Accessibility links

Ziyalılar Forumu hökuməti islahatlara çağırıb


Ziyalılar Forumu hökuməti islahatlara çağırıb

Ziyalılar Forumu hökuməti islahatlara çağırıb

Ziyalılar vicdan məhbuslarının, islamçıların və Nemət Pənahlının həbsdən azad edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Ziyalılar Forumu bu gün keçirtdiyi mətbuat konfransında quruma dünən Hyatt Recensy otelində konfrans keçirməsinə imkan verilməməsini primitiv yanaşma adlandırıb.

“Ziyalılar Forumuna tədbir keçirməyə imkan verilməməsi uşaq ərköyünlüyüdür. Biz siyasi partiya deyilik. Ziyalılar ölkədə və beynəlxalq aləmdə Azərbaycana mənfi imic gətirən məsələlərə münasibət bildirir. Dünənki tədbirimizdə isə gənclərin problemlərindən danışacaqdıq. Bizim xoşməramlı tədbirimizə qeyri sivil yanaşma təəccüb doğurur. Elə dairələr var ki, qulaqlarını tənqidə qapamaq istəyir”, - deyə forumun üzvü, professor Cəmil Həsənli qeyd edib.

Dünən Hyatt Recensy otelində Ziyalılar Forumunun tədbirinin keçirilməsinə icazə verilməyib. Otelin rəhbərliyi bunun zaldakı texniki problemlərlə bağlı olduğunu bəyan edib. “Bu gün otelin rəhbərliyinə bildirmişik ki, Ziyalılar Forumu tədbirini zalda texniki problem aradan qaldırıldıqdan sonra keçirməyə və ya başqa zalda keçirməyə hazırdır. Çünki, otel tədbirin təxirə salınmasının siyasi səbəblərlə bağlı olmadığı barədə məlumat yayıb. Biz otel rəhbərliyindən cavab gözləyirik”, - deyə Azərbaycan Naminə Forumun prezidenti Eldar Namazov bildirib.

Ziyalılar eyni zamanda, cəmiyyəti narahat edən Dağlıq Qarabağ problemi, Minsk Qrupunun fəaliyyəti, danışıqlar prosesinin qapalı saxlanması, beynəlxalq rüşvət qalmaqallarında Azərbaycanın adının çəkilməsi, korrupsiyanın geniş vüsət alması, insan hüquqları sahəsində ağır vəziyyət, idxalda monopoliya və başqa problemlərə də toxunub.

Ziyalılar vicdan məhbuslarının, islamçıların və Nemət Pənahlının həbsdən azad edilməsinin vacibliyini vurğulayıb.

Ziyalılar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına ciddi tənqidlər səsləndirib. “Demokratiyanın magistral yolu azad seçkilərdən keçir. İran şahı Məhhəməd Rza Pəhləvi belə utana-utana deyirdi ki, 3-4 nəfəri parlamentdə görmək istəyir. Amma, Azərbaycanda Ramiz Mehdiyevin siyahısından kənarda bir nəfər belə parlamentə keçməyib”,- deyə Cəmil Həsənli vurğulayıb.

Onun fikrini digər ziyalılar da müdafiə edib. “Nə qədər ki, eyni insanlar uzun müddət vəzifədədir, nə qədər ki, Ramiz Mehdiyev administrasiyanın rəhbəridir islahatlar mümkün olmayacaq. Onun rəhbərlik etdiyi aparat islahatların əleyhinə işləyir”, - deyə Rüstəm İbrahimbəyov qeyd edib.

Ziyalılar ölkədə vəziyyətin gərgin olduğunu diqqətə çatdırıb. Onların fikrincə, bütün statistika yalanlardan ibarətdir. Rüstəm İbrahimbəyov deyib ki, 5-6 adam dövləti öz maraqlarına işlədir. “Müstəqillikdən 20 il keçməsinə baxmayaraq bu insanlar dəyişməyib. Azərbaycan məktəbləri rüşvət alanlar istehsal edir. Uşaq 3-4 yaşından rüşvətin nə olduğunu dərk edir. Məktəb illərindən başlayaraq rüşvətverənə çevrilir. Sonra rüşvəti həyat tərzinə çevirir və nəhayətdə özü rüşvətalan olur. Bu dəyişməlidir. Dəyişiklik üçün ilk öncə cəmiyyət qorxudan xilas olmalıdır, tənqid və ictimai nəzarət gücləndirilməlidir. Bunun üçün isə ilk öncə ziyalılar sözünü deməlidir”, - deyə o qeyd edib.

Ziyalılar həmçinin islahatlara başlanması üçün hökumətə təsir mexanizmlərindən də danışıb. Birqütblü sistem ölümə məhkumdur. “Birqütblü sistem dayanıqlı ola bilməz. Biz istəyirik ki, insanlar eşidilsin. İqtidar isə hər şeyi ya qaranlıqda görmək istəyir, ya da qaranlıq imitasiyası yaradır. Amma, zorla qaranlıq yaratmaq mümkün deyil. Artıq ata- oğul nəsli deyil. Dünya dəyişib. İndi internetlə böyüyən, sosial şəbəkələrdə tərbiyə alan nəsil formalaşıb”, - deyə akademik Rafiq Əliyev qeyd edib.

Öz növbəsində, hökumət ölkədə islahatların geniş vüsət aldığını, demokratiya və insan hüquqlarının təmin edildiyini bəyan edir. Dövlət başçısı isə Azərbaycan hökumətinin uğurlu fəaliyyəti nəticəsində insanların rifah halının sürətlə inkişaf etdiyini bildirir.

XS
SM
MD
LG