Accessibility links

Harayın qonağı Azərbaycanın tanınmış şairi Vaqif Bayatlı Odərdir (audio)


Harayın qonağı Azərbaycanın tanınmış şairi Vaqif Bayatlı Odərdir (audio)

Harayın qonağı Azərbaycanın tanınmış şairi Vaqif Bayatlı Odərdir (audio)

Haray proqramının bugünkü buraxılışını İranda yaşayan azərbaycanlıların müasir ədəbiyyatında problemlərə həsr etmişik. Proqramın qonağı Azərbaycanın tanınmış şairi Vaqif Bayatlı Odərin sözlərinə görə, türkdilli şerin özü İranda xalq arasında çox yayılsa da, rəsmi dairələrdə çap imkanları azdır. Şairin dediyinə görə, türk dilində ədəbiyyatın inkişafı üçün Türk dilində təhsil lazımdır. Şair və yazıçıların fars dilində təhsil alması onların oxucularının sayının azalması deməkdir. Vaqif Bayatlı Odərlə Tapdıq Fərhadoğlunun söhbətini sizə təqdim edirik.

Sual: İranda yaşayan azərabaycanlıların ədəbi mühitini necə qiymətləndirirsiniz?

Cavab: Qədimdən bəri bizim tarixi vərəqləsək, şerimizin ən böyük mərkəzlərindən biri Cənubi Azərbaycandır. Türkdilli şerin, hətta Şərq poeziyasının ən böyük mərkəzlərindən biri Cənubi Azərbaycandır. İndi də mən çox yüksək qiymətləndirirəm. Azərbaycan türkləri tək türk dilində şerlər yazmayıblar. Onlar ərəb, fars dillərində də böyük divanlar yaradıb həm də farsın, ərəbin böyük şairləri olublar.

Sual: Azərbaycan Respublikasında Şəhriyarın şer kitabları, Şəhriyar yaradıcılığı istisna olmaqla, İranda yaşayan azərbaycanlıların elə də çox kitabları çap olunmayıb. Buna səbəb nədir?

Cavab: Tək Şəhriyar yox, o biriləri də az da olsa çap olunub. Amma Şəhriyar daha populyar olub, çünki müəyyən bir dövrdə təşəbbüsdə bulunub. Amma nə üçün burada çox tanınmır. Bu ondan doğur ki, türkdilli şerin özü İranda xalq arasında çox yayılsa da, rəsmi dairələrdə çap imkanları azdı. Yayılma arialı azdır. Bu istiqamətdə şüurlu şəkildə İranda dövlət siyasəti aparılır. Türk dilində məktəblərin olmadığı kimi, Türk dilində ədəbiyyatın inkişafı üçün Türk dilində təhsil almış insanlar lazımdır. O insanlar fars dilində təhsil alır. Bu onların oxucularının sayının azalması deməkdir.


Sual:
Təbii ki, Tehranda Füzulinin divanı da çap olunub. Nizami də çap olunub. Amma bununla yanaşı, müasir İranda olan azərbaycanlıların, azərbaycanlı ədiblərin, müasir ədəbiyyatı, müasir şer nümunələri, romanları, xüsusilə də tənqidi ədəbiyyatı ümumiyyətlə çap olunmur. Buna səbəb nədir?

Cavab: İran mədəniyyəti elə-belə yaranmır. Tehranda bunların ideoloqları oturub. Onlar fikirləşirlər ki, məsələn fərz edək, Qara Qarayev haqqında İran televiziyasında böyük bir veriliş, onun bütün dünyada tanınmağı, Üzeyir Hacıbəyovun operanın banisi olmağı – bütün bunlar axı farslara sərf etmir. Bu ideoloji sistem yalan üzərində qurulub və bunlar o sistemə girmir. Musiqiçilərimizin, rəssamlarımızın onlardan daha güclü olmağı, onlara sərf etmir. Ona görə onlar var gücləri ilə bunun qarşısını almağa çalışırlar.

Sual: Siz qeyd etdiniz ki, bir qayda olaraq İranda yaşayan azərbaycanlılar dünya ədəbiyyatının, ümumiyyətlə ərəb, fars, türk ədəbiyyatının ən aparıcı nümunələri olub. Bəs, Azərbaycan Respublikası məsələn, latın qrafikası ilə kitabların çapı haqqında dövlət proqramı qəbul edib. Burada niyə İranda yaşayan azərbaycanlı ədiblərin, yəni müasir dövrün ədiblərinin kitablarının çapını nəzərdə tutmayıblar?

Cavab: Cənubda yaşayan qardaşlarımızın, bacılarımızın əsərlərinin çap olunmamağı – bu doğurdan çox maraqlı fikirdir. Onların tarixən mövcud olan əsərlərinin çapı üçün dövlətimiz iş görməlidir.

Sual: İranda yaşayan azərbaycanlılarla bağlı şeriniz varmı?

Cavab: Savalan dağı bütün dünya dağlarından fərqli bir dağdır. Hətta ona bir İlahiyə doğru uzanan, qeyri-adi bir dağ kimi baxılır. Mənim şerim də əsas onun üzərindədir ki,

“Savalanım, Tanrı dağım”:


Mən bu dünyanın özündən,

Min üzündən sovuşuram.

Savalanım, Tanrı dağım

Savalanım, Tanrı dağım

Uçub, sənə qovuşuram.

Qovuşduqca duruluram,

Duruluram, duruluram.

Göy üzündən ətirli göy,

Sudan duru göl oluram.

Şükür Tanrım, şükür sənə,

Gül qoxusu gəlir yenə,

Ətəyindən qanadlanıb,

Göyləri aşan elimin,

Çiçəkcə, gülcə danışan,

Göycə dinən türk dilimin

Ana yurdu, ata göyü

Gecə-gündüz sevməkdən də

Rahat olmuram İlahi.

Eşqindən göydə yaraşığın,

Yerdə işığın yorulur.

Mən yorulmuram İlahi,

Mən yorulmuram İlahi.

Səni sevmək azdı Tanrım.

Səni sevmək sevmi yarı,

Hər an qanad aça-aça,

Uça-uça hey yuxarı

Qalxıram insan göyündən,

Qalxıram insan eşqindən

Neçə-Neçə göy yuxarı.

Şükür Tanrım, Şükür Tanrım,

Məni elədin axırı.

Hamının hamını sevməyiçün,

Bu dünyanın çıxarı.

İndi min göydən üzümə

Min gül nurun düşür Tanrı.

Hamını hamıya sevdirdikcə,

Şükür sevgim bütövləşir,

Şükür yurdum bütövləşir,

Türküm bütövləşir.

XS
SM
MD
LG