Hakimiyyətə gələn hər yeni prezident bütün ölkənin problemlərinin günahını ölkəni tərk etmiş sələflərinin boynuna yıxardı.Maykl Baroun
Hər şey 1988-ci ildə prezident Karlos Salinasın hakimiyyəti dönəmində imzalanan NAFTA ictarət razılığından başladı. ABŞ və Kanada ilə birgə rəsmən azad ticarətə qol qoyan Meksika sürətlə dirçəlməyə başladı. Dirçəlişin əsasında Meksika mallarının sərbəst şəkildə ABŞ və Kanada bazarlarına çıxması və şimal qonuşlarının məhsulları ilə müqayisədə rəqabətcilliyi artırması idi. Meksikanın yürütdüyü açıq qapı siyasəti Marksistlərin iddia etdiyi kimi ölkəni şimal korporasiyalarının qurbanına çevirmədi. Əksinə, azad ticarət olan yerdə Meksika bizneslərinin rəqabətcilliyi artdı, onların məhsullarının keyfiyyəti yaxşılaşdı və nəhayət bazarları xeyli genişləndi. Azad ticarət zonasının tərkibində olan Meksikada həyat standartları da tədricən ABŞ və Kanada standartlarına yaxınlaşmağa başladı.
Təbii ki, burada siyasi islahatlar başlıca rol oynadı. Mərkəz-sağcı Vinsente Foks və Felipe Kalderonun prezidentlikləri dönəmində hökumətlər iqtisadi sistemin liberallaşdırılması üçün bir sıra mühüm addımlar atdılar. 2012-ci ilin iyulunda meksikalılar İnstitutsional İnqilab Partiyasının təmsilçisi Enrik Penya Nietonu hakimiyyətə gətirdilər. Barounun sözlərinə görə ilk baxışdan adi siyasətçi təsiri bağışlayan Nietonun islahatları çox effektiv olub. Müxalifət partiyaları ilə yaxından əməkdaşlıq edən prezident təhsildə, neft və telekommunikasiya sektorunda ciddi islahatlara imza atıb. Qeyri-effektiv müəllimlərin işdən azad edilməsini asanlaşdırmaqla, PEMEX dövlət neft şirkətinin neft sektorundakı hegemonluğuna son qoymaqla və telekommunikasiyada Carlos Slimi dünyanın ən varlı adamına çevirən inhisarı dağıtmaqla Enrik Penya Nieto Meksikanı uğurlu kursa qoyub.
Nəticələr göz qabağındadır. Meksikadakı həyat günü-gündən Birləşmiş Ştatlardakı həyatı xatırladır. “Meksika artıq orta-sinif millətidir. Meksikalılar ipoteka sistemindən yararlanaraq yenicə inşa edilmiş evlər alır, Walmart və Costco kimi ticarət mərkəzlərində bazarlıq edir, və amerikalılar kimi iri maşınlar sürürlər. Bu, isə həm meksikalılar, həm də onların qonşuları üçün xoş xəbərdir,”deyə Baroun bildirir.
Amerikalılar üçün bir nömrəli turist məkanlarından olan Meksikadakı inkişaf haqda təkcə qəzetdən oxumağa ehtiyac yoxdur. Son bir neçə ildə səfər etdiyim ölkələr arasında Meksikadan rahat, cazibədar turist məkanı təsəvvür etmək çətindir. Aeroportdan tutmuş otelədək, firuzə rəngli çimərliklərədək mövcud olan lüks xidmət bu ölkənin cənnətə bənzər təbiətini tamamlayır. Belə görünür ki, bir çox dünya millətlərini azdırmış üçüncü sistem axtarışını bir kənara qoyan meksikalılar uğura aparan yolun formulunu şimaldakı qonşularından öyrəniblər – demokratiya, qanun aliliyi, azad bazar, və polad kimi möhkəm mülkiyyət hüquqları.