Accessibility links

Ayətullah Xamneyi: İranda hansı seçki azad keçirilməyib ki?


Əli Xamneyi
Əli Xamneyi

“Seçki ilə bağlı bir sıra tövsiyələr verən şəxslər ayıq olmalı, bu sözləri ilə düşmənə yardım etməməlidirlər. Bu qədər deməyin ki, seçki azad olmalıdır”, İranın dini lideri bildirib

İranın dini lideri ayətullah Əli Xamneyi yanvarın 8-də Qum şəhərində bir qrup ruhani və “Bəsic” üzvləri ilə görüşərək qarşıdan gələn prezident seçkisindən danışıb.

2013-cü ilin iyun ayında İranda prezident seçkisi keçiriləcək.

“Media forum” saytının məlumatına görə, ayətullah Xamneyi son vaxtlar ölkə mediasında növbəti prezident seçkisi ilə bağlı işıq üzü görən yazılarda və müsahibələrdə bəzi rəsmilərin “azad seçki” ifadəsini tez-tez hallandırdığına toxunub.

“Seçki ilə bağlı bir sıra tövsiyələr verən şəxslər ayıq olmalı, bu sözləri ilə düşmənə yardım etməməlidirlər. Bu qədər deməyin ki, seçki azad olmalıdır. İranda islam inqilabının qələbə çaldığı gündən bu günə qədər keçirilmiş bütün seçkilər azad olub. Hansı seçki azad keçirilməyib ki?

Düşmənin ölkədə seçkinin təntənəli keçirilməsinin qarşısını almaq üçün hazırladığı planlardan biri odur ki, seçki günlərində vətəndaşların başını siyasi, iqtisadi və ya təhlükəsizlik məsələsi və macəraları ilə qatsın. Lakin İran xalqı onların fikirləşdiyindən daha ayıqdır və düşmənə aldanmayacaq”.

Son vaxtlar İranın keçmiş prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncani də mediaya müsahibələrində qarşıdan gələn prezident seçkisinin azad keçirilməsinin vacibliyindən danışıb.
XS
SM
MD
LG