Accessibility links

Ukrayna Avropa İttifaqından 2,5 milyard dollar kredit istəyir


Ukrayna Rusiyaya təbii qaza görə olan borcunu ödəmək və qış mövsümü yaxınlaşdıqca ölkənin qaza olan ehtiyacını qarşılamaq üçün Avropa İttifaqından əlavə 2,5 milyard dollar məbləğində kredit istəyib.

Avropa Komissiyasının sözçüsü bu gün Brüsseldə Ukraynanın müraciətinin Beynəlxalq Valyuta Fondu və ölkə rəsmiləri ilə məsləhətləşmələr yolu ilə dəyərləndiriləcəyini bildirib. O, Avropa Komissiyasının Ukraynaya əvvəlki təəhhüdlərə əsasən dəstəyə sadiq qaldığını əlavə edib.

Bu açıqlamalar Avropa İttifaqı, Ukrayna və Rusiyanın enerji nazirlərinin Brüsseldə keçirilən görüşdə qazın qiyməti ilə bağlı razılıq əldə edə bilmədiyi vaxt verilib.

Tərəflər razılığın əldə edilməsi üçün yenidən oktyabrın 29-da görüşəcək.

Keçən həftə Rusiya Ukraynaya qazı 2015-ci ilin mart ayının 15-ə qədər bir kubmetr üçün 385 dollar qiymətə nəql etməyə razı olduğunu bildirmişdi.

Bu gün eyni zamanda, Rusiya prezident Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon söhbəti baş tutub. Söhbət zamanı iki lider sülh prosesinin təşviq edilməsi və Ukraynada atəşkəsə əməl olunmasının əhəmiyyətini vurğulayıb. Kremlin açıqladığı bəyanatda onların həmçinin qaz məsələsində əməkdaşlıqla bağlı fikir mübadiləsi apardığı bildirilir.

XS
SM
MD
LG