Accessibility links

Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı 14 şikayətin kommunikasiyasına başlayıb


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Şikayətlər azad seçki hüququnun pozulması ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsində 2010-cu il parlament seçkiləri ilə bağlı 14 şikayət üzrə kommunikasiya mərhələsi başlayıb. Bu barədə şikayətçilərdən biri, vəkil Xalid Bağırov bildirib.

X.Bağırovdan başqa şikayətçilərin sırasında REAL hərəkatının icraçı katibi Natiq Cəfərli, vəkil Ənnağı Hacıbəyli, gənc müsavatçı Səxavət Soltanlı, AXCP-dən Arzuman Məcidli, Təzəxan Mirələmli və Xalid Bahadır, Vüqar Sabiroğlu, Elnur Məcidli, Pərviz Həşimli, Ziyafət Hüseynli, Əli Qasımlı, Akif Cavadov və Eyyub Umudov da var.

Şikayətlərdə insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokoluna əsasən 3-cü maddənin (azad seçki hüququ) pozulması göstərilib. Şikayətlər 2010-cu il parlament seçkilərində total seçki saxtakarlıqları, seçkidə namizədliyə iddialıların qeydə alınmaması və digər pozuntularla bağlıdır.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev bildirib ki, 2010-cu ilin parlament seçkiləri ilə bağlı Strasburqa 120-dən çox şikayət göndərilib.

“2005-ci ilin parlament seçkilərilə bağlı şikayətlərdə olduğu kimi, 2010-cu il üzrə işlərdə də total seçki saxtakarlıqları, o cümlədən hakimiyyət qurumlarının seçki prosesinə qanunsuz müdaxiləsi, dövlət resurslarından bir partiyanın və onun namizədlərinin xeyrinə istifadə, ayrıseçkilik, seçki komissiyalarında və məhkəmələrdə şikayətlərin ədalətli araşdırılmaması və digər kobud pozuntulardan bəhs olunur”.

“Hesab edirəm ki, Azərbaycan hökumətinə bu məsələlərlə bağlı Avropa Məhkəməsinin verdiyi suallara arqumentli cavablar tapmaq o qədər də asan olmayacaq”, - İ.Əliyev deyib.

Bundan öncə Avropa Məhkəməsi 2005-ci il in parlament seçkiləri ilə bağlı 11 şikayətə mahiyyət üzrə baxaraq onun müəlliflərinin azad seçki hüququnun pozulduğunu təsdiqləyib.
XS
SM
MD
LG