Accessibility links

ABŞ Ədliyyə Nazirliyi Yahoo haker hücumları ilə bağlı iddianamələri elan edib


ABŞ Ədliyyə Nazirliyi çərşənbə günü 2014-cü ildə Yahoo-nu haker hücumuna məruz qoyaraq yüz milyonlarla insanın şəxsi məlumatlarını oğurlamaqda şübhəli bilinən iki rusiyalı casus və iki digər şəxsə qarşı iddianamələri elan edib.

İki rusun Dmitri Dokuçayev və İqor Suşçin olduğu müəyyən edilib. Onların hər ikisi Rusiyanın kəşfiyyat agentliyi olan Federal Təhlükəsizlik Xidmətinin işçiləridir.

Digər konspirator Aleksey Belan isə bundan əvvəl iki dəfə Birləşmiş Ştatlar tərəfindən bənzər haker hücumlarına görə təqsirləndirilib. O, artıq üç ildən çoxdur Federal Təhqiqalar Bürosunun (FBI) axtarışında olan kiber cinayətkar siyahısındadır.

Bir digər haker Kərim Baratov çərşənbə axşamı Kanadada həbs edilib.

2014-cü ildə Yahoo-nun təhlükəsizlik komandası adı bilinməyən xarici hökümət tərəfindən dəstəklənən hakerin istifadəçilərin hesablarına daxil olduğuna dair dəlillər aşkar edib, lakin daxili təhqiqatın nəticələri göstərir ki, şirkət icraçıları bununla bağlı lazımı addımlar atmayıb.

Bu xəta azı 500 milyon istifadəçiyə təsir göstərib. Belə ki, onların email ünvanları, doğum tarixləri, təhlükəsizlik suallarına cavabları və bir sıra digər şəxsi məlumatları oğurlanıb.

Bundan üç ay sonra Yahoo 2013-cü ildə də 1 milyard istifadəçiyə təsir göstərən digər bir haker hücumunu aşkar etdiyini açıqlayıb.

Şirkətin bu haker hücumlarına lazımı diqqət yetirməməsi ilə bağlı istintaq baş icraçı direktor Mariyya Meyerin illik bonusunu itirməsinə və Yahoo-nun baş hüquq müşaviri Ronald Bellin istefasına səbəb olub.

XS
SM
MD
LG