Accessibility links

Putin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini inkar edir


Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya Almaniya kansleri Angela Merkellə görüş zamanı
Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya Almaniya kansleri Angela Merkellə görüş zamanı

Rusiya prezidenti Vladimir Putin Rusiyanın ABŞ-da keçən il prezident seçkilərinə müdaxiləsini inkar edib. O deyib ki, belə iddialar Birləşmiş Ştatlarda siyasi məqsədlərlə istifadə edilən "şaiyələrdir".

Putin bu açıqlamaları Soçidə Almaniya kansleri Angela Merkellə görüşündən sonra birgə mətbuat konfransı zamanı verib. Almaniya və Rusiya arasında münasibətlər Suriyada müharibə və Ukraynaya müdaxilə ilə əlaqədar gərginləşib.

Putinin açıqlamaları ABŞ-ın kəşfiyyat agentliklərinin nəticələri ilə ziddiyyət təşkil edir. Kəşfiyyat orqanları Rusiyanın respublikaçı Donald Trampa yardım etmək və onun opponenti Hillari Klintona zərər vurmaq məqsədilə Demokrat partiyasının email hesablarına müdaxiləyə görə məsuliyyət daşıdığı haqda nəticə çıxarıb.

Putin görüşdən öncə bunun Ukrayna və Suriyada vəziyyəti müzakirə etmək üçün imkan olduğunu bildirib. Lakin Merkel müzakirələrin ciddi inkişafla nəticələnəcəyini gözləmədiyini deyib.

İki lider sonuncu dəfə oktyabr ayında Almaniyada görüşmüşdü. Görüşün əsas məqsədi Ukraynanın şərqində sülh prosesinin canlandırılmasına nail olmaqdan ibarət idi. Almaniya və Fransanın 2015-ci ildə vasitəçiliyi ilə əldə edilmiş sülh razılaşması döyüşlərin azalmasına gətirib çıxarsa da, bölgədə zorakılıqlar davam edir.

Suriya məsələsində Almaniya Rusiyanın prezident Bəşad Əsədə dəstəyinin qəti əleyhinədir. Merkel Moskvanın Rusiya hərbi qüvvələrinin mülki əhalinin yaşadığı yerlərdə keçirdiyi hava hücumlarının nəticəsi olaraq baş vermiş qəddarlıqlara görə qismən məsuliyyət daşıdığını hesab edib.

Putin mart ayında Almaniyaya səfəri zamanı xarici işlər nazirinə deyib ki, "bizim əsas məqsədimiz münasibətlərin yaxşılaşdırılası və qarşılaşdığımız bütün çətinliklərin aradan qaldırılmasına nail olmaqdan ibarətdir".

Soçidə görüş zamanı Merkel həmçinin Putini Çeçenistanda geylərin hüquqlarının müdafiəsini təmin etməyə çağırıb.

Bazar ertəsi Sankt Peterburqda 1 May nümayişi zamanı Rusiya polisi təxminən 20 etirazçını həbs edib. Onların arasında geylərin Çeçenistandan qaçmasına kömək edən təşkilatın lideri də olub. Geylərin Çeçenistanda işgəncə və müxtəlif şəkildə pis rəftarla qarşılaşdığı haqda məlumatlar verilir.

Putin Merkellə görüşdən sonra bildirib ki, Rusiya polisi son nümayişləri dağıdarkən hüquq çərçivəsində hərəkət edib.

"Rusiyanın hüquq-mühafizə orqanları Avropa ölkələrindəki həmkarlarından daha təmkinli şəkildə davranır"-deyə Putin mətbuat konfransında bildirib.

XS
SM
MD
LG