Accessibility links

Jurnalistlərin fiziki zorakılığa məruz qalması pislənir


“Sərhədsiz Reportyorlar” təşkilatı jurnalistlərə qarşı hücumun dövlət başçısının beynəlxalq təşkilatların Azərbaycana qarşı tənqidlərini pisləməsindən bir gün sonra baş verdiyini bildirir.

Aprelin 18-də jurnalistlərin Bakının Sulutəpə qəsəbəsində hücuma məruz qalması beynəlxalq və yerli jurnalist təşkilatları tərəfindən pislənir.

Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” təşkilatı jurnalist İdrak Abbasov ARDNŞ işçilərinin evləri sökməsinin çəkilişini apararkən ona qarşı törədilmiş zorakılığı pisləyib. “Bu amansız hücum bizi sarsıtdı. Hakimiyyət aylardır ki, bu jurnalistin və ailəsinin daim təqib olunması faktlarını araşdırsaydı, faciə baş verməyə də bilərdi”, - deyə bəyanatda qeyd edilir.
”Hakimiyyət bu hücumun təqsirkarlarını müəyyən etməli və cəzalandırmalıdır. Baş verənlər həmçinin hakimiyyətin paytaxtda və onun ətrafında əmlak hüquqları probleminin həlli məsələsində məsuliyyətsizliyini göstərir”, - deyə təşkilat qeyd edir.
İdrak Abbasov və ailəsi bir neçə aydır təqiblərə məruz qalır. “Senzura indeksi” ifadə azadlığını müdafiə təşkilatı bu yaxınlarda aylardır Sulutəpə qəsəbəsindəki hadisələrin işıqlandırılmasında göstərdiyi mətanətə görə onu mükafatlandırıb.
Jurnalistə qarşı hücum prezident İlham Əliyevin beynəlxalq təşkilatların Azərbaycana qarşı tənqidlərini pisləməsindən bir gün sonra baş verib. “Bizdə demokratiya, söz azadlığı, vicdan azadlığı və sərbəst toplaşmaq azadlığı var”, deyə dövlət başçısı ölkədə sistematik insan hüquqları pozuntuları ilə əlaqədar çoxalan tənqidlərə cavab verib.
“2012-ci ilin mayında Eurovision müsabiqəsinin Bakıda keçirilməsi hər kəsin diqqətini bu ölkədə insan hüquqları müdafiəçilərinin və müstəqil jurnalistlərin ağır vəziyyətinə çəkməlidir”, - deyə “Sərhədsiz reportyorlar”ın bəyanatında qeyd edilir.

Mərkəzi ofisi Bakıda yerləşən Media Hüququ İnstitutu da jurnalistlər İdrak Abbas və Günay Musayevanın zorakılığa məruz qalmasını pisləyən bəyanat yayıb.
Sənəddə həmçinin hadisə yerinə gələn digər jurnalistlərin də basqıyla üzləşdikləri, onları olay yerinə gətirən taksinin mühafizəçilərin basqınına məruz qaldığı qeyd edilir. “Mühafizəçilər “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayevanın üzünə yumruq zərbələri endirib, huşunu itirən jurnalistin fotoaparatı əlindən alıb”.
MHİ 2011-ci ildə 72 jurnalistin ən azı 90 dəfə fiziki basqılara, psixoloji təhdidlərə məruz qaldığını xatırladır. 2012-ci ilin ilk 3 ayında isə belə faktların sayının artıq 30-u keçdiyi bildirilir.

MHİ peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı qanunsuz hərəkətləri kəskin pisləyir, hökuməti basqı olaylarını araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün təcili ölçülər götürməyə çağırır.
Hüquq müdafiəçisi Eynulla Fətullayev də analoji məzmunlu bəyanatla çıxış edərək jurnalistlərin zorakılığa məruz qalmalarını pisləyib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə peşə fəaliyyətini yerinə yetirərkən jurnalistlərin təzyiqlərə məruz qalması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Mövzuya uyğun

XS
SM
MD
LG