Accessibility links

ABŞ və Əfqanıstan gecə reydlərinə dair anlaşma əldə edib


Əfqanıstan hökuməti və Birləşmiş Ştatlar arasında gecə reydlərinin keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.

İki ölkə arasında əldə edilmiş sənədə Əfqanıstanın Daxili İşlər naziri Əbdül Rəhim Vardak və ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı general Con Allen bu gün Kabildə imza atıb.

Sənədə əsasən, gecə reydlərinin bundan sonra Əfqanıstan qüvvələrinin başçılığı ilə keçirilməsi və yerli rəsmilərin onlara veto qoymaq səlahiyyətinin verilməsi nəzərdə tutulur.

Əfqanıstan rəsmiləri bildirir ki, bundan sonra gecə əməliyyatları zamanı xarici ölkələrin silahlı qüvvələri yardım missiyasını yerinə yetirəcək. Bununla yanaşı gecə reydlərinin keçirilməsi üçün yerli rəsmilərdən icazə alınacaq.

General Allenin açıqladığı bəyanatda deyilir ki, razılıq suveren Əfqanıstanın inkişafı və ABŞ və Əfqanıstan arasında uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsində mühüm bir addım hesab edilir.

Razılıq ABŞ silahlı qüvvələrinin 2014-cü ildə müəyyən edildiyi kimi Əfqanıstandan çıxarılmasından sonra iki ölkə arasında əlaqələrin idarə edilməsinə kömək edəcək.

XS
SM
MD
LG