Accessibility links

Azərbaycanda insan hüquqları – Belorusa doğru yol


İnsan hüquqları ilə bağlı dinləmələr

İnsan hüquqları ilə bağlı dinləmələr

AŞPA deputatlarının iştirakı ilə “Azərbaycanın Avropa Şurasına sədrliyi: Çağırışlar və Perspektivlər” mövzusunda dinləmələr keçirilib. Ölkədə insan hüquqlarının durumu kəskin tənqid edilib

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı Belorusa olduğu kimi münasibət bəsləməlidir. Avropa Şurasının 55 deputatı Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsi ilə Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) müraciət edib. Azərbaycan AŞ-nin insan hüquqları və siyasi məhbuslarla bağlı suallarından məmnun deyil. Bu gün RATİ-nin media mərkəzində AŞPA deputatlarının iştirakı ilə “Azərbaycanın Avropa Şurasına sədrliyi: Çağırışlar və Perspektivlər” mövzusunda keçirilən dinləmələrin əsas mövzusu belə olub.
İnsan hüquqları ilə bağlı dinləmələr

İnsan hüquqları ilə bağlı dinləmələr

Avropa qurumlarının təmsilçilərinin, ölkədəki diplomatik korpusların nümayəndələrinin və vətəndaş cəmiyyətinin rəhbərlərinin iştirakı ilə keçirilən dinləmələrdə ölkədə insan hüquqlarının, Qeyri Hökumət Təşkilatlarının, azad medianın çətin durumuna diqqət yetirilib.

Dinləmələr “Flame Towers” (Alov Qüllələri) otelində keçirilməli idi. Əvvəlcədən müqavilə imzalanmasına, zalın icarə pulu daxil edilməsinə baxmayaraq, otel son anda dinləmələrin keçirilməsi üçün zal ayırmaqdan imtina edib.

AŞPA deputatları ilk öncə Azərbaycanda media və QHT-lərin ağır şəraitdə çalışdığını qeyd edib. Deputatlar Azərbaycan prezidenti və xarici işlər naziri ilə apardığı müzakirələrə diqqəti çəkib. “Xarici işlər naziri Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetləri elan etdi. Bunu alqışlayırıq. Amma biz də nazirdən xahiş etdik ki, Azərbaycan insan hüquqlarının bərpasına da səylər göstərməlidir. Bu asan deyil, amma Azərbaycan könüllü olaraq öhdəliklər götürüb. Avropa İnsan Haqları Komitəsinin hesabatları və Avropa Məhkəməsinin qərarları problemlərin çox olduğunu göstərir”, AŞPA deputatı Tini Koks qeyd edib.

Onun qənaətinə görə, xarici işlər naziri Elmar Məmmədyarov deputatların bu fikirlərini paylaşmır.

Azərbaycanda iqtisadiyyat inkişafda, insan hüquqları isə geriləməkdə davam edir. Otelin toplantının keçirilməsinə yer verməkdən imtinası toplaşmaq azadlığının pozulmasıdır.
“2009-cu ildən başlayaraq birləşmək, toplaşmaq azadlıqları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər məyusedicidir. İnsan hüquqları universal dəyərlərdir. AŞ-ya bütün üzv dövlətlər bu dəyərlərə hörmət etməlidir. Azərbaycan AŞ Nazirlər Komitəsinin sədri kimi Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə cavabdehdir. Ölkə nümunə olmalıdır”, AŞPA deputatı Michael McNamaran qeyd edib.

O 55 deputatın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsini AŞPA-ya təqdim etdiyini və iyunda keçiriləcək sessiyada müzakirə ediləcəyini bildirib. “İstənilən halda Azərbaycan, - insan hüquqlarına hörmət edən və ya hörmət etməyən ölkə, - kimi nümunə olacaq. Hər halda Azərbaycanda siyasi məhbusların olması yaxşı hal deyil. Amnesty İnternational ölkədə 18 vicdan məhbusunun olduğunu bildirir. Dünən Avropa Məhkəməsi İlqar Məmmədov barəsində qərar qəbul edib. Qərarda deyilir ki, Məmmədovun məhkəməyədək həbsi siyasi xarakter daşıyır və onun seçkilərdə iştirakının qarşısını almaq məqsədi güdür”, Michael McNamaran qeyd edib.

Müzakirələrdə Azərbaycan QHT təmsilçiləri ölkədə mövcud durum barədə geniş məlumat verib. QHT-lərin durumu çox ağırdır. Xarici QHT-lərin filialları və yerli QHT-lərə qarşı yeni cinayət işi qaldırılıb. “Görünür ölkədə təsir altına düşməyən QHT-ləri yeni sürprizlər gözləyir”, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov bildirib.

QHT təmsilçiləri deputatlardan Azərbaycanda demokratiya və insan haqları ilə bağlı gözləntilərə yol verilməsini pisləyib. “Biz istəyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı demokratiyanın dəyərlərini aşağılamasınlar. Azərbaycanın demokratik ənənələri var, Sovet dövründən öncə ölkədə demokratik dövlət quruluşu olub. Ölkədə demokratiya və azadlıqlara çox böyük ictimai tələbat var. Azərbaycan insanı demokratiya və liberal dəyərlər uğrunda ardıcıl mübarizdir. Həbsdə çoxsaylı insanın olması da buna bir sübutdur”, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva qeyd edib.

Azərbaycan hüquq müdafiəçiləri AŞPA-nın iyun sessiyasına qədər ölkədəki siyasi məhbusların tam siyahısını və həbsin səbəblərini açıqlayacaq. “Vahid siyahıda dərhal həbsdən azad edilməli və barələrində dərhal məhkəmələrin keçirilməli olanlar qeyd ediləcək”, İnsan Hüquqlarının Müdafiəsi və Maarifləndirilməsi Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov bildirib.

İnsan Hüquqları Evləri Fondunun Tbilisidə və Yerevanda ofisi var. Azərbaycan hökuməti isə İnsan Hüquqları Evinin qadağan edilməsi barədə qərar verib. “Azərbaycan xarici işlər naziri bu gün insan hüquqları ilə bağlı suallara cavabda çox çətinlik çəkdi. O cavabda Azərbaycanı digər ölkələrlə müqayisə edirdi. İnsan hüquqlarının vəziyyəti başqa ölkələrlə deyil, beynəlxalq standartlar və öhdəliklərlə müqayisə edilməlidir. Azərbaycan sədrliyi dövründə bu sahədə dünyada daha da məşhurlaşacaq”, deyə İnsan Hüquqları Evləri Fondunun Cenevrə ofisinin təmsilçisi Florian İrminger qeyd edib.

Onun fikrincə Azərbaycan insan hüquqları sahəsində müsbət imic qazanması ilə bağlı iki fürsəti itirib. Bu Eurovision mahnı müsabiqəsi və prezident seçkiləri idi. Hər iki halda vətəndaşların dinc toplaşmaq azadlıqları pozulub. “Üçüncü məqam AŞ Nazirlər Komitəsinə sədrlik dövrüdür. Amma yenə də müsbət dəyişiklik görünmür. Azərbaycan Avropaya doğru deyil, Belorusa doğru gedir. Bir neçə il öncə Belorusda insan hüquqları fəalı vergidən yayınma ilə həbs edilib, Azərbaycanda isə Anar Məmmədov eyni ittihamla həbsdədir. 2009-cu ildən başlayaraq Azərbaycan qanunvericilikdə Belorusa uyğun dəyişiklikləri davam etdirir”.

Florian İrminger beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı da Belorusa qarşı olan münasibətləri sərgiləməyə çağırıb. “Beynəlxalq ictimaiyyət Belorusda olduğu kimi Azərbaycanda da hüquq müdafiəçilərini və QHT-ləri dəstəkləməli və maliyyə yardımı ayırmalıdır. İkincisi hüquq müdafiəçiləri dəstəklənməli və onların viza məsələlərinə baxılmalıdır. Beynəlxalq ictimaiyyət və diplomatik korpuslar Azərbaycanın vədlərinə inanmamalıdır, konkret hərəkətlər tələb etməlidir. AŞPA üzvləri ölkələrinin Azərbaycanla münasibətlərinin hansı amillərə əsaslandığını öyrənməli və ölkələrində bununla bağlı iş aparmalıdır”, o qeyd edib.
XS
SM
MD
LG