Accessibility links

İranlı siyasi məhbus: Azad seçkilərə dəstək verməliyik


Mustafa Taczadə

Mustafa Taczadə

“Ölkəni Liviya, Yəmən və Suriya gününə düşməməsi üçün İranda azad seçkilərin keçirilməsinə dəstək verməliyik”, Mustafa Taczadənin saxlandığı Evin zindanından yaydığı bəyanatda deyilir

Məhəmməd Xatəminin prezidentliyi dövründə İran daxili işlər nazirinin köməkçisi olmuş siyasi məhbus Mustafa Taczadə saxlandığı Evin zindanından bəyanat yayıb.

“Media forum” saytının məlumatına görə, Mustafa Taczadə deyib ki, islahatçı qüvvələr və islahat tərəfdarları 2013-cü ilin iyununda prezident seçkisinin tam azad keçirilməsinə çalışmalıdır.

“Hesab edirəm ki, azad seçkilərlə bağlı son hay-küylərdən qorxmaq lazım deyil. Biz azad seçkilərə dəstək verməli, bunun üçün gücümüzü səfərbər etməli və seçkinin tam azad keçirilməsinə çalışmalıyıq. Güman edirəm ki, qarşıdan gələn prezident seçkisi ya tam azad şəkildə, ya da, Allah eləməmiş, tam rüsvayçı tərzdə keçiriləcək.

Mən təkidlə bildirirəm ki, ölkənin nicat yolu azad seçkilərdən asılıdır. Həbsdə olmasaydım, azad seçkilərə dəstək vermək üçün böyük bir kampaniya yaradardım. Çünki bu, qanuni bir addımdır. Ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunub saxlanılmasını istəyən hər kəs ölkəmizin Liviya, Yəmən və Suriya gününə düşməməsi üçün İranda azad seçkilərin keçirilməsinə dəstək verməlidir”.

İranın dini lideri ayətullah Əli Xamneyi yanvarın 8-də Qum şəhərində bir qrup ruhani və “Bəsic” üzvləri ilə görüşərək son vaxtlar ölkə mediasında növbəti prezident seçkisi ilə bağlı işıq üzü görən yazılarda və müsahibələrdə bəzi rəsmilərin “azad seçki” ifadəsini tez-tez hallandırdığına toxunub.

“Seçki ilə bağlı bir sıra tövsiyələr verən şəxslər ayıq olmalı, bu sözləri ilə düşmənə yardım etməməlidirlər. Bu qədər deməyin ki, seçki azad olmalıdır. İranda islam inqilabının qələbə çaldığı gündən bu günə qədər keçirilmiş bütün seçkilər azad olub. Hansı seçki azad keçirilməyib ki? Düşmənin ölkədə seçkinin təntənəli keçirilməsinin qarşısını almaq üçün hazırladığı planlardan biri odur ki, seçki günlərində vətəndaşların başını siyasi, iqtisadi və ya təhlükəsizlik məsələsi və macəraları ilə qatsın. Lakin İran xalqı onların fikirləşdiyindən daha ayıqdır və düşmənə aldanmayacaq”, dini lider vurğulayıb.
XS
SM
MD
LG