Accessibility links

İki gənc fəal N!DA işi ilə bağlı istintaqa çağırılıb


Bloger Etibar Salmanlı və Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadə

Bloger Etibar Salmanlı və Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadə

Etibar Salmanlı 6 saat dindirildikdən sonra sərbəst buraxılıb

Aprelin 9-da bloger Etibar Salmanlı və Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dindirilməyə çağırılıb.

Vəkil Nemət Pənahlı Amerikanın Səsinə bildirib ki, istintaq qanunvericiliyi pozaraq fəalları telefon vasitəsi ilə istintaqa dəvət edib. Vəkilin gümanına görə, gənclər son mitinqlərlə bağlı istintaqa şahid qismində dəvət edib.

“Qanunvericilikdə şahidin telefonla çağırılması nəzərdə tutulmayıb. Bu səbəbdən də gənclərin hansı cinayət işi üzrə, hansı qismdə dəvət edilməsi məlum deyil”, o qeyd edib.

İlkin Rüstəmzadə isə Amerikanın Səsinə bildirib ki, müstəntiq İbrahim Lənbəranski ona zəng edib və həbsdə olan N!DA Vətəndaş Hərəkatının fəalları ilə bağlı şahid qismində ifadə verəcəyini bildirib.

İlkin Rüstəmzadə bu gün vəkillə müqavilə bağladığından sənədləşmə işləri gecikib. Bu səbəbdən aprelin 10-da ifadə verəcək.

Etibar Salmanlı isə 6 saat dindirildikdən sonra sərbəst buraxılıb. “Dostlar 6 saatliq dindirmədən sonra mənim üstümdən “Molotov” (Molotov kokteyli nəzərdə tutur-red) çıvmadı. Hər şey yaxşıdır”, deyə o Facebook səhifəsində yazıb.

Xatırladaq ki, martın 7-də N!Da-nın fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu, martın 14-də Rəşad Həsənov həbs edilib. Martın 30-da “Nida”çı Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də isə Zaur Qurbanlı barəsində həbs qəti imlan tədbiri seçilib.

N!DA fəallarının hamısı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi (Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham olunur.

N!DA-çılar son mitinqlərdən sonra həbs edilib. Beynəlxalq insan haqları təşkilatları N!DA-çıları vicdan məhbusu kimi tanıyıb.
XS
SM
MD
LG