Accessibility links

Əli İnsanov: Mən ixtiraçı alıməm, dərman kəşf etmişəm, pul qazanmışam və qazanıram


Əli İnsanov
Əli İnsanov

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum sabiq səhiyyə naziri Əli İnsanovun adına “Banque de Luxembourg” kommersiya bankında aşkar edilmiş və 2000-2002-ci illərdə qoyulan 1,5 milyon ABŞ dollarının müsadirə olunması məsələsinə baxılması ilə əlaqədar Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin təqdimatına baxılıb.

AzərTAc agentliyinin məlumatına görə, iclasda Əli İnsanovun hüquqlarını müdafiə edən vəkil Ağaveys Şahverdi “Banque de Luxembourg” bankına yatırılan 1,5 milyon ABŞ dollarının Əli İnsanovun ixtira etdiyi “İnsanovin” dərmanının satışından yığılan vəsait olduğunu qeyd edərək bununla bağlı müvafiq orqanlara sorğular verilməsi, həmçinin Əli İnsanovun işlədiyi dövrdə vergi ödəyicisi kimi dövlət büdcəsinə ödədiyi vergilər barədə Vergilər Nazirliyinə də sorğu göndərilməsi barədə vəsatətlər verib. Məhkəmə vəsatətlərin təmin olunması barədə qərar qəbul edib.

İnsanovun vəkilləri Amerikanın Səsinin vəsaitlərin müsadirəsi mümkünlüyünü şərh etmək xahişinə cavabdan yayınaraq, onunla görüşdən sonra cavab verə biləcəklərini bildiriblər.

Əli İnsanovun vəkili Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin təqdimatı əsassızdır. “Əli İnsanovun hər hansı borcu yoxdur. Onun bütün əmlakı müsadirə edilərək əlindən alınıb. Bu isə məhkəmənin müəyyən etdiyi məbləğdən üç dəfədən də çoxdur”.

Vəkil bu gün Əli İnsanovla görüşüb.

“Mən ixtiraçı aliməm, dərman (İnsanovin) kəşf etmişəm. Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram. Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm. Həmin ödəmələrlə bağlı sənədi istintaq orqanlarına və Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmişəm”, keçmiş səhiyyə naziri Əli İnsanov vəkili vasitəsi ilə bildirib.

Öz növbəsində, hüquq sahəsində müstəqil ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, Lüksemburq bankı, çətin ki, İnsanovun pulunu müsadirə etsin. İlk növbədə ona görə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan məhkəmələri tərəfindən İnsanovun hüquqlarının pozulduğunu etiraf edib.

Xarici banklarda hesablara həbs qoyulması və vəsaitlərin təhvil verilməsi təcrübəsi var, lakin vəsaitin cinayət yolu ilə qazanıldığı sübuta yetirilməlidir.

“Belə məsələlər dövlətlərarası sazişlərlə tənzimlənir, bildiyim qədər, Azərbaycanın Lüksemburq və Avropa İttifaqı ilə belə sazişləri yoxdur”, deyə Məmmədli qeyd edib.

Xatırladaq ki, İnsanovun hesabında bir milyon yarım dollara yaxın vəsait olduğu haqqında məlumat mətbuata hesab sahibləri haqqında məlumat sızdıqdan sonra məlum olub. Maraqlıdır ki, hesab sahibləri arasında Azərbaycanın bir neçə nüfuzlu şəxsi və dövlət məmuru da var. Lakin hakimiyyət onların adlarını elan etməyə və bu vəsaitlərə həbs qoyulması tələbi ilə sorğu göndərməyə tələsmir.

İnsanov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü il martın 14-də Avropa Məhkəməsi İnsanovun Avropa İnsan Hüquqları Konvensiyası üzrə 3-cü (işgəncələrin qadağan edilməsi) və 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu qəbul edib. Avropa Məhkəməsi Azərbaycan hökumətinin üzərinə İnsanova 10 min avro təzminat ödəmək öhdəliyi qoyub. 2013-cü il noyabrın 15-də Azərbaycan Ali Məhkəməsinin Plenumu işi təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. 2014-cü il fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi İnsanov barəsində əvvəlki hökmü qüvvədə saxlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG