Accessibility links

ABŞ Suriyanın şimalına yardımı dayandırır


Birləşmiş Ştatlar islamçılar Qərbin dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) məxsus silah anbarlarını ələ keçirdikdən sonra şimali Suriyaya qeyri-hərbi yardımı dayandırıb.

Türkiyədədki ABŞ səfirliyinin rəsmisi Amerikanın hansı ləvazimatların göndərilməsini dayandırdığına aydınlıq gətirməyib. Azad Suriya Ordusunun sözçüsü Reuters xəbər agentliyinə bildirib ki, o, ABŞ-ın öz qərarını yenidən nəzərdən keçirəcəyinə və situasiyanın aydınlaşmasını gözləyəcəyinə ümid bəsləyir.

Çərşənbə günü Ağ Evdə keçirilən brifinqdə Coş Earnest Vaşinqtonun ASO rəhbəri General Səlim İdrislə danışıqlar apardığını və tərəflərin birlikdə ABŞ-ın təchiz etdiyi ləvazimatların siyahısını tutduqlarını xəbər verib.

Bir neçə gün öncə altı üsyançı qruplaşmanı özündə birləşdirən İslam Cəbhəsinin döyüşçüləri ASO-nun Bab əl-Hivadakı bazalarını və silah anbarlarını ələ keçiriblər. Bu bazalar Suriya-Türkiyə sərhəd keçid məntəqəsi yaxınlığında yerləşir.

İslam Cəbhəsi ASO-dan müstəqil şəkildə fəaliyyət göstərir və Suriyanın İslam dövləti olmasını istəyir.

ABŞ rəsmiləri Amerika media orqanlarına deyiblər ki, Obama administrasiyası BMT və başqa yadım qrupları vasitəsilə suriyalılara yardım paylanlmasını davam etdirəcək.
XS
SM
MD
LG