Accessibility links

AŞPA prezidenti Azərbaycan vətəndaş cəmiyyətinin böyük qrupu ilə görüşüb


AŞPA sədri, Ann Brasser

AŞPA sədri, Ann Brasser

Vətəndaş cəmiyyəti təmsilçiləri diqqəti ölkədəki son həbslərə yönəldib

Bakıda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser sentyabnrın 22-də vətəndaş cəmiyyəti fəallarının böyük qrupu ilə görüşüb.

Dörd saatadək davam edən görüşdə insan hüquqlarının vəziyyəti, vətəndaş cəmiyyətinin durumu, siyasi məhbuslar problemi müzakirə olunub.

Xanım Brasser görüş iştirakçılarından xahiş edib ki, tədbirin detalları mətbuata açıqlanmasın. O, problemlərin həllinə yardım göstərəcəyini vəd edib.

Görüşdə REAL hərəkatının icraçı katibi Natiq Cəfərli, hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, Günay İsmayılova, Zəlihə Tahirova, Samir Kazımlı, jurnalistlər Şahvələd Çobanoğlu, Nərgiz Yaqublu (siyasi məhbus Tofiq Yaqublunun ailə üzvü kimi), NİDA Hərəkatının üzvü Aygün Pəncəliyeva, vəkil Fariz Namazlı və başqaları iştirak edib.

Görüşdə iştirak etməyən bir neçə şəxsin adından Brasserə müraciət təqdim olunub. Müraciətin mətni jurnalist Xədicə İsmayılovanın Facebook səhifəsində yerləşdirilib.

Müraciətdə AŞPA Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı təxirəsalınmaz addımlar atmağa çağırılır.

Qeyd olunur ki, həbsdə olan hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyev Avropa Şurasının dəyərlərini müdafiə etdiklərinə görə zərər çəkiblər. Emin Hüseynovu da həmin aqibət gözləyir.

Azərbaycanın Avropa Şurasında sədrliyi hüquq müdafiəçilərinə qarşı amansız repressiyalarla üst-üstə düşüb. Avropa Şurası təşkilatın nüfuzu üçün görünməmiş təhlükə ilə üzləşib.

“Hazırda belə sual yaranır: Strasburq əsas hüquqları və Azərbaycan xalqını avtoritar hökumətdən qorumağa qadirdimi”, müraciətdə deyilir.

Müəlliflər xatırladırlar ki, əgər dövlət Avropa Şurası standartlarını kobud şəkildə pozursa Assambleyanın onun nümayəndə heyətinin səlahiyyətini dayandırmaq və ya səs hüququndan məhrum etmək, hətta Avropa Şurasından xaric olunmasını tövsiyə etmək hüququ var. Lakin görünür, Strasburq susmağa üstünlük verir.

“Cəsarətli azərbaycanlı hüquq müdafiəçiləri, fəallar, jurnalistlər və blogerlərin həbsxanada olduğu və ya ifadə azadlığı hüququnu gercəkləşdirmək üçün həbs təhlükəsi ilə yaşadığı bir vaxtda bu, yolverilməzdir”, sənəddə qeyd olunur.

“Bu, sadəcə, yolverilməzdir. Parlament Assambleyasının prezidenti kimi sizin vəzifəniz Assambleyanın qaydalarında və Avropa Şurasının nizamnaməsində nəzərdə tutulan sanksiyalara çağırmaqdır”, müraciətdə deyilir.

Bəyanat müəllifləri Brasseri ölkədə vətəndaş cəmiyyəti ilə “konstruktiv dialoq”un olması barədə Azərbaycan rəhbərliyinin fikirlərinə inanmamağa və “dəyirmi masa”larda iştirak etməməyə çağırıb

“Əgər “dəyirmi masa” bir çox jurnalist, bloger, fəal və hüquq müdafiəçisinin “evinə çevrilən” Kürdəxanı təcridxanasında təşkil olunmasa belə dəvətləri qəbul etməməyə çağırırıq”, müəlliflər yazırlar.

Onlar ifadə azadlığı hüququnu həyata keçirdiklərinə görə həbs edilənlərin dərhal və şərtsiz azadlığa buraxılmasına hökumət tərəfindən zəmanətin olmadığı təqdirdə Brasseri öz səlahiyyətlərindən istifadə edərək və Assambleyanın reqlamentinə uyğun olaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətinə yenidən baxılması məsələsini qaldırmağa çağırıblar.

XS
SM
MD
LG