 9 ümumrespublika televiziyası, bir peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir.

Hazırda Azərbaycanda 53 jurnalist təşkilatı qeydiyyatdan keçib, 30 media təşkilatı birbaşa söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi sahədə fəaliyyət göstərir. Ölkədə müstəqil media yayımı həyata keçirən 23 kommersiya strukturu mövcuddur”.

Onun fikrincə, Azərbaycanın media sahəsində iki əsas problemi var. “Bunlardan biri azad medianın dairəsinin hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə olmaması, onların genişləndirilməsi ehtiyacıdır. Azad medianın dairəsini getdikcə genişləndirməliyik. İkincisi, jurnalistlərimizin peşəkarlığını artırmalıyıq. Çünki azad medianın dairəsi genişləndikcə, qeyri-peşəkar jurnalistlərdən cəmiyyət, dövlət, millət və bütün insan təbəqələri demək olar ki, əziyyət çəkir. Biz hazırda diffamasiya haqqında qanunun qəbul olunması ərəfəsindəyik”- deyə şöbə müdiri qeyd edib.

XS
SM
MD
LG