Accessibility links

Həşimli və onun doğmaları prokurorun çıxışını mənfi qəbul edib

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin işi üzrə dövlət ittihamçısı yekun sözlə çıxış edib.

Prokuror Həşimlini və iş üzrə ikinci təqsirləndirilən Təvəkkül Qurbanovu hər üç ittiham maddəsi:

206.3.2 (qabaqcadan əlbir olmaqla qaçaqmalçılıq),

228.2.1 (qanunsuz silah və döyüş sursatı əldə etmə, ötürmə, satma, saxlama, daşıma və ya gəzdirmə),

228.2.2 (qanunsuz silah və döyüş sursatı əldə etmə, ötürmə, satma, saxlama, təkrar törədildikdə) üzrə təqsirli bilməyi və 9 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib.

Həşimli və onun doğmaları prokurorun çıxışını mənfi qəbul edib. Onlar Qurbanova jurnalistə qarşı təxribatda iştiraka görə lənət oxumağa başlayıblar.

Məhkəmə iclasında fasilə elan edilib, fasilədən sonra müdafiə tərəfin çıxışı gözlənilir.

Həşimli özü bildirib ki, növbəti iclasda çıxış edəcək.

Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edilib. Martda həbs müddəti 3 ay uzadılıb.

Jurnalist ittihamlar üzrə özünü təqsirli bilmir və istintaq zamanı ondan guya müxalifəti maliyyələşdirən bəzi vəzifəli şəxslərə qarşı zorla ifadə alındığını bildirir. Ondan AXCP rəhbəri Əli Kərimliyə qarşı da ifadə verməyi tələb ediblər.
XS
SM
MD
LG