Accessibility links

Leyla Yunus: Hökumət xalqla demokratiya yolu ilə danışa bilmir


Leyla Yunus: Hökumət xalqla demokratiya yolu ilə danışa bilmir
Leyla Yunus: Hökumət xalqla demokratiya yolu ilə danışa bilmir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azərbaycanda insan hüquqları sahəsində son durum, mülkiyyət hüququ və onun mülkiyyətində olan institutun ofisinin uçurulması ilə bağlı danışıb. Rəsmi Bakı isə onun dediklərini təkzib edir.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində son durum, mülkiyyət hüququ və onun mülkiyyətində olan institutun ofisinin uçurulması ilə bağlı danışıb. Xanım Yunus “Qeyri-azad ölkədə-azad musiqi” kampaniyasının da üzvüdür.

Sual: Azərbaycanda insan hüquqları sahəsində son durumu necə qiymətləndirirsiniz? Müsbət və ya mənfi dəyişikliklər varmı?

Cavab: 2003-cü ildən sonra insan haqları sahəsində vəziyyət o qədər dəyişib ki, mən deməzdim ki, Azərbaycanı avtoritar polis rejimi idarə edir. Mən deyərdim ki, ölkəni mafiya idarə edir.

Sual: İnsan hüquqları sahəsində hansı dəyişikliklər baş verib?

Cavab: Ən birinci, qanun işləmir. Yəni, konstitusiya işləmir. Konstitusiyaya görə, Azərbaycanda söz azadlığı var, vətəndaşı evindən çıxarmaq olmaz, vətəndaş məhkəmədə hüququnu müdafiə edə bilər, insanı işgəncəyə məruz qoymaq olmaz. Ancaq görürük ki, Naxçıvanda işgəncə nəticəsində cavan oğlan öldü. Biz işgəncə ilə bağlı monitorinq aparırıq. 2006-cı ildən indiyədək 300-ə yaxın adam işgəncəyə məruz qalıb və 15 nəfərədək insan işgəncə nəticəsində ölüb. Bu şəxslərin hamısını adbaad sübutlarla öyrənmişik.

Ölkədə azad məhkəmə yoxdur. Vətəndaş öz hüquqlarını məhkəmədə müdafiə edə bilmir. Sonuncu məhkəmələr göstərdi ki, iyirmidən çox vətəndaş qanunsuz olaraq qazamata göndərilib. Siyasi sifarişlə insanlara 1 ildən 12 ilədək həbs verildi. Həbsə göndərilənlər İctimai Palatanın və İslam Partiyasının nümayəndələridir.

Sual: İctimai Palata və İslam Partiyasının fəallarının həbsi üçün əsas nə idi?

Cavab: Həbs üçün əsas, siyasi sifariş idi. Əsas odur ki, Azərbaycan iqtidarı ərəb inqilablarından qorxdu. Hökumət xalqdan qorxur, çəkinir. Hökumət xalqla demokratiya yolu ilə danışa bilmir, qanunla işləyə bilmir. İqtidar istəyir ki, hamı qorxu içərisində yaşasın. Vətəndaşlara qarşı siyasi repressiya yeritdilər. Görürsünüzmü, son illər ilk dəfə vəkillərə qarşı kütləvi təzyiqlər başlayıb. Vəkil öz professional borcunu yerinə yetirir, məhkəmədə insanların hüquqlarını müdafiə edir. Onsuz da müstəqil məhkəmə yoxdur. Məhkəmələr siyasi sifarişlə işləyir. Deyirlər üç il ver, üç il verir, deyirlər on il ver, on il verir. Vəkillər heç olmasa, hansısa arqumentləri gətirir. Bu vəkillərə də, indi təzyiqlər var.

Sual: Siz uzun müddət idi ki, Avropa ölkələrində səfərdə idiniz. Səfərdə olduğunuz vaxt Sizin rəhbərlik etdiyiniz institutun şəxsi mülkiyyətinizdə olan ofisi uçurulub. İndi bu sahədə durum necədir?

Cavab: İnsan hüquqlarının müdafiəsi təşkilatı kimi çox yaxşı işləyirdik və bizim çox yaxşı arxivimiz var idi. Bu il avqustun 10-da “Nyu-York Tayms” qəzetində Bakıda evləri qanunsuz olaraq uçurulan insanların hüquqları ilə bağlı müsahibəm dərc edildi. Müsahibədə demişdim ki, Azərbaycanda mafiya və kriminal rejim var, bu kriminal rejim korrupsiya mexanizmi qurub və korrupsiya mexanizmi nəticəsində 20 mindən çox adam öz evlərini itirib. İlin sonunadək bu rəqəm 60 minə çatacaq. Həmin məqaləyə görə, mənim evimi, yəni Sülh və Demokratiya İnstitutu, Minalar Əleyhinə Kampaniya, Qadın Krizis Mərkəzi yerləşən ofisimi elə həmin gün axşam vaxtı, saat 21-də qanunsuz olaraq, bütövlükdə uçurdular. Hətta, Stalin dövründə kulaklara qarşı belə, qanunsuz hərəkətlərə rast gəlinmir. Məhz bu səbəbdən də Almaniyanın insan haqları üzrə müvəkkili dedi ki, bu dövlətin vandalizmi aktıdır.

Sual: Siz, həmdə Eurovision-2012 mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə bağlı “Qeyri-azad ölkədə-azad musiqi” kampaniyasının üzvüsünüz. Bu sahədə vəziyyət necədir? Avropa tərəfdaşları Azərbaycan barədə hansı fikirdədir?

Cavab: Bu günlərdə Norveçdə Avrovision-un baş prodüseri Yan Olsenlə radioda müsahibə verdik. Orada bildirdim ki, Azərbaycanda insan hüquqları pozulur, siyasi məhbuslar var, mahnı müsabiqəsi ilə əlaqədar insanların evləri sökülür. Biz izah etdik ki, rok azad adamların musiqisidir. İnsanların hüquqları, söz azadlığı, mülkiyyət hüququ pozulan, siyasi məhbuslar olan, azad məhkəməsi olmayan Azərbaycanda azad mahnı oxumaq düzgün deyil. Bundan sonra, avqustun 31-də Avropa Yayım Şurasının sədri Azərbaycanda insan haqlarının, söz azadlığının, mülkiyyət hüququnun bərpa olunması, siyasi məhbusların azad edilməsi ilə bağlı bəyanatla çıxış etdi. Bəyanatdan bir aydan bir qədər çox vaxt keçib, amma nəinki vəziyyət dəyişib, əksinə siyasi məhbusların sayı artmaqda davam edir. Azərbaycanın baş nazirinin Avropa Yayım Şurasına göndərdiyi təminat məktubu isə Afrikada aparteid dövrünün bəyanatlarına bənzəyir. Baş nazir yazır ki, mahnı yarışması zamanı Azərbaycana gələnlərin söz azadlığı təmin ediləcək. Sual olunur, bəs Azərbaycan vətəndaşlarının söz azadlığı təmin olunmayacaq, belə qalacaq?

Müəllifdən: Azərbaycan hökuməti ölkədə bütün demokratik azadlıqların təmin edildiyini bəyan edir. Rəsmi Bakı vətəndaşların hüquq və azadlıqlarının hüquqi aktlarda tam təsbit edildiyini və bu azadlıqların reallaşdırılması üçün hökumətin ardıcıl iş apardığını bildirir. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə xanım Yunusun Avropa təşkilatları qarşısında Azərbaycanda insan haqlarının pozulması ilə bağlı verdiyi bəyanatların əsasının olmadığını deyib.

XS
SM
MD
LG