Accessibility links

“2012-ci ildə azad mətbuatdan bəhrələnən insanların sayı dünya üzrə son 10 ildə ən aşağı səviyyəyə düşüb”. Bunu Vaşinqtonda qərargahlanan “Freedom House” təşkilatı dünya ölkələrində mətbuat azadlıqlarına dair açıqladığı son hesabatında qeyd edir.

Təşkilat vətəndaş jurnalistikası və yeni media vasitələrindən istifadənin rolunun artmasını, lakin eyni zamanda bir sıra hökumətlərin bu yeni medianın qarşısını almaq üçün səylərini intensivləşdiriyini, azad mətbuat olmadan azad seçkilərin keçirilməsinin mümkün olmaması, Avropada iqtisadi böhranın bir sıra ölkələrdə mətbuat azadlığının məhdudlaşmasına səbəb olması kimi bir sıra nəticələr çıxarıb.

“Freedom House” 2012-ci ildə dünyanın 197 ölkəsi və ərazisində mətbuatın durumunu öyrənərək, onlardan 63-nün azad, 70-nin nisbətən azad, qalan 64 ölkəsinin isə qeyri-azad olduğunu bildirir.

Mətbuatın azadlığı sahəsində vəziyyətin ən pis olduğu ölkələr Belarus, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Türkmənistan və Özbəkistandır. Freedom House bildirir ki, bu ölkələrdə azad mətbuat ya mövcud deyil, ya fəaliyyət göstərə bilmir, ya da rejimə xidmət göstərməyə məcbur edilir. Hesabatda bu ölkələrdə insanların qərəzsiz informasiyadan istifadə imkanlarının son dərəcə məhdud olduğu, fərqli düşünən insanların həbs edildiyi, işgəncəyə məruz qaldığı və repressiyanın başqa formaları ilə qarşılaşdığı bildirilir.

Freedom House Mərkəzi və Şərqi Avropa və Avrasiya ölkələrində mətbuatın durumunu şərh edərək, bu regionlarda əhalinin 56 faizinin mətbuatın qeyri-azad olduğu ölkələrdə yaşadığını göstərir. Təşkilat hesabatda mətbuat azadlığının ən pis vəziyyətdə olduğu Belarus, Özbəkistan və Türkmənistanın bu regionda olduğunu xüsusi qeyd edir.

“Freedom House Rusiya, Azərbaycan və Qazaxıstanda mətbuatın durumunun narahatlıq doğurduğunu qeyd edir. Təşkilatın hesabatında Azərbaycanda jurnalistlərə qarşı zorakılıqların artdığı və azad informasiyanın əldə edilməsinin qarşısının alınması üçün qanunvericiliyə dəyişikliklər edildiyi üşün vəziyyətin pisləşdiyi göstərilir.

Hesabatda Gürcüstanda televiziya məkanında siyasi müxtəlifliyin olması müsbət inkişaf kimi qeyd edilib. “Freedom House” parlament seçkilərinin mediada balansı işıqlandırılması, müxalif namizədlərin onlayn mediadan istifadə imkanlarının genişlənməsi və əvvəlki illərlə müqayisədə jurnalistlərə qarşı zorakılıq hallarının azalmasına görə Ermənistanda da mətbuat azadlığı sahəsində vəziyyətin düzəldiyini bildirir.
XS
SM
MD
LG