Accessibility links

Vəkil Quba hadisələri ilə bağlı həbs edilən jurnalistlərlə görüşə buraxılmır


Xəyal televiziyasının əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma kamerasında saxlanılır.

“Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılır. Bu, ciddi qanun pozuntusudur. Təqsirləndirilən şəxs 72 saatdan artıq saxlama kamerasında saxlanıla bilməz. Bu barədə Amerikanın Səsi radiosuna vəkil Elçin Sadıqov bildirib.
Vəkil hüquqlarını müdafiə etdiyi Z.Quliyevlə görüşə də buraxılmır. “Vəkilin müdafiə etdiyi şəxslə görüşə buraxılmaması da ciddi hüquq pozuntusudur”, - deyə o bildirib.

Martın 1-də Qubada bir neçə min yerli sakin İcra Hakimiyyətinin başçısına etiraz olaraq mitinq keçirib. Dinc mitinq sonradan qarşıdurmaya keçib. Etirazçılar İcra Hakimiyyəti binasının şüşələrini sındırıb, icra başçısının villasını yandırıb. Rayona daxili qoşunlar və polis qüvvələri yeridilib. Adamlar yalnız icra başçısı vəzifədən azad edildikdən sonra sakitləşib.
Faktla bağlı cinayət işi qaldırılıb. İndiyədək 11 nəfər həbs edilib. Həbs edilənlər arasında “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev də var. Onların icra başçısı R.Həbibovun nitqinin montajında səhvə yol verildiyi üçün həbs edildiyi əsas gətirilir. Baş redaktor Z.Quliyev və icraçı direktor V.Qonaqov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. Hər iki jurnalist martın 13-də saxlanılıb. Vəkil E.Sadıqovun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama kamerası zirzəmidə yerləşir. Bu kameralarda havasızlıqdır, tualet, su kranı yoxdur. Hamam isə ümumiyyətlə yoxdur. “Təsəvvür edin ki, təqsirləndirilən şəxs hər dəfə əlini yumaq, tualetə getmək üçün polisdən xahiş etməlidir ki, kameranın qapısının kilidini açsın”, - vəkil qeyd edib.

XS
SM
MD
LG