Accessibility links

Əkrəm Əylislinin cinayət işinin istintaqını Bakı Prokurorluğu aparacaq


Yazıçı Əkrəm Əylisli

Yazıçı Əkrəm Əylisli

Yazıçı Əkrəm Əylisliyə qarşı qaldırlmış cinayət işinin istintaqı bundan sonra Bakı Şəhər Prokurorluğunda aparılacaq. Sentyabrın 6-da yazıçı Bakı şəhər Prokurorluğuna dəvət edilib və işin istintaqını müstəntiq Asəm Səfərəliyevin apacağı ona bildirilib.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Bu il martın 30-da yazıçı Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə (xuliqanlıq) cinayət işi qaldırılıb. Aprelin 21-də cinayət işi Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Bu maddə ilə yazıçını 3 ilədək həbs gözləyir.

Cinayət işini Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsi qaldırıb. Sonra cinayət işinin istintaqı Xəzər rayon Prokurorluğunda davam etdirilib.

Rəsmi məlumatlara görə, yazıçı bu il martın 30-da beynəlxalq konfransa yola düşərkən Bakı Hava limanında ictimai qaydanı pozmaq ittihamı ilə saxlanılıb. Hüquq mühafizə orqanları bildirir ki, Əylisli Bakı Hava limanında ictimai qaydanı pozub, söyüş söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinə zərbə vurub.

Əylisi istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib. Yazıçının 79 yaşı var.

Əylisli bundan əvvəlki çağırışda Milli Məclisin deputatı olub. Onun ermənilərə qarşı Azərbaycandakı hərəkətlərə həsr edilmiş “Daş yuxular” əsəri hökumət və bir çox ictimai qurumlar tərəfindən ciddi tənqidlərə məruz qalıb. Yazıçının dövlət təltifləri alınıb. Onun evinin qarşısında dəfələrlə “Daş yuxular” əsərinin reallığı əks etdirməməsi çağırışı ilə etiraz aksiyaları keçirilib.

XS
SM
MD
LG