Accessibility links

Zaur Qurbanlı: Burada hər kəs qurbandır- hakim, təqsirləndirilən şəxs, üzəduran... rüsvayçı tamaşa oynanılır


Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı

Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı

NİDA Hərəkatının fəalı Zaur Qurbanlının məhkəməyə ifadəsini təqdim edirik

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Zaur Qurbanlı məhkəməyə ifadə verib. Maraqlı ifadəni təqdim edirik:

İttiham aktıma əsasən, mən Cinayət Məcəlləsinin 28,220.1 və 228.3-cü maddələri ilə ittiham olunuram. Mən hüquqşünas olduğumdan, bu hüquq normalarının dispozisiyalarında təsvir olunan cinayət tərkibləri ilə barəmdə olan cinayət işinin materiallarını müqayisəli təhlil edəcəyəm.

İlk olaraq isə israrla qeyd etməyi zəruri sayıram ki, əleyhimə yönələn ittihamlarda özümü təqsirli bilmirəm, onları qurama hesab edirəm. İttihamların bütün epizodları formal xarakter daşıyır və heç bir konkret fakta, tutarlı sübuta əsaslanmır. İş materiallarından aydın görünür ki, istintaqçılar fəaliyyətlərini məni və digər təqsirləndirilən şəxsləri həbs etmək onlara ittiham etmək tapşırığının icrasına yönəldiblər. Məhz bu səbəbdən iş üzrə təqsirləndirilən digər şəxslərin əksəriyyəti kimi mənə də münasibətdə hüquqi anlamda əhəmiyyət kəsb edə biləcək sübutları əldə edib onlara ədalətli qiymət vermək əvəzinə aşkar görünən qərəzliliyə yol verərək faktları təhrif etmək, mövsud olmayan hadisələri qurmaq yolu tutublar. Nəticədə yalanı sübut etmək mümkün olmadığından, ittihamların mətninə hətta şər-böhtan xarakterli olsa da, bir dənə də “fakt” yaza bilməyiblər.

Mən 1 ildir ki, istintaqçılarla ünsiyyətim zamanı, iş materialları ilə tanış olarkən, müdafiəçilərimlə söhbətlərimdə həbsimi hüquqi cəhətdən əsaslandıra biləcək heç olmasa bir dənə ağlabatan ifadə və ya dəlil axtarmışam, ittiham aktını ələk-vələk eləmişəm. Amma hələ də hansısa cinayəti törətməyim barədə ifadə və ya digər sübuta rast gəlməmişəm.

Məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışının başlandığı gün dövlət ittihamını müdafiə edən prokurordan da əleyhimə yönələn ittihamın mahiyyətini, hansı konkret əməllərimin cinayət hesab edilməsi ilə maraqlanmağa cəhd göstərdim. Mənim bu cəhdimin qarşısı “dövlət ittihamçısına sual verilə bilməz” qərarı ilə alındı. Əslində, cinayət prosessual qanunvericilikdə məhkəmə baxışının ilk iclasında dövlət ittihamçısı tərəfindən ittiham aktının nəticəvi hissəsinin, yəni ittihamların mətnlərinin elan edilməsi institutu hüquq nəzəriyyəsində bir qədər geniş mənada şərh edilir. Dövlət ittihamçısı tək mətni oxumaqla kifayətlənməməli, hər bir ittiham epizodu üzrə təqsirləndirilən şəxsin konkret əməllərini, onların cinayət hadisəsindəki rolunu, bu iddiaları təsdiq edən sübutları qısa da olsa, şərh etməlidir. Mənim təklifim də məhz bu məqamla əlaqədar idi.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 324.3 və 324.3.1-ci madddəsi dövlət ittihamçısının ittihamları elan etməsindən sonra məhkəmə iclasına sədrlik edənin də ittihamın mahiyyətini izah etmək vəzifəsini təsbit edir. Lakin mən bu izaha da nail ola bilmədim. Beləliklə, mənim üçün məhkəmə konkret hansı əməllərimə görə ittiham olunduğumu bilmədiyim bir şəraitdə başladı və bu günə qədər davam edir.

Cinayət Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə mən öz təqsirsizliyimi sübuta yetirməli deyiləm. Sübutetmə ittiham tərəfinin vəzifəsidir. Lakin, yuxarıda qeyd etdiyim səbəblər, həmçinin ibtidai istintaq və məhkəmə baxışı dövründə ittiham tərəfinin mənim təqsirli olduğumu sübuta yetirə bilməməsi, başqa sözlə sübutetmə vəzifəsinin öhdəsindən gələ bilməməsi məni təqsirsiz oluğumu özümün sübuta yetirməyimə vadar edir.

Əvvəlki məhkəmə iclaslarında NIDAnın bu məhkəmədə təqsirləndirilən şəxs qismində iştirak edən, habelə şahid qismində dindirilən rəhbərləri və sıravi üzvləri “NİDA” Vətəndaş Hərərkatının yaradılması, məqsədləri, fəaliyyət istiqamətləri, gördüyü işlər və keçirdiyi tədbirlər barədə yetərincə məlumat veriblər. Mən bu məlumatların doğru olduğunu təsdiq edirəm. Təkrar olsa da, qısa şəkildə bildirmək istəyirəm ki, biz “NİDA” Vətəndaş Hərəkatını 2011-ci il fevralın 4-də təsis etmişik. Hazırda “NİDA”nın təsisçilərdən bu hərəkatın üzvü olaraq qalan şəxslərin 75 %-i həbsdədir.

Biz “NİDA” yaranarkən, təyin etdiyimiz məqsədlərə, rəhbər tutduğumuz prinsiplərə və seçdiyimiz vasitələrə bu gün də sadiqik. Bunlar hansılardır? “NİDA”nın məqsədi Azərbaycanda azad və ədalətli cəmiyyət qurulmasına nail olmaqdır. Əsas prinsiplərimiz - tolerantlıq, mübarizlik, qanunun aliliyi, insan hüqüq və azadlıqlarının müqəddəsliyidir. İstifadə etdiyimiz üsul və vasitələrin ilk növbədə dinə və hüquqa zidd olmamasıdır.

“NİDA”nın təsisindən az sonra Müvəqqəti İdarə Heyətinə seçkilər keçirildi və mən də ona üzv seçildim, 2012- ci ilin sentyabrında yeni seçkilər keçirildi və mən bir daha İdarə Heyətinə üzv seçildim. Az sonra isə siyasi sifarişlə həbs olundum. O dövrdə mən Hökumət Evində fəaliyyət göstərən bank olmayan kredit təşkilatında işləyirdim. 15 sutka həbs şəzasını çəkdikdən sonra azadlığa çıxanda mən artıq işdən qovulmuşdum. Iş axtarma cəhdlərim və tez-tez müxtəlif şirkətlərə müsahibələrə getməm mənim “Nida’’dakı fəaliyyətimi ləngidirdi. Bizim Idarə Heyətində sədr yoxdur, ona görə mənim iclaslarda qeyri-sabit iştirakım qurumun fəaliyyətinə mənfi təsir göstərirdi. Bu səbəbdən 2012-ci il dekabrın 12-də İdarə Heyətinin üzvlüyündən istefa verməli oldum. Mənim yerimə Rəşadət Axundov seçildi. Lakin “NİDA”dakı fəaliyyətimi sıravi üzv kimi davam etdirirdim. İdarə Heyətinin hazırladığı layihələr üzrə koordinator, mart represiyyaları başlayandan sonra isə həbsdəki üzvlərimizin hüquqlarını qorumaqla məşğul olan şəxs təyin olundum. Yəni İdarə Heyətinin üzvü olub-olmamağımdan asılı olmayaraq “NİDA”da fəaliyyətim davam edirdi. Mən tam məsuliyyəti ilə bildirirəm ki, “NİDA”nın planlaşdırdığı və həyata keçirdiyi heç bir tədbir hüquqazidd olmayıb.

Bu məlumatları verməklə məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, “NİDA”da heç kimin hərəkata üzv olmaqla, yaxud İdarə Heyətinə üzv seçilərkən üzərinə qoyulan fərqli vəzifələr qoyulmayıb və ya fərqli səlahiyyətlər müəyyən edilməyib. Yalnız müəyyən konkret tədbirlə bağlı kiməsə konkret tapşırıqlar verilib və bu da mütləq sənədlərdə əks etdirilib.

Bu cür təşkilatlanma ittiham tərəfindən tamamilə yanlış olaraq, amma aydındır ki, xüsusi qərəzliliklə və yalnız bizim məsuliyyətimizi süni şəkildə ağırlaşdırmaq məqsədi ilə “mütəşəkkil dəstə” adlandırılıb. Bu qəfəslərin arxasında oturdulan şəxslərin çoxunun hətta “NİDA”nın daxilində bir-biri ilə sıx və sabit əlaqələri olmayıb. Bu əlaqələr barədə məhkəmə iclasında kifayət qədər məlumatlar verilib, mən də bu əlaqələr haqqında, kiminlə hansı münasibətdə olduğum barədə məlumat vermişəm və onları təkrarlamağa ehtiyac yoxdur. Yalnız onu demək kifayətdir ki, təqsirləndirilən şəxslər bu tərkibdə ilk dəfə məhkəmə zalında bir yerə toplaşıblar.
İstintaq tərəfindən “mütəşəkkil dəstə” kimi qələmə verilən təqsirləndirilən şəxslərin hansının hansı rolu oynadığı, kimin kimə və hansı əlamətlərinə görə tabe olduğu, nəhayət dəstənin nə vaxt, hansı niyyətlə yaradıldığını, başçısının kim olduğunu təyin edə bilən heç bir sübut, yaxud sübuta oxşayan qeyri-rəsmi məlumat da əldə edilməyib.

İttiham tərəfinin “mütəşəkkil dəstə” dediyi birlikdə 28 fevral 2013-cü il tarixdə günorta saatlarında Venesiya kafesində keçirildiyi uydurulan “görüş”də iştirak edənləri, yaxud həbs edilənləri və ya bütün “NİDA”çıları nəzərdə tutduğunu ayırd etmək mümkün deyil. Hər halda bu günə qədər keçirilən məhkəmə iclaslarında tədqiq olunmuş sübutlardan bunu aydınlaşdırmaq olmur. “NİDA”nın “qapalı toplantıları”, “qapalı iclasları” ifadələri “mütəşəkkil dəstə” uydurmasını bəzəməkdən başqa bir şey deyil. Bu üslub dövlət ittihamçısının məhkəmədə dindirilən şəxslərə suallarında tez-tez “qapalılıq” məsələsini qabartması ilə də davam edir.

Ona görə də “qapalılıq” məsələsinə aydınlıq gətirməyi zəruri hesab edirəm. İlk olaraq qeyd edim ki, “qapalılıq” iclasa, yaxud toplantıya aid edilməklə ona cinayət xarakteri vermir. Lakin məsələ burasındadır ki, “NİDA”da heç vaxt toplantı və ya yığıncaq sözlərinin qarşısında “qapalı” ifadəsi işlədilməyib.

“NİDA”nın üzvləri müxtəlif formatlarda müxtəlif toplantılarda iştirak ediblər. Yalnız “NİDA” üzvlərinin və ya “NİDA”nın İdarə Heyətiin üzvlərinin toplantıları digər iclaslardan fərqlənib. Bu digər iclaslar “NİDA”nın üzvlərinin də qatıldığı tədbirlər, aksiyalar və ya dəyirmi masalar olub. Hərəkatın özünün isə qeyd edtiyim kimi iki formatda rəsmi toplantıları keçirilib. Bu toplantılarda yalnız “NİDA”çılar iştirak edə bilərdi. Çünki belə iclaslarda iştirak dəvət əsasında baş verir. “NİDA”nın ümumi toplantılarına onun bütün üzvləri, İdarə Heyətinin toplantılarına isə İdarə Heyətinin üzvləri dəvət edilib.

Qeyri-təvazökarlıq kimi səslənsə də deməliyəm ki, “NİDA”çılar arasında bir qədər nüfuzum var, “NİDA”nın təsisçilərdənəm, lakin mənim də 2012-ci ilin 12 dekabrından sonra İdarə Heyətlərinin iclaslarında iştirakım mümkün deyildi. Yalnız Koordinator kimi iştirak etdiyim layihələrlə əlaqədar hesabat verməkdən ötrü, o da İdarə Heyəti lazım bildiyi hallarda məni iclaslarına dəvət edə bilərdi. Belə hallarda da hesabat verdikdən sonra dərhal oranı tərk etməli idim. Bunu istəsəniz qapalı, hətta sirrli də adlandıra bilərsiniz. Adi dildə isə bu hər hansı təşkilatda daxili intizam qaydaları adlanır.

Təbii ki, burada oturdulan şəxslərin iştirakı ilə heç bir mütəşəkkil dəstə olmayıb, mən də heç vaxt, heç bir cinayətkar qruplaşmalarda iştirak etməmişəm. Hazırki işdə digər təqsirləndirilən şəxslərlə yanaşı mən özümün də bu əcaib “mütəşəkkil dəstə”də hansı rolda olduğumu, hansı öhdəliklər daşıdığımı tapa bilməmişəm və heç kimin dilindən də eşidə bilmirəm.

Mən “mütəşəkkil dəstə”nin anlayışı, tövsifedici əlamətləri barədə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumlarının qərarları ilə, cinayət hüquq nəzəriyyəsinin konkret müddəaları ilə tanışam. Əminəm ki, hakimlər və dövlət ittihamçısı da bunları bilirlər. Onları təkrarlamağa lüzum yoxdur. Yalnız onu xatırlatmaq istəyirəm ki, mütəşəkkil dəstəyə onun tərkibində və təşkilati qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlər xas olmaqla, belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir, başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir, birlikdə cinayətlərin törədilməsi üçün uzunmüddətli və çoxepizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır. Mütəşəkkil dəstədə daha çox təşkilatlanma, habelə fəal və nüfuzlu iştirakcıların asanlıqla ayrılması mümkündür. Belə cinayətkar qrupda ictimai mənafelərə zidd qurumlaşma və şəxsi münasibətlərlə yanaşi, cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür.

Mütəşəkkil dəstəyə cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması kimi xüsusiyyətlər xasdır.

Məhkəmə-istintaq təcrübəsində illər ərzində formalaşmış bu müddəalar prizmasından baxdıqda, bizim işimizdə “mütəşəkkil dəstə” ittihamının faktiki və hüquqi əsasları olmadığına əmin olursan.

Əleyhimə yönələn digər ittihamlar da eyni dərəcədə qüsurludur. Ümumiyyətlə, şərdən və böhtandan müdafiə olunmaq və günahsızlığını sübut etmək çətin olur. Şər rəsmi orqanlar tərəfindən atılanda, yaxa qurtarmaq daha da çətin olur. Şər, böhtanı hüquqi cəhətdən incələmək də asan deyil.

Digər tərəfdən yuxarıda qeyd etdiyim kimi, mənə istinad edilən əməllərin nədən ibarət olduğunu da bilmirəm. Mənə elə gəlirdi ki ibtidai istintaq orqanı bunu bilərəkdən ciddi cəhdlə bunu məndən gizlədir. Lakin məhkəmədə də bu suala cavab almayanda əmin oldum ki, bu konkretliyi ittihamçılar özləri də bilmirlər.

Ona görə də mən sadəcə cinayət işinin materialları, məhkəmədə tədqiq olunan sübutlar baxımından ittiham olunduğum maddələri təhlil edib nəticələrimi şərh etməyə çalışacağam. Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə məni məsuliyyətə cəlb etmək üçün ilk növbədə partlayıcı maddənin mövcud olması, daha sonra onun mənim tərəfimdən qanunsuz əldə edilməsi, daşınması, saxlanması, başqa kiməsə verilməsi, yaxud satılması sübuta yetirilməli idi. Mən heç vaxt qanunla azad dövriyyəsi qadağan olunan əmlaka, o cümlədən silah və ya partlayıcı maddələrə malik olmamışam.

Bu işdə, ümumiyyətlə, kimdə isə partlayıcı maddə olduğu sübuta yetirilməyib. Partlayıcı maddə, “Molotov kokteyli” və sair ittihamedici əşyalar Bəxtiyar Quliyevin, Şahin Novruzlunun və Məmməd Əzizovun yaşayış yerlərinə ora baxış-axtarış adı ilə gələnlərin özləri tərəfindən qoyulub. Buna şübhə etmirəm. Digər tərəfdən onların rəsmiləşdirilərək götürülməsi zamanı kobud qanun pozuntularına yol verilib. Bu isə o deməkdir ki, hətta bu əşyalar olduğu halda belə, bu qanun pozuntularına görə onlar sübut kimi qəbul edilməməlidir. Digər tərəfdən, “Molotov kokteyli” alışdırıcıdır.

“Molotov kokteyli”ni Bəxtiyargilə və Şahingilə qoyub-götürənlər, görünür bunun cinayət məsuliyyəti yaratdığını bilməyiblər. Biləndən sonra isə onlara bər-bəzək vuraraq partlayıcı maddəyə bənzədiblər. İş materiallarına əlavə edilən videogörüntülərdən bu aydın görünür.

Cinayət Məcəlləsinin 220.1-ci maddəsinin dispozisiyasında təsvir olunan cinayət formal tərkiblidir. Kütləvi iğtişaşları təşkil etmə cinayəti ictimai-təhlükəli nəticənin baş verib verməməsindən asılı olmayaraq, təşkilatçılıq həyata keçirildiyi andan başa çatmış sayılır. İbtidai istintaqın səriştəsiz aparılması ona gətirib çıxartdı ki, biz formal tərkibli cinayətə hazırlıqda ittiham olunduq. 220.1-ci maddənin dispozisiyasında “təşkil etmə”sözü var. Yəni ittiham aktında iddia olduğu kimi biz iclasda mütəşəkkil dəstə kimi kütləvi iğtişaş təşkil etmişiksə, demək ki, 220.1-ci maddədəki cinayəti törətmişik. Yəni həmin Məcəllənin 28-ci maddəsinin ittihama elavə edilməsi absurddur. Bizi 28-ci maddə məsuliyyətə cəlb etmək zərurəti ordan irəli gəlib ki, biz 10 mart mitinqində iştirak etmişik və orada heç bir kütləvi iğtişaş qeydə alınmayıb.

220.1-ci maddənin obyektiv cəhətinə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə aiddir. Bizi bu iki hərəkətdən birinə hazırlaşmaqda ittiham edirlər. 10 mart aksiyası kütləvi iğtişaş idisə, biz orada iştirak etdiyimizə görə bu cinayətə hazırlıq yox onun başa çatdırılması kimi qiymətləndirilməli idi. 28-ci maddə ilə bizə ittiham verilməsindən aydın olur ki, biz kütləvi iğtişaşda iştirak etməmişik. Lakin bu iğtişaşa hazırlaşmada da ittiham oluna bilmərik, çünki mitinq baş tutub və şəxsən mən orada “soyuq duş” altında iştirak etmişəm.

Deməli, bizə aid edilən 28-ci maddə kütləvi iğtişaşlarda iştiraka hazırlığı nəzərdə tutmur. Qalır iğtişaşları təşkil etməyə hazırlıq. Bu isə mümkün deyil. Ən azı ona görə ki, ittiham tərəfi bizi təşkilatçılığı həyata keçirməkdə, əməlin obyektiv tərəfini başa çatdırmaqda ittiham edir. Burdan görünür ki bizə atılan böhtan 220.1-ci maddəni ya tam əhatə edir, ya da istisna edir. Burada hazırlıq mümkün deyil. Dövlət ittihamçısı məndən daha təcrübəli və böyük ehtimalla daha savadlıdır.

Bəs nə səbəbdən bu boyda uğunsuzluğu görmür? Cavab birdir - çünki siyasi sifarişdən kənara çıxıb çıxa bilmir.
Kütləvi iğtişaş təşkil etmə sözlə və ya bir-iki butılka ilə əmələ gəlmir. Bu terminin də kifayət qədər detallı nəzəri və praktiki təhlilləri var. Bu işdə isə kütləvi iğtişaş təşkil etmə cinayətini məhz butulka və söhbətlərin mövcudluğu iddiası ilə sübuta yetirilmiş hesab edirlər. 220-ci maddə ilə üzləşdiyim ittihama da münasibətim eynidir. Bu cinayət hadisəsi olmayıb, nə mən, nə də burada oturdulan digər şəxslər nəinki bu cinayəti törətməmişik, heç bu niyyətdə də olmamışıq. Bir dənə olsun çıxışımızda, yazışmamızda kiməsə qarşı zorakılıq planlamamışıq, ümumiyyətlə, bu mövzu heç vaxt aramızda müzakirə olunmayıb.

Bununla belə mən əleyhimə olan ittihamları əsaslandırmaq üçün istifadə edilən “sübutlar”a münasibət bildirəcəm. Bununla əlaqədar ilk olaraq bir məsələni qeyd etmək istəyirəm. İş materiallarında 228 və 220-ci maddələrlə nəzərdə tutulan cinayətlərin 28 fevral 2013-cü il tarixdə Venesiya kafesində törədildiyi iddia edilir. Şahid kimi qələmə verilən, əslində isə heç nədən xəbəri olmayan, bizi tanımayan, amma ittihamın ən dəyərli sübut daşıyıcısı Anar Abbasovun məhkəmədə verdiyi ifadəsinə Venesiya kafesindəki görüşün vaxtı daha dəqiq - təxminən saat 15:00 göstərilir. İstintaqı qətiyyən maraqlandırmayıb ki, həmin tarixdə, həmin saatda mən, əslində, harada olmuşam? Səbəbi aydındır. Çünki bizi həbs edənlər Abbasovun ifadəsinin yalan olduğunu sübuta yetirməkdə maraqli deyildilər, indi də maraqlı deyillər.

Əksinə, onlar bütün həqiqətləri ayaqlamağa hazır idilər ki, təki bu ifadələri təsdiq etsinlər. Lakin faktları gizlətmək yaxud təhrif etmək o qədər də asan deyil. Məsələ burasındadır ki, mən fevralın 28 də, 2013-cü ildə Venesiya kafesində ola bilməzdim. Azərbaycanda yaradıcılıq azadlığını qoruyan yazarların birləşdiyi Azad Yazarlar Ocağı AYO fəaliyyət göstərir. Mən bu qurumun üzvüyəm. AYO müxtəlif kitablar nəşr edir və mütəmadi olaraq bu kitabların satış kompaniyasını təşkil edir. Növbəti belə kompaniyamız məhz 28 fevral 2013 cü ildə saat 15.00-a Müsavat Partiyasının Mərkəzi Qərargahına təyin edilmişdi. Mən bu tədbirin təşkilatçılarından biri idim. Ona görə də saat 12.00-13.00 radələrində yaşadığım mənzildən çıxıb kampaniyanın keçirildiyi yerə 1 saat əvvəl, saat 14.00-da gəlmişdim. Müsavat Partiyasının Mərkəzi Qərargahı 7-ci Mikrarayonda, “Venesiya” kafesindən 10 kilometrdən də uzaq məsafədə yerləşir. Həmin tədbirdə könüllü satıcı qismində iştirak etmişəm.

Tədbir təxminən saat 17.30-da başa çatıb və mən təhvil-təslim etdikdən sonra saat 18.00-da 7-ci Mikrorayondan çıxıb şəhərin mərkəzinə indi olduğumuz Məhkəmənin binasından bir qədər yuxarıya – Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yeni tikilmiş binaya gəlmişəm. Orada Azad Fikir Universitetinin ofisi yerləşirdi. Bu ünvan Venesiya kafesindən təxminən 2 km məsafədədir. Həmin gün saat 19.00-da Azad Fikir Universitetində tanınmış bəstəkar Elmir Mirzoyevin “1913” adlı mühazirəsi olacaqdı. Mən həmin mühazirədə dinləyici kimi iştirak etmişəm. Saat 21.00-da mühazirədən sonra AFU-nu tərk etmişəm.

Bundan sonra Nizami küçəsinə gedib orada dostlarımla görüşmüşəm, sonra isə Xırdalan şəhərinə evə qayıtmışam və həmin gün daha evdən çölə çıxmamışam. Gördüyünüz kimi, 28 fevral 2013 cü il tarixində mən nəinki “Venesiya”kafesində olmamışam, hətta o kafeyə bir neçə kilometrdən az məsafəyə yaxınlaşmamışam. İttiham aktında adları Venesiya kafesindəki iclasın iştirakçıları kimi çəkilən digər şəxslərin bir neçəsi, məsələn, Üzeyir Məmmədli kitab satışında və AFU-dakı mühazirədə iştirak ediblər. Bu tədbirlər sosial şəbəkələrdə və mətbuatda işıqlandırılıb, mənim tədbirlərdə şəkillərim var.

Bunlar məhkəməyə ayrıca vəsatətlə təqdim ediləcək. Bundan başqa, həmin dövrdə mən “NIDA”nın Idarə Heyətinin üzvü deyildim. Üzeyir Məmmədli isə üzvü idi. Əgər həmin gün saat 15.00-da Idarə Heyətinin iclası təyin edilmiş olsaydı, Üzeyir mənimlə kitab satışında yox, orada olardı.

Beləliklə, mən 28 fevral 2013-cü il tarixdə Venesiya kafesinin həndəvərində belə olmamışam. Bunun əksini deyənlər yalan danışır.

İstintaq materiallarında 2 dindirmə protokolu var ki, mənim adımı görmək mümkündür. Bunlardan biri Məmməd Əzizovun, digəri isə Anar Abbasov adlı şəxsin ifadəsidir.
Başlayaq Məmməd Əzizovun ifadəsindən. Cinayət işinin materiallarına Məmməd Əzizovun həbs edildiyi gün öz əli ilə yazdığı izahat və 4 dindirmə protokolu əlavə edilib. Yalnız 8 və 9 mart 2013 cü il tarixli dindirmə protokollarında fevral ayının axırlarında “Venesiya” kafesində görüşüb martın 10-da baş tutacaq mitinqdə “Molotov kokteyli”ndən və tüstü şaşkalarından istifadə edilməsini planlaşdıran 8 nəfərin arasında mənim də adım qeyd olunub. Aşağıdakı səbəblərə görə bu ifadə sübut kimi qəbul edilə bilməz.

1) Məmməd Əzizov sentyabrın 14-də verdiyi ifadəsində həmin dindirmə protokollarını işgəncə və təzyiqlər altında imzaladığını, əslində heç vaxt heç bir mütəşəkkil dəstədə iştirak etmədiyini, kütləvi iğtişaşlar törətməyi planlaşdırmadığını bildirib. Məhkəmədə ifadə verərkən də o, bu ifadələrini təkrarladı və ona protokolların imzalatdırılmasını daha təfsilatı ilə izah etdi. Beləliklə, Məmməd Əzizovun adından yazılan və ona imzalatdırılan protokollardakı mətnlər sübut hesab oluna bilməz. Məmməd Əzizovun səmimi olduğu, digər sübutlarla da, o cümlədən Venesiya kafesində ifadələrdə yazılan tərkibdə iclasların olmadığı ilə təsdiq edilir. Bu mətnlər istintaq, MTN əməkdaşlarının qeyri-sağlam təxəyyülünün məhsuludur. CPM-nin 125.2.2-ci maddəsinə görə zorakılıq,hədə-qorxu, aldatma, işgəncə və digər qəddar qeyri-insani, yaxud ləyaqət alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsinə yol verilmir. Əslində bu dindirmələr barədə dediklərimlə kifayətlənməliyəm. Çünki sübut olunmayan bir şey haqqında müzakirə aparmaq lazımsız vaxt itkisidir.

2) Qeyd etdiyim dindirmə protokollarında adları çəkilən 8 nəfərdən 4-ü cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu da o deməkdir ki, istintaq özü bu ifadələri sübut kimi qəbul etməyib. Əks təqdirdə bu “mühüm” sənədin tələblərini pozmaz və cinayət “törətməkdə” adları çəkilən hər kəsi cinayət məsuliyyətinə cəlb edərdi, yoxsa əlli-əlliyə variantını seçib 4 nəfəri həbs etməklə kifayətlənməzdi.

3) 28 fevral 2013 cü il tarixdə nə Venesiya kafesində, nə də başqa yerdə dindirmə protokollarında göstərilən görüş, ümumiyyətlə, olmayıb. Bunu bizim dediklərimizə inanmayıb başqa üsullarla da yoxlamaq olardı. İstintaq orqanı yuxarıda göstərdiyim səbəblərdən, öz ssenarisini pozmamaq üçün bundan imtina edib. Məhkəmə özü də çox asanlıqla bizim ifadələrimizin səmimiliyini yoxlaya bilər. Adları iclasın iştirakçıları kimi göstərilən şəxslərin, o cümlədən mənim də istifadəmizdə olan mobil telefon nömrələrinin danışıq cədvəli və anten göstəricilərini əldə edib müəyyənləşdirmək olar ki, həmin tarixdə biz haralarda olmuşuq və əmin olmaq olar ki, nə bu formatda görüşmüşük, nə də “Venesiya” kafesində olmuşuq. Məhkəmənin bu məlumatları əldə etməsi hələ də gec deyil. Həmin məlumatlar əldə edilsəydi, mənim məhkəmə prosesində nəinki ifadə verməyimə, ümumiyyətlə, iştirak etməyimə ehtiyac qalmazdı. Lakin söhbət əlbəttə, hər vəchlə ittihamı təsdiq etməyə səy göstərən məhkəmədən yox, ədalətli və qərəzsiz, ən əsası isə müstəqil məhkəmədən gedir.

4) İfadələrdə göstərilir ki, fevralin 28-de olan görüşdə “Əsgər ölümlərinə son “ aksiyasının təşkil edilməsi və martın 10-a təyin olunması qərara alınıb. Məhkəmə iclasında dindirilən şəxslərdən və məhkəməyə təqdim edilən sübutlardan, xüsusilə Facebook sosial şəbəkəsindən iqtibas gətirilən yazışmalardan aydın görünür ki, aksiyanın kecirilməsinə səbəb olan əsgər ölümü faktı haqıında məlumat 2013 cü il martın 1-də gecə saatlarında yayılıb. Yəni fevralın 28-də martın 1-də baş verəcək hadisə ile bağlı hər hansı qərar qəbul edilə bilməzdi.

5) Nəhayət, bir anlığa xəyal etsək ki, həmin ifadələrdə göstərilənlər doğrudur, bu halda da bizim iddia edilən “əməllərimiz” cinayət məsuliyyəti yaratmır.

Keçək MTN-in ştatdankənar işçisi olduğu şübhə doğurmayan Anar Tapdıq oğlu Abbasovun istintaqda verdiyi ifadəsinə. Bu, mənə qarşı və dostlarıma qarşı yönələn ittihamların əsas sübutu sayılır. Bu adam ifadəsində qeyd edir ki, mən digər təqsirləndirilən şəxslərin 3-ü və şəxsiyyəti bilinməyən “digərləri” ilə birlikdə “Venesiya” kafesində “Molotov kokteyli” vasitəsilə dövlət çevrilişi etməyin mümkün olacağını bildirmişəm. Mən bu Abbasovu tanımıram. İlk dəfə onun üzünü burada, o, ifadə verəndə görmüşəm. O da məni tanımır. Ola bilsin şəklimi göstəriblər, ola bilsin ki, başqa üsulla məni tanıdıblar. Lakin heç vaxt, heç yerdə bu adama rast gəlməmişəm.

Hesab edirəm ki, aşağıdakı dəlillər nəzərə alınmaqla bu ifadənin də sübut kimi qəbul edilməsi mümkün deyil.

1) Bayaq dediyim kimi, 28 fevral 2013-cü il tarixdə belə bir iclas olmayıb və mən orada olmamışam.

2) Biz əvvələr “Venesiya”kafesində yığışardıq. Son dövrlərdə-2013-cü ilin yanvar-fevral aylarında isə görüşlərimiz bir qayda olaraq, ”Xəqani” Ticarət Mərkəzinin Binasındaki kafedə olurdu.

3) Venesiya kafesi səs-küylü olur. Ümumi zalda bir masa arxasında oturanlar bir-birini zorla eşidir. Ona görə də biz həmin kafedə görüşəndə hər dəfə ayrıca, qapısı bağli kabinetdə otururduq. Bu Abbasov bizim bağlı qapı arxasında nə söhbət etdiyimizi dinləyə bilməzdi.

4) Abbasovun bizim masa arxasında oturması da mümkün deyil. Çünki, əgər söhbət “NİDA” VH-nın İdarə Heyətinin üzvlərinin iclasından gedirsə, həmin iclaslarda İdarə Heyətinin üzvü olmayan heç kim, hətta hərəkatın ən feal və tanınmış üzvləri belə iştirak edə bilməzdilər. Abbasov isə heç vaxt “NİDA”nın üzvü olmayıb. Onu heç kim tanımırdı, İdarə Heyətinin iclasında ola bilməzdi. Məhkəmə prosesindəki sual-cavabdan aydın oldu ki, Abbasov heç Venesiya kafesini də tanımır. Onun məhkəmədə verdiyi ifadəsində, istintaqçılar tərəfindən tərtib edilən ifadələrdən fərqli olaraq adlarını cəsarətlə çəkdiyi şəxsləri tanımadığını bildirdi.

5) Mən artıq qeyd etmişəm ki, İdarə Heyətinin üzvü olmadığımdan, onun iclaslarında iştirak edə bilməzdim. Yəni Abbasov bu iclasları açar deşiyindən izləsəydi də məni 2012-ci il 12 dekabrından sonrakı iclaslarda görə bilməzdi. Bu tək mənə aid deyil. O, Məmməd Əzizovu da, Bəxtiyar Quliyevi də, Şahin Novruzlunu da, İlkin Rüstəmzadəni də bu iclaslarda görə bilməzdi.

6) Abbasovun yalanlarını bir anlığa həqiqət kimi qəbul etsək belə, onları təhlil edib görəcəyik ki, burada da cinayət tərkibi aşkarlamaq mümkün deyil. Belə ki, bizim Cinayət Məcəlləmizin Xüsüsi Hissəsinin bütün 254 maddəsinin heç birində “Molotov kokteyli” ilə dövlət çevrilişi etmək mükündür” ifadəsini işlətmək faktının cinayət məsuliyyəti yaratdığı qeyd olunmayıb. Amma istintaq bu Abbasovun heç bir ittiham effekti kəsb etməyən ifadəsindən belə nəticə cıxarıb ki, mən 228.3-cü maddədə təsvir olunan cinayəti törətmişəm və 220.1-ci maddədə göstərilən cinayəti törətməyə hazırlaşmışam.

Elə isə buna oxşar cümləni indi işlədirəm: “Kalaşnikov avtomatları ilə dövlət çevrilişi etmək mümkündür.
Cinayət Prosesual Məcəllənin 39.1.1-ci maddədə cinayət təqüibini istisna edən hal, 42.1.1-ci maddədə isə bəraət hökmü çıxarılması üçün əsas kimi “cinayət hadisəsinin olmadığı” təsbit edilir. Biz ikinci kursda bu mövzunu öyrənərkən, bu əsasa xeyli gülmüşdük. Məsələn, “əməldə cinayət tərkibinin olamaması” əsası (39.1.2-ci maddə) anlaşılandır. Əməl törədilib lakin məlum olur ki, əməldə cinayət tərkibinin hansısa tövsifedici əlaməti yoxdur. Lakin, ümumiyyətlə, belə əməlin mövcud olmaması halında işin hüquq mühafizə orqanlarına gəlib çatması, bizə gülməli görünmüşdü. İndi biz bu maddəni tətbiq olunmasını zəruri edən vəziyyətdəyik. Yəni biri var hansısa əməl törədilsin, amma məlum olsun ki, bu cinayət əməli deyil (42.1.2-ci maddə), biri də var əməl olmasın.

Təsəvvür edin, cinayət hadisəsi yoxdur, amma 6 aydır ki məhkəmə gedir. İndi isə qrup yoldaşlarımdan birinin də bu tragikomik cinayət tərkibini həyata keçirməsi nəticəsində mən bu cəfəngiyyatın tam ortasındayam. Ona görə də hüquqi analizi bundan artıq davam etdirməyim mənasızdır. Hüquq filanı bir kənara qoysaq da, vəziyyət acınacaqlıdır. Bu zalda hər kəs qurbandır. Hərənin də öz rolu var. Bir qrup avtokrat tərərfindən bəzi vətəndaşlarımıza hakim, bəzilərinə təqsirləndirilən şəxs, bəzilərinə üzəduran və s. vəzifəsi verilib, rüsvayçı tamaşa oynanılır.

Mən həm də bir hüquqşünas kimi məhkəmələrimizin teatra çevrilməsinin əleyhinəyəm. Ona görə də, məsələn, formal prosedurların - məhkəmə ilə danışanda ayağa durmaq, məhkəməyə hörmətlə müraciət etmək kimi qaydalara riayət edilməsinin tərəfdarıyam. Övladlarımızın eləcə də bizi izləyən xarici səfirliklərin nümayəndələrinin bizi ekzotik ölkə vətəndaşı kimi görmələrini istəmirəm. Mən istərdim ki, dövlət ittimaçısı ittihamdan imtina edib prosesin davam etdirilməməsinə səy göstərsin. İstərdim ki, bizə hər hansı əməli törətmə ittihamı olmadan ittiham hökmü oxunmasın.

Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bizim işimizi araşdıran məhkəmənin bu kriteriyalara cavab verməsini və hər birimizin barəsində bəraət hökmü çıxarmasını istəyirəm.

Fürsətdən istifadə edib, məhkəmə prosesini mütəmadi izləyən xarici ölkə səfirliklərinin əməkdaşlarına, beynəlxalq təçkilatların nümayəndələrinə, jurnalistlərə təşəkkür edirəm.
XS
SM
MD
LG