Accessibility links

Bəxtiyar Hacıyev: Azərbaycan hakimiyyəti müxtəlif kanallarla əfv diləməyimə çalışır


Bəxtiyar Hacıyev: Azərbaycan hakimiyyəti müxtəlif kanallarla əfv diləməyimə çalışır

Bəxtiyar Hacıyev: Azərbaycan hakimiyyəti müxtəlif kanallarla əfv diləməyimə çalışır

ABŞ-ın Harvard Universitetinin məzunu 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev son zamanlar ətrafında və ailəsində baş verən proseslərlə bağlı ictimaiyyətə müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Son vaxtlar Azərbaycan hakimiyyəti müxtəlif kanallarla həm cəmiyyətdə, həm də mənim ətrafımda həbsdə saxlanmağımla bağlı qorxunc tablo yaratmağa, cəmiyyəti həbsxanaya düşməkdən qorxutmağa, məni isə çevrəmin təsiri ilə əfv diləməyə çalışır. Əslində, vəziyyət tam başqadır. Həbsdə olmağım mənə çətinlikdən çox yeni fürsətlər təqdim edib. Harvardda olduğum zaman maliyyə çətinliyinə və vaxt qıtlığına görə oxumadığım dərsləri, yeni fənləri həbsxanada oxuyuram. Hazırkı Harvard tələbələri öz dərs qeydlərini, son elmi məqalələri göndərir, Bakıdakı gənclər onları çap edib mənə göndərir, mən isə paralel dərs qrafiki ilə həftəlik dərsləri izləyirəm. Bu da bir növ uzaqdan təhsil (distance learning) vasitəsilə mənə yeni imkanlar təqdim edir, sanki ikinci Harvard təhsili alıram.

Bundan əlavə, vaxt keçdikcə mənə dəstək verənlərin sayı artır. Son vaxtlar bir qrup Azərbaycan ziyalısının dəstəyi də məni ruhlandırdı. Bu addımlarına görə mən onlara da çox təşəkkür edirəm. Həm onların, həm də dünyanın beyin mərkəzi sayılan Harvardın nüfuzlu professorlarının mənə dəstəkləri əslində kimin haqlı, kimin haqsız, kimin udan, kimin uduzan tərəf olduğunu bir daha açıq göstərir. Saxlandığım cəzaçəkmə müəssisəsində həm rəhbərliyin, həm də məhkumların mənə münasibəti çox yaxşıdır.

Rəsmilər mənə müxtəlif yollarla təsir və təzyiq etməyə çalışmaqdansa özlərinin tutduqları yolun zamanla onlara vurduğu ziyan haqqında düşünsələr, daha düzgün olar”.

Bəxtiyar Hacıyev müraciəti oktyabrın 10-da yazıb.

Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilən ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev hazırda Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

XS
SM
MD
LG