Accessibility links

Ələsgər Məmmədli: Bu, birbaşa kibercinayətkarlıq hesab olunur


Ələsgər Məmmədli: Bu, birbaşa kibercinayətkarlıq hesab olunur
please wait

No media source currently available

0:00 0:08:41 0:00

Azərbaycanda fəaliyyət göstərən Toplum TV internet televiziyasının “Facebook” hesabına kiber hücumu baş verib. Hadisə noyabrın 3-də olub. Belə ki, internet televiziyasının bəzi paylaşımları səhifədən silinib. Bu paylaşımlardan biri də televiziyanın bir gün öncə axşam saatlarında efirə getmiş “Toplumda Debat” verilişinin buraxılışıdır. Həmin verilişin qonağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli olub. Eyni zamanda, daha əvvəl yayımlanan Müsavat Partiyası rəhbərinin qonaq olduğu veriliş də silinib. Ələ keçirənlər səhifənin adını da dəyişərək “Toplan TV” ediblər.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli Amerikanın Səsinə verdiyi müsahibəsində baş vermiş kiber hücumun səbəbləri və bundan sonra atılacaq hüquqi addımlardan danışıb.

Amerikanın Səsi: Toplum Tv-yə kiber hücumu texniki cəhətdən necə mümkün olub?

Ələsgər Məmmədli: Onu deyim ki, hadisə çox aydın şəkildə bir hüquqi baxımdan ciddi cinayət sayılan bir hadisədir. Bilirsiniz ki, kiber hücum ümumiyyətlə qeyri-müəyyən mənbələrdən olduğu zaman və yaxud hansısa VPN vasitəsilə internet üzərindən olduğu zaman bunu tapmaq çətin olur və kiminsə üzərinə yıxmaq olur, qeyri-müəyyənlərin. Amma sizin dövlət strukturu içərisində lisenziya almış bir operator tərəfindən verilən telefon nömrənizə gələn sms-in sizdən başqası tərəfindən də görülə bilməsi və bunun istifadə olunması yalnız rəsmi qurumların əlində olan texnika ilə mümkündür. Mən bilirəm ki, Telekommunikasiya haqqında qanuna görə bütün mobil operatorların, o cümlədən provayderlərin avadanlıqlarına xüsusi izləmə cihazları quraşdırılır. Bu xüsusi dövlət təhlükəsizlik mühafizəsi məqsədi ilə həmin qurumlar məhkəmə qərarı olduğu zaman təqib oluna bilir. Amma burada baş verən hadisədə çox biabırçı şəkildə sübutları aşkar şəkildə izlərini ortaya qoyaraq hərəkət elədilər. Mənim şəxsi telefonuma bağlı olan Facebook hesabıma kod göndərilir. Sms vasitəsilə mobil nömrəmə və həmin vaxtda mən şəhərdə səhər işə gəldiyim üçün ağır tıxacdayam, təbii ki, telefona baxmaq durumum yoxdur. Belə olan halda təxminən yarım saat sonra işə gəldiyimdə məlum olur ki, mənə 8:54-də gələn sms vasitəsilə mənim kodumu dəyişib daha iki nəfər admin əlavə ediblər. Həmin admin vasitəsilə Toplum TV-in səhifəsinə müdaxilə edib oradakı həm videoları siliblər, həm də daha çox 3500 dən çox izləyicini bloklayıblar. Çox aydın şəkildə görünür ki, bunu edən şəxslər birbaşa əlində qurumlara çıxışı olan, rəsmi texnikaya çıxışı olanlardır. Çünki kənardan, mən məsələn, buna hətta kiber hücum deməzdim, bu açıq şəkildə qeyri-qanuni hüquqi müdaxilədir. Yəni normalda bunu hüquq-mühafizə orqanları məhkəmə qərarları ilə edə bilər. Amma biz media fəaliyyəti ilə məşğuluq. Biz ölkənin kənarında baş verən söyüş mediasındansa, ölkənin içində daha plüralist, daha səviyyəli, etik müzakirə mühiti yaratmaq istəyirik. Əslində mənim Toplum Tv-nin təsis edilmədə məqsədim də və oradakı debatları təşkil etmədə məqsədim də budur ki, biz özümüzün alternativ dayanıqlı mənbənimizi quraq və heç bir xarici ölkədə idarə olunan resurs olmasın. Əgər bu formatda müdaxilələr olursa, əlbəttə o zaman kimlərsə maraqlıdır ki, söyüş mediası və ya söyüş blogerliyi fəaliyyəti elə davam eləsin.​

Toplum tv
Toplum tv

Amerikanın Səsi: Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?

Ələsgər Məmmədli: Əlbəttə, mən dünən artıq ictimai qaydada müraciət elədim. Bilirsiniz ki, cinayət - prosessual məcəlləsinə görə ümumiyyətlə cinayət faktı barədə, mediada yayılan informasiya cinayət təqibinin başlanması üçün əsasdır. Mənim Konsitusiyanın 32-ci maddəsi ilə qorunan özəl həyatıma gizlilik prinsipləri pozulub. Eyni zamanda cinayət məcəlləsinin 371-ci (Kompyuter sisteminə qanunsuz daxil olma, 372-ci ( Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 373-cü (Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddələri ilə kompyuter texnologiyalarına, qanunsuz müdaxilə olunaraq həm məlumatların qanunsuz toplanması, həm zərərvermə, həm dəyişdirilmə, eyni zamanda hətta təhqiredici ad ora daxil eləmə, bunlar birbaşa kibercinayətkarlıq hesab olunur. Buna görə konkret cinayət məsuliyyəti var. Ayrıca burada bu mənim mobil telefonumdur. Mobil danışıq gizliliyim var. Cinayət məcəlləsinin 155-ci maddəsi ilə qorunur. Burada açıq şəkildə buna müdaxilə var. Burada təbii ki, şəxsi həyat məlumatları, özəl həyatın gizliliyi prinsipi pozulub. Bu da cinayət məcəlləsinin 156-ci maddəsidir ki, bununla bağlı mən bu gün də yazılı şikayət göndərəcəm ki, başlasınlar. Başlamaq üçün dünən öz Facebook səhifəmdə yaydığım məlumat və daha sonra da bununla bağlı müxtəlif qrumların da açıqlamaları yetərlidir ki, hüquq -mühafizə orqanları bu faktı araşdırsın.

Amerikanın Səsi: Sizcə bundan sonra vətəndaşların və internet resursların kiberhücumlarından qorunması üçün hansı gərəkli addımlar atılmalıdır?

Ələsgər Məmmədli: Bilirsiniz, əslində indi bundan danışmam sonra da bizi dinləyən deyər ki, elə belə addım bilirdin özün atardın. Amma mən çox səmimi şəkildə bir şey deyim. Oktyabr ayının ortalarından bəri mənim emailimə çox ciddi hücumlar olurdu, spamlar göndərilmə, şifrə dəyişmə tələbləri. Mənim əslində hesabım mailə bağlı idi. Mən bunun rəsmi mənbələrdən olub-olmamasını müəyyən etmək üçün qəsdən sms-ə çevirdim ki, rəsmi mənbə isə o paralel olaraq sms-i oxuyacaq və müdaxilə edəcək. Əslində mənim təxminim tutdu. Onlar iz buraxdılar ki, rəsmi qurumlar tərəfindən olur. Yəni o mail üzərindən olsa, rəsmi qurumlar rahatlıqla imtina edərdi. Hal-hazırda onlar bütün hallarda məsuliyyət daşıyırlar. Həm bu kənardan olubsa da, məsuliyyət daşıyırlar, çünki gizliliyi qoruya bilmirlər.

Amerikanın Səsi: Beynəlxalq səviyyədə bu istiqamətdə hansı işlər görülə bilər?

Ələsgər Məmmədli: Əslində bu bir reallıqdır ki, günümüzün texnoloji inkişafı çərçivəsində və paralel olaraq bu agent fəaliyyətləri, hansı ki, konkret olaraq fərdləri hədəf ala bilir, medianı hədəf ala bilir, vətəndaş cəmiyyəti fəallarını, siyasətçiləri hədəf ala bilir. Bu fəaliyyətləri də paralel olaraq bunun bazarını yaradıb. Təsadüfi deyil, amerikan höküməti bir yeni siyahı müəyyən elədi və bilavasitə Pegasus kimi proqramı satan iki şirkətin adını da ora qeyd elədi ki, bunlar artıq agent fəaliyyəti göstərən və qanunsuz xüsusilə NGO sektorunun və vətəndaş cəmiyyəti qurumlarının hesablarını ələ keçirir. Buna görə onlara məhdudiyyət gətirirdi. Əlbəttə burada beynəlxalq əməkdaşlıq çox önəmlidir. Xüsusən avtoritar rejimlər, yarı-avtoritar rejimlər, xüsusən hansısa qeyri-sağlam məntiqlə idarəetmə fəaliyyətini əldə tutan tərəflər, bu metodlarla istər başqa dövlətlərə yönəlik, istər dövlət içində mövcud olan qrumlara yönəlik ya da ictimai aktivədə iştirak edən tərəflərə yönəlik və s. qanunsuz müdaxilərə cəhd edirlər. Bunun çox ağır nəticələri olur. Çoxsaylı insanların şəxsi məlumatları açıqlanır, zərərlər görür. Buna görə beynəlxalq əməkdaşlıq çox önəmlidir. Bu tip proqramları yayan, satan qurumlar nəzarətə alınmalıdır. Bunların şərtləri çox aydın olmalıdır. Bunlar yalnız cinayətkarların axtarışı zamanı istifadə olunmaq üçün məhdud çıxışları olan və birdən çox tərəfin birgə razılığı ilə ancaq izlənməsi mümkün olan bir prosedura bağlı olmalıdır. Təkbaşına bir məmur, bir şəxs düşünməməlidir ki, əlində olan texnikadan istədiyi formada başqalarına müdaxilə kimi istifadə edə bilər. Bunun bir cinayət məsuliyyəti olmalıdır hər yerdə. Bununla bağlı təqib sadəcə ölkə daxilində deyil, ölkə xaricində də davam etməlidir. Bu prosesə yol verən kim olursa olsun, dünyanın istənilən yerində ona hərəkət imkanı məhdudlaşmalıdır.

Azərbaycanın rəsmi orqanlarından cavab yoxdur

Bu məsələ ilə bağlı aidiyyatı qurumlardan şərh almaq mümkün olmayıb.

Toplum TV 2016-ci ilin oktyabrından fəaliyyətdədir və gündəlik hadisələr barədə xəbər, müsahibə, reportaj hazırlayan müstəqil informasiya resursudur.

Bakının mənzərəsi (view of Baku)
Bakının mənzərəsi (view of Baku)

Media Hüququ İnstitutunun açıqlaması

Media Hüququ İnstitutu Toplum TV-nin Facebook səhifəsinə edilmiş haker hücumu pisləyib.

MHİ bayanatında qeyd edir ki, bu cinayətin hədəf seçdiyi ictimai dəyər sadəcə bir media qurumunun normal işləməsi deyil. Sadəcə bir və ya bir neçə şəxsin şəxsi həyat məlumatlarının qanunsuz ələ keçirilməsinin həmin şəxs üçün törətdiyi fəsadlar, mənəvi-psixoloji sarsıntılar və maddi itkilər deyil. Bunlar öz özlüyündə böyük zərərlər olsa da törədilmiş cinayətin yanakı etkiləridir.

“Baş verən bu qanunsuzluğun birbaşa hədəfi məhz ifadə azadlığı dəyəridir. Hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququnun, hər cür informasiyaları və ideyaları… şifahi və ya yazılı şəkildə, mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq hüququnun cinayətkar hərəkətlərlə pozulmasıdır. Cəmiyyətin toplumda baş verənlərlə bağlı fərqli fikir və rəylər eşitmək, müzakirələr aparmaq haqqına, siyasi debatlar azadlığına hücumdur”, - daha sonra MHİ-nin açıqlamasında deyilir.

"Cəmiyyəti, şəxsləri və quruluşları belə cinayətlərdən qorumalı olan hökumətin, onun güvənlik və cinayət axtarışı və təqibi üçün məsul olan qurumlarının işə başlamaları zamanıdır. Ümid edirik ki, bu məsul qurumlar Konstitusiyamızın, qanunlarımızın, insan haqları və azadlıqlarının belə cinayətlərdən qorunduğunu işdə sübut etmək üçün zəruri əməli addımların atılmasını gecikdirməyəcəklər”, - MHİ-nin bəyanatının sonunda vurğulanır.

Pegasus qalmaqalı

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) iyulun 18-də yaydığı yeni araşdırmada bildirilir ki, Fransanın Forbidden Stories qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən 17 KİV bir sıra ölkələrdə İsrailin NSO Group şirkəti tərəfindən işlənib hazırlanmış Pegasus proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyinin üstünü açıb.

Pegasus proqramı
Pegasus proqramı

Hüquq müdafiəçiləri və jurnalistlər dinlənilən mobil telefonların siyahısını əldə etməyə müvəffəq olub. Siyahıda 50 min nömrə var. Sızdırılan şübhəli hədəflər siyahısında Azərbaycandan olan 250-dən çox şəxsin adı hallanır.

ABŞ-ın Qlobal Media Agentliyinin (USAGM) verdiyi açıqlamada Amerikanın Səsi və Azad Avropa/Azadlıq Radiosu da daxil olmaqla 180-dən çox jurnalistin casus proqramı vasitəsilə hədəf alınması barədə xəbərlərlə bağlı hiddət ifadə edilib.

Agentliyin rəhbəri səlahiyyətlərini icra edən Kelu Çao bildirib ki, “jurnalistlərin şəxsi danışıqlarının hər hansı bir şəkildə izlənilməsi mənəviyyatsızlıqdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG