Accessibility links

İsmayıllı hadisələri ilə bağlı həbs edilənlərin son sözü


Şəki məhkəməsinin qarşısı

Şəki məhkəməsinin qarşısı

Martın 11-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə müttəhimlərin yekun çıxışları davam edib.

Müttəhim Rəşid Məmmədov bildirib ki, yanvarın 23-də o, hadisə yerində yox, çayxanada olub.

Ceyhun Abbasov özünü günahkar saymadığını deyib və məhkəmədən xahiş edib ki, onun ailə vəziyyəti nəzərə alınsın.

Elşən İsmayıllı bildirib ki, yanvarın 24-də iğtişaşlar zamanı İsmayıllıda olmayıb.

İkinci qrup əlil Səxavət Səmədov etiraf edib ki, yanan “Çıraq” otelindən mebellərini qorumaq üçün çıxarıb və növbəti gün geri qaytarıb. O, məhkəmədən xahiş edib ki, səhhəti və ikinci qrup əlil olan anasının onun himayəsində olması nəzərə alınsın.

Vasif İbrahimov deyib ki, o, müsahibə verərək məmur övladlarının əhalini bu dərəcəyə çatdırdığını bildirdiyinə görə həbs olunub. Sonra deyib ki, o, rayon polis şöbəsinin rəis müavini Şöhrət Kərimovun göstərişi ilə həbs olunub. Belə ki, ona haqq verməyib. (V.İbrahimovun kiçik kommersiya obyekti var).

Xəyal Şirinov məhkəmədən xahiş edib ki, ailəsinin vəziyyəti, azyaşlı uşağının əməliyyat olunmasının vacibliyi nəzərə alınsın. Belə ki, evə qazanc gətirən yeganə şəxs odur.

REAL hərəkatının lideri İlqar Məmmədov qısa çıxış edib.Onun çıxışı bir qədər sonra vəkilləri tərəfindən açıqlanacaq.

O bildirib ki, Sovet imperiyasının süqutundan sonra keçmiş sovet məkanında bir neçə xanlıqlar yaradılıb ki, bunlardan biri də Azərbaycandır və burada insan hüquqları pozulur.

İ.Məmmədov deyib ki, onun seçkilərdə iştirakına imkan verməmək üçün həbs ediblər.

Prokurorun təklifinə (İ.Məmmədovun 8 il həbs olunması) görə, o, 2020-ci ilədək seçkilərdə iştirak edə bilməyəcək.

İ.Məmmədov bildirib ki, ondan ötrü mühüm olan məhkəmənin qərarı deyil, beynəlxalq birliyin münasibətidir ki, ABŞ, Avropa İttifaqı ölkələri səfirliklərinin, Avropa İttifaqı missiyası nümayəndələrinin məhkəmədə iştirakı sayəsində beynəlxalq birlik iş üzrə obyektiv təsəvvürə malikdir.

Sonra Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun çıxışı başlayıb.

Çıxış günün ikinci yarısında davam edəcək.
XS
SM
MD
LG