Accessibility links

Blogerlər Sərbəst Kürsüdə İsa Qəmbəri sual atəşinə tutdu


Son günlər sosial şəbəkələrin başlıca müzakirə mövzularından biri Müsavat Partiyası başqanı İsa Qəmbərdir. Əvvəlcə gənc yazıçı Emin Millinin Müsavat başqanını illərdir partiya rəhbərliyində qalmasını sual etməsi və daha sonra İsa Qəmbərin 2013-cü ildə prezidentliyə yenidən namizəd olacağını bəyan etməsi bizi bu dəfə Sərbəst Kürsüyə məhz cənab Qəmbəri dəvət etməyə sövq etdi.

Avqustun 29-u Sərbəst Kürsünün qonağı Müsavat Başqanı İsa Qəmbər sizin suallarınızı cavablandırıb. Forumun keçirildiyi platformaya buradan daxil olun. Forumu ixtisarsız sizə təqdim edirik:

23:20 / 29 avqust 2012
Emil Quliyev (Moderator): Axşamınız xeyir, İsa bəy. Sizi Sərbəst Kürsüdə xoş gördük.

23:22
İsa Qəmbər: Hər vaxtınız xeyir, Emil bəy. Dəvətə görə təşəkkür.

23:23
EQ: Siz' gec saatda vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Mən eləcə də forumu sualları və şərhləri ilə daha da maraqlı edən oxucularımıza təşəkkür edirəm.

23:24
EQ: İlk şərhi Facebook vasitəsilə Məhəmməd Şahverdi yazıb:

İsa Qəmbərə demək isterdim ki, nə qədər ki, müxalifət birleşməyib, vahid namizəd seçmək taktikasi beyenilmeyib, onsuz da saxtakarlıqla keçirilən seçkilərdə müxalifət məğlub olacaq.

23:31
Cavab: Məhəmməd bəyin öz mülahizəsini söyləmək hüququna hörmətlə yanaşmalıyıq.
Mən isə fikirləşirəm ki, İctimai Palata demokratik düşərgəni toparlamaq missiyasını yerinə yetirə bilsə, cəmiyyəti fəallaşdıra bilsə, seçki mühitini dəyişmək mümkün olacaq.
O zaman namizədlərin sayından asılı olmayaraq xalqın iradəsinin reallaşması, xalqın seçdiyi qüvvənin hakimiyyətə gəlməsi mümkün olacaq.

23:32
Sual (Sədaqət Məmmədova): İsa bəy, salam!
Sizin şəxsi fikrinizi bilmək istərdim, Emil Milli, Xədicə İsmayılova, bu şəxslər nəçidirlər?
Siyasətçi, bloger,ümumiyyətlə hansı məssəbə qulluq edirlər?
Mənim fikrinmcə yalandan çığırıb-bağıran, guya vətən yolunda hansısa işlər görən, bununla da xaricdə özlərinə sığınacaq əldə etmək üçün edirlər. Lazım gələndə getməyə yerləri olsun.

23:40
Cavab: Sədaqət xanım, salam,

Xədicə İsmayıl artıq özünü təsdiq etmiş, cəsarətli jurnalistdir. Əliyev rejiminin və bilavasitə ailənin korrupsiya əməllərini əsaslı araşdırmalarla ifşa etməsi ilə ölkədə və beynəlxalq miqyasda tanınan, qəbul edilən bir şəxsdir.
Emin Milli savadlı, təşəbbüskar bir gəncdir. Fəal gənclər arasında, xüsusən sosial şəbəkələrdə kifayət qədər populyardır. Keçmiş siyasi məhbusdur.
Onların hər ikisi istəsəydilər çoxdan mühacirətə gedər, istədikləri qərb ölkəsində siyasi sığınacaq ala bilərdilər. Bundan sonra da istəsələr bunu edərlər. Onların bunun üçün əlavə nə isə etməyə ehtiyacları yoxdur. Amma, bildiyim qədər onlar mühacirətə getmək niyyətində deyillər.

23:42
Sual (İsrafil Məmmədov): İsa bəy, sizə elə gəlmirmi ki, Azərbaycan Respublikasının Prezidentini nə xalq təyin edir, nə müxalifət, nə də iqtidar? Prezidenti təyin edənlərin kölgəsi sizcə görünür, ya yox? Görünürsə kimə işıq tuturlar?

23:51
Cavab: İsrafil bəy, yəqin siz hesab edirsiniz ki, Azərbaycanın prezidentinin müəyyənləşməsində xarici qüvvələr həlledici rol oynayır.
Aydın məsələdir ki, hüquqi baxımdan bütün dövlətlər bərabər olsalar da, reallıqda müxtəlif dövlətlərin gücü, təsir imkanları fərqlidir. Dünyada həlledici təsirə malik dövlətlər, qüvvə mərkəzləri var. Və əlbəttə ki, bu qüvvələr digər ölkələrdə hakimiyyətin müəyyənləşməsinə təsir etməyə çalışırlar. Amma, unutmaq lazım deyil ki, bu qüvvələr qərarlarını qəbul edərkən öz maraqlarına əsaslansalar da, hər bir ölkədə reallığı da nəzərə almaq məcburiyyətindədirlər.
Biz isə çalışmalıyıq ki, o qədər güclü olaq ki, xarici qüvvələr Azərbaycan xalqının iradəsi ilə tam razılaşsınlar. Necə ki, 1992-cı ildə Elçibəyin xalqımızın iradəsi ilə, demokratik seçki ilə iqtidara gəlişinin labüdlüyünü bütün dünya qəbul etmişdi.
Millət olaraq, cəmiyyət olaraq öz taleyimizə sahib çıxmalıyıq ki, dünya da bizim iradəmizi qəbul etsin.

23:52
Sual (Anar): Salam İsa bey, təxminən 2 il bundan qabaq İqbal Ağazadə Azadlıq radiosuna sizə 2003-cü il 16 oktyabr tarixdə Azadlıq meydanından zəng elədiyini və sizi meydana gəlməyə dəvət etdiyini, siz isə cavabında "Mən Müsavat partiyasının qərargahından çıxıb evə gedirəm" cavabını vermisiniz. Xahiş edirəm bu sualla ətraflı cavab verəsiniz?

23:59
Cavab: Belə bir söhbət ola bilməz. Burada nə isə yanlışlıq var. Bu heç xronoloji cəhətdən də mümkün deyildi. 2003-cü il 16 oktyabrda mitinq cəhdi davam etdiyi zaman, iqtidar Azadlıq meydanındakı insanları zorakılıqla dağıtdıqdan sonra da bir müddət mən Müsavatın qərargahında olmuşam. Aydın məsələdir ki, orada ola–ola mən heç kimə deyə bilməzdim ki, “qərargahdan çıxmışam və evə gedirəm”.

00:01 / 30 avqust 2012
Sual (İlahə Səmədova): İsa bəy, salam. Keçən həftə müttəfiqi olduğunuz AXCP partiyasının başqanı Əli Kərimli gərək duyulacağı təqdirdə 2013-də prezidentliyə namizədliyini irəli sürəcəyini dedi. Dünən İşdən Sonranın qonağı olarkən də siz namizədliyinizi irəli sürəcəyinizi dediniz. Bununla bağlı müttəfiq olduğunuz AXCP partiyası ilə məsləhətləşmələr aparılıbmı? Sizin müttəfiqliyiniz hansı sahələri əhatə edir və hansı sahələr bunun xaricində qalır? Sonuncu sualım isə belədir. 2013-də iqtidarın vahid namizədinə qarşı niyə müxalifət vahid namizədlə seçkiyə getmir və gücü parçalayır?Öncədən sizə təşəkkür edirəm.

00:10
Cavab: İlahə xanım, salam,

Biz Müsavat Partiyası olaraq AXCP ilə İctimai Palata formatında əməkdaşlıq edirik. Əsas məqsədimiz ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq, saxta parlamentin buraxılıb azad və ədalətli seçkilərlə həqiqi legitim parlament formalaşdırmaqdır.
Heç kimə sirr deyil ki, Müsavat Partiyası mənim, AXCP isə öz sədrinin namizədlyini məqsədəuyğun hesab edir. Prezident seçkilərində namizəd məsələsi aktuallaşarsa biz həm müttəfiqlərimizlə ikitərəfli məsləhətləşmələr aparmaq, həm İctimai Palatada ciddi müzakirələr keçirmək, həm də cəmiyyətin əhval-ruhiyyəsini nəzərə alaraq xalqımız üçün ən düzgün qərarlar qəbul edəcəyik.
Yeri gəlmişkən, iqtidarın hələlik nəinki vahid namizədi yoxdur, iqtidar bu məsələdə qərar qəbul etməkdə çox ciddi çətinliklər çəkir və çəkəcək.

00:11
Sual (Parvin Kouliev):
Siz Azadlıq radiosunda keçirilən diskussiyada Azərbaycanda rejimin dəyişməsini sülh yolu ilə həyata keçirilməsinə üstünlük verdiyinizi qeyd etdiniz. Bizim əksəriyyətimizdə sözsüz bunu normal şəraitdə optimal və sivil sayır və dəstəkləyir. Amma eyni vaxtda siz müzakirədə 2011-ci ildə başlamış Ərəb Baharı üsyanlarınıda misal gətirib Azərbaycana münasibətdə mövqelərin dəyışməsini və bu gün rejimin dəyışməsində daha çox xaricdən marağın olmasını söylədiniz. Siz nə üçün düşünürsüz ki, Qərb dövlətləri və siyasətçiləri indiki iqtisadi böhran dövründə Azərbaycan kimi ‘müttəfiqi” olan rejimin xaqın müqaviməti olmadan səhnədən getməsini dəstəkləsin? Əgər Ərəb üsyanları bizim üçün bir örnəkdirsə və siz bu üsyanları misal gətirirsinizsə onda dinc yolla keçidi nəyə əsaslandırırsınız? Hətta ən ‘dinc’ baş verən Tunis inqilabında 300 nəfərə yaxın insan həlak olmuşdu və 700-ə yaxın zədələnmışdi. Siz bu halda etiraf edirsinizmi ki, totalitar rejimin hakimiyyətdə nə qədər çox qalması nəticədə çoxlu sayda insanın təlafatına gətirib çıxarda bilər və bu gün hakimiyyətin insanlara qarşı yönəltdiyi zülmlərə baxmayaraq ‘dinc’ yolla yumşaq keçid taktikasının təbliğ olunmasının qiyməti qarşıda gələn illərdə xalqımıza dahada baha başa gələ bilər?

00:28
Cavab: Bəli, biz Müsavat Partiyası olaraq hakimiyyət dəyişikliyinin yalnız dinc yolunu qəbul edirk. Azərbaycanın demokratik düşərgəsi də bu mövqedədir. Biz başa düşürük ki, bu yalnız bizdən aslı deyil, çünki qəddar bir avtoritar rejimlə üz-üzəyik. Bu rejim hakimiyyətini, xalqdan oğurladığı sərvətləri itirməmək üçün hər bir cinayətə hazırdır.
Məncə, bu ağır vəziyyətdən çıxış yolu, prosesin dinc şəkildə reallaşması üç faktordan aslıdır.
1. Xalqın kütləvi fəallığı. Dinc etiraz aksiyalraı, seçki prosesində iştirak nə qədər kütləvi olarsa, rejim o qədər ehtiyatlı olmağa məcbur qalacaq.
2. Beynəlxalq faktor. Yuxarıda da dediyim kimi, biz beynəlxalq birliyi xalqımızın yekdil iradəsi ilə prinsipial mövqe tutmağa sövq etməliyik. Rejim bu faktoru da nəzərə almalı olacaq.
3. Müxalifət və xalq rejim mənsublarına da hansısa mesaj verməlidirlər ki, onlar “simasını” qoruya bilsinlər.

00:29
Sual (Elmir Çobanzadə): İsa bəy salam,
Ölkənin idarəçilik strukturunun dəyişdirilməsi ilə bağlı sizin fikirinizi bilmək istərdim. Sizcə prezident yoxsa parlament respublikasi ölkəmiz üçün faydalı ola bilər və niyə?
Təşəkkürlər.

00:35
Cavab: Elmir bəy, salam,
Uzun illərdir ki, Müsavat Partiyası ölkəmizdə parlament modelinə keçidlə bağlı araşdırmalarını davam etdirir. Həm Azərbaycanın açı təcrübəsi, həm də dünya miqyasında son 20 ildə prezidentli respublikalarla parlament respublikalarının inkişaf səviyyələrinin müqayisəli təhlili bizi parlament respublikasına üstünlük verməyə sövq edir. Əməkdaşlıq etdiyimiz siyasi qüvvələrin də əksəriyyəti bu modelə müsbət yanaşır. Fikir fərqləri əsasən prezident modelindən parlament modelinə keçidin müddəti və dərinliyi ilə bağlıdır.

00:36
Sual (İbrahim): Salam İsa bəy, düşünürəm ki, Azərbaycanda bütün güclər birləşmədiyi müddətcə, bu hakimiyyəti devirmək mümkün olmayacaq. Çox təəssüf ki, AXCP cəbhəsi Müsavata qarşı həmişə ittiham irəli sürürlər. Sizin fikriniz necədir?

00:44
Cavab: Biz Müsavat Partiyası olaraq AXCP-ni özümüzə müttəfiq hesab edirik və müttəfiqliyi daha da dərinləşdirmək tərəfdarıyıq. AXCP partiya olaraq bizə heç bir ittiham sürmür. Ayrı-ayrı şəxslərin fikir və mülahizələrinə isə hamımız səbirli yanaşmalıyıq.

00:45
Emil Quliyev: İsa bəy, növbəti sualı Cavid Ağa adlı blogger verir: İsa bəy, o düzdür ki, siz 2 il əvvəl “partiyanın nizamnaməsinə əsasən bu ilin payızında qurultay təşkil olunacaq və yeni başqan seçiləcək. Mən namizədliyimi irəli sürməyəcəm” demisiz? Əgər elədirsə niyə hələ də postunuzdasınız? Başa düşürəm, stereotipdir, amma cavablanmamış stereotipdir.

00:55
İsa Qəmbər: Cavid Ağa, bizim fəaliyyətimizi bu qədər diqqətlə müşahidə etdiyinizə görə təşəkkür edirəm. Amma, o zaman siz bunu da bilməliydiniz ki, Müsavat Partiyasının çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət bizə qurultay keçirmək üçün uyğun zal vermir. Bu günə qədər qurultayı keçirmək mümkün olmadığı üçün siz də bu qədər gözləməyə məcbur olmusunuz. Məsələ bu qədər sadədir.

00:56
Sual (Rafig): İsa bəy , salam !

Mən 2013cü ildə,ilk dəfə səsvermə hüququna sahib olacam.Mənim və bir çox mənim kimi ilk dəfə səs verəcklərin səsini qazanmaq üçün namizət necə davranmalıdır sizcə?

01:19
Cavab: Rüfət bəy, salam,
Söhbət ölkəmizin, xalqımızn taleyindən gedir. Qəddar və məkrli bir rejimlə mübarizə aparırıq. Bu rejimdən hər şey gözləmək olar. Biz Müsavat, AXCP və digər fədakar qüvvələrlə birgə on illərlə bu rejimin repressiyaları, böhtanları, təxribatları qarşısında əzm və iradə ilə davam gətirmişiksə, mübarizənin bu son mərhələsində də hər şeyə hazır olmalıyıq. Rejimin süqutu, xalqın qələbəsi labüddür.
Onu da demək istəyirəm ki, rejimin təxribatları ilə cəmiyyətdən gələn iradlara fərq qoya bilməliyik. Xüsusən gənclərə qarşı həssas olmalıyıq. Hətta onlar səhv edəndə də biz səbrli olmalıyıq. Biz Müsavat Partiyasıyıq! Bu xalq bizim xalqımızdır. Bu gənclər bizim gələcəyimizdir!
Səbr, əzm, fədakarlıq qələbəmizi təmin edəcək.

01:20
Emil Quliyev (Moderator): İsa bəy, qısaca olaraq Kənan Qasımlının sualına cavab verə bilsəydiniz, forumu başa vurardıq:
- Salam, bəy. İctimai Palata, Müsavat partiyası və şəxsən sizin razılaşdırılmış mitinqlərə başlamaq haqqında fikirləriniz nədən ibarətdir? İcitmaiyyət mitinq istəyir. Təşəkkür.

01:22
İsa Qəmbər: Kənan bəy, salam,
Biz Müsavat Partiyası olaraq senyabr ayından bu günkü reallıqlara uyğun şəkildə kütləvi tədbirlərə başlamaq tərəfdarıyıq. Müttəfiqlərimizlə müzakirələrimiz olacaq, mən inanıram ki, yekdil qərarlar qəbul edəcəyik.

01:23
Emil Quliyev:
İsa bəy, gec saatda dəyərli vaxtınızı ayırdığınız üçün sizə Amerikanın Səsi adından dərin təşəkkürümüzü bildiririk.
Vaxt məhdudiyyəti səbəbilə sualı cavabsız qalan oxucularımızdan isə üzr istəyirik.
Gecəniz xeyrə qalsın!

01:24
İsa Qəmbər: Emil bəy, mən sizə, həm də maraqlı suallara görə oxuculara təşəkkür edirəm. Zaman olsaydı qalan suallara məmnuniyyətlə cavab verərdim.

01:25
Emil Quliyev: İsa bəy, istəsəniz aşağıda şərhlər bölməsində cavabsız qalan suallara cavab yaza bilərsiniz. Bir daha təşəkkür edirik. Sərbəst Kürsünün növbəti sayında görüşənədək...

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG