Hindistan İsrail diplomatlarını hədəf alan hücumun iranlı şübhəliləri barədə beynəlxalq axtarış elan etdirməyə çalışır. Dehli şəhərinin polis rəisi Briceş Qupta bildirib ki, Hindistan 3 nəfərin həbsi barədə İnterpolla təmasa keçib. Şübhəlilərin keçən ay İsrail səfirliyinə məxsus avtomobili hədəf alan bomba hücumunda əli olduğu ehtimal edilir. Polis rəisi deyib ki, təhqiqatçılar həmçinin həmin şəxsləri Tailandda baş tutmamış oxşar hücumla da əlaqələndirir.
Dehlidə fevralın 13-ü həyata keçirilən hücumda səfirlik rəsmisinin həyat yoldaşı yaralanmışdı. O, övladını məktəbdən götürməyə gedirmiş. Hindistan rəsmiləri deyir ki, hücumçular maqnitdən istifadə edərək bombanı avtomobilə yerləşdirmişdilər. Tailand rəsmilərinin sözlərinə görə, eyni maqnitlərdən Banqkokdakı hücumda da istifadə olunub.
Tailand polisi hücumla bağlı iki iranlını həbs edib. Üçüncü adam Məsud Sədaqətzadə Malayziyada saxlanılıb.