Accessibility links

Yerli rəsmilər Sendi qasırğasının fəsadlarını aradan qaldırmağa çalışırlar


Sendi supertufanından az qala bir həftə ötmüş ABŞ-ın şimal-şərqində iki milyondan çox sakin hələ də işıqsızdırlar.

Şənbə günü Nyu-Yorkun aşağı Manhattan məhəlləsində elektrik bərpa olunsa da şəhərin başqa hissələrində, ələlxüsus Staten Aylenddə və Kvinsdə işıq yodur. Şaxtalı hava şəraitində işığın olmaması yerli sakinlər arasında narazılığı artırıb.

Nyu-York meri Maykl Blumberq işıqsız qalmış adamları, xüsusilə də ahılları qızınmaq və isti yemək üçün sığınacaqlara getməyə çağırıb.

Nyu-Cersidə qubernator Kris Kristi yanacaq üçün müvəqqəti talon sisteminə keçid elan edib. Plana əsasən maşınlarının nömrələri cüt rəqəmlə bitən sürücülər cüt günlərdə, tək rəqəmlə bitənlər isə tək günlərdə yanacaqdoldurma stansiyalarına gələ bilərlər.

Qubernator Kristi prezident Barak Obamanı tufana qarşı federal yardım səylərinə görə alqışlayıb, amma nyu-cersililərin çoxu vəziyyətdən şikayət edir.

Konnektikutda qəzetlər ştatın iki ən iri elektrik şirkətinin işığı bərpa edə bilmədiyinə görə siyasətçilərin sərt tənqidlərinə tuş gəldiklərini yazır.

İlkin təxminlərə görə Sendi supertufanın vurduğu zərər 20-50 milyard dollar həcmindədir.
XS
SM
MD
LG