Accessibility links

Saleh Kamrani: İranın siyasəti Azərbaycanı azərbaycanlıların əli ilə vurmaqdır [Audio]


Saleh Kamrani
Saleh Kamrani
Azərbaycanlı hüquqşünas Saleh Kamrani 1813 və 1828 illərində Rusiya İmperyası və İranı idarə edən Qacar sülaləsi arasında bağlanılan Gülüstan və Türkmənçay müqavilələrinin bu gün heç bir hüquqi qüvvəyə malik olmadığını deyir. Güneyli vəkil Amerikanın Səsinə verdiyi müsahibədə İran İslam Respublikasının qədim tarixi müqavilələri gündəmə gətirməsinin səbəblərini şərh edib.

Saleh Kamrani: İran Azərbaycanı azərbaycanlıların əli ilə vurur
please wait

No media source currently available

0:00 0:18:02 0:00

1918-ci ildə Azərbaycan Demokratik Respublikası və 1991-də Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanımış İran dövlətlinin son iddialarına toxunan cənab Kamrani bu addımların siyasi təxribat mahiyyəti daşıdığını deyir. Saleh Kamraninin sözlərinə görə, İran rəsmiləri belə əsassız iddiaları ortaya atmaqla Azərbaycan Respublikasının önəmli siyasi şəxsiyətləri və milli məclis deputatlarının Bakıda keçirilən “Çağdaş Güney Azərbaycanın sabahı” konfransında iştirak etmələrinə etiraz nümayiş etdirmək istəyirlər.
Azərbaycan şəhərlərindən İran parlamentinə seçilən deputatlar bəzən istədikləri kimi danışsalar da, İranın həyati mənfəətləri ilə əlaqədar məsələlərdə rəsmi siyasətdən qırağa çıxa bilmək ixtiyarları yoxdur.
İranın ali ruhani rəhbərinin “Keyhan” müəssisəsindəki müavini Hüseyn Şəriətmədari tərəfindən start verilən provokasiyalarda estafet indi İran Azərbaycanı şəhərlərini təmsil edən deputatlara keçib. “İranın siyasəti həmişə bu olub ki, Azərbaycanı elə azərbaycanlılar əli ilə vursun,”deyə Saleh Kamrani İran parlamentindəki çıxışları şərh edib: “Azərbaycan şəhərlərindən İran parlamentinə seçilən deputatlar bəzən istədikləri kimi danışsalar da, İranın həyati mənfəətləri ilə əlaqədar məsələlərdə rəsmi siyasətdən qırağa çıxa bilmək ixtiyarları yoxdur,” deyə Kamrani o əlavə edib.

İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Respublikası İrana qarşı siyasətində düzəliş etməsə, iranlı deputatlar parlamentdə Türkmənçay müqaviləsini gündəmə çıxaracaq, ona yenidə baxılmasını tələb edəcək: “Əgər Azərbaycan rəsmiləri münafiqlər”ə (İran hakimiyyətinin ən güclü və təşkilatlandırılmış müxalif qrupu olan İran Xalq Mücahidləri Təşkilatı - red.) və əks-inqilabçılara sığınacaq versə, Ərdəbil, Təbriz və Urmiyadan seçilmiş azərbaycanlı deputatlar hazırladıqları birgə layihəni İran parlamentinə təqdim edəcək, Türkmənçay müqaviləsinə yenidən baxılmasını tələb edəcək. Azərbaycan Respublikası bir neçə ildir ki, müstəqil olub. Lakin əgər qanunlara yenidən baxılsa, Azərbaycan Respublikasının ərazisi İrana aiddir. Əgər Azərbaycan rəsmiləri sionistlərin oyunu ilə oynayıb İrana qarşı fitnə törətsələr, o zaman İran parlamentindəki azərbaycanlı deputatlar da İran xalqının nümayəndələri kimi Türkmənçay müqaviləsinə yenidən baxılması məsələsini qaldıracaq”.

İran parlamentinin Urmiyadan seçilmiş digər deputatı Seyid Salman Zakir isə jurnalistlərə verdiyi açıqlamasında deyib. “Amerika və sionist rejim Azərbaycan hakimiyyətini Qərbin təsiri altına salmaqla onun İranla münasibətlərini zəiflətməyə və iki ölkə arasında dostluq körpüsünü məhv etməyə çalışır. Biz Azərbaycan rəsmilərinə tövsiyə edirik ki, ağıllı siyasət yeritsinlər və özlərinə dost seçərkən diqqətli olsunlar. Çünki dünənə qədər Amerika və İsrailin yanında dayanan Misir, Liviya və Tunis kimi hökumətlər bu gün dağılıb”.
XS
SM
MD
LG