Accessibility links

"Azəri-Çıraq-Günəşli" blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilə imzalanıb


"Azəri-Çıraq-Günəşli" blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilə imzalanıb

Sentyabrın 14-də Bakıda Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilə imzalanıb.

Sənəd AÇG blokunun işlənməsinin davam etdirilməsinə imkan verəcək (hazırda yataqdan sutkada 620 min barel neft hasil edilir).

Qarşıdakı 32 ildə layihəyə 40 mırd. dollar sərmayə qoyulacağı gözlənilir. Layihədə SOCAR-ın payı iki dəfə artırılaraq 25 faizə çatdırılıb. Bundan əlavə, şirkət bonus şəklində 3,6 mlrd. dolaar alacaq.

"Azəri-Çıraq-Günəşli" blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilə imzalanıb
"Azəri-Çıraq-Günəşli" blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilə imzalanıb

Yeni müqavilədə digər şirkətlərin iştirak payı belədir: Britaniyanın BP şirkəti (30,37 %-operator), Chevron (9,56 %) və ExxonMobil -Amerika (6,79 %), ONGC -Hindistan (2,31 %), Inpex Corp. (9,31 %) və ITOCHU Oil - Yaponiya (3,65 %), Statoil - Norveç (7,27 %), TPAO - Türkiyə (5,73%).

Imzalanma mərasimində prezident İlham Əliyev bildirib ki, AÇG yatağının işlənməsində "yeni era" başlayır.

“Yeni müqavilə Azərbaycan üçün 1994-cü ildə imzalanmış əvvəlki sazişdən daha sərfəli şərtlərlə imzalanacaq. Yeni müqavilədə SOCAR-ın payı 25% (mövcud müqavilə üzrə 11,65%-dir) olacaq. Bununla yanaşı, müqavilə imzalandıqdan sonra xarici investorlar tərəfindən Azərbaycana müxtəlif bonuslar şəklində $3,6 mlrd. ödəniləcək. Mənfəət neftinin payı 75% olacaq", Əliyev qeyd edib.

"Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu idi və bu illər ərzində 436 milyon ton neft "Azəri", "Çıraq", "Günəşli"dən hasil edilib. Yaxşı xatırlayıram ki, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən edilmişdir. Ancaq bugünkü məlumat - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq - onu göstərir ki, hələ də "Azəri", "Çıraq", "Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, sazişin icrası müddətində bu rəqəm daha da artacaq",prezident bildirib.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şabanmüqaviləni mühüm hadisə adlandırıb.

Ekspertin şərhində deyilir ki, SOCAR ilə səkkiz xarici şirkət "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə məhsulun pay bölgüsü (PSA) tipli saziş imzalayıb.

Yeni müqavilənin imzalanmasının tarixçəsi

Azərbaycan buna qədər PSA tipli 34 saziş imzalayıb. Amma mövcud müqavilələrin heç biri üzrə saziş yenidən tərtib edilməyib. Tərəfləri bu addımı atmağa nə vadar edib? AÇG çərçivəsində hasilatın piki 2010-cu ildə olub. O vaxt müqavilə meydançasından 40,6 mln ton xammal çıxarılıb. Amma sonrakı iki il Azərbaycan üçün şokedici olub - 2012-ci ildə hasilat həcmi 34,9 mln tona düşüb. Həmin ilin oktyabrında Azərbaycan hökuməti dövlət başçısının da iştirak etdiyi iclasında ilk dəfə konsorsiumun operatoru olan BР şirkətini tənqid edib. Tezliklə BP-Azerbaijanın əsas top menecerləri dəyişdirilib. Yeni formalaşdırılan komanda hasilatın sabitləşməsinə çalışıb. Ötən "beşilliyin" (2013-2017) statistikası göstərir ki, hasilatın illik azalma tempi 900 min ton olub və bu il AÇG-də 28 mln ton neft çıxarılacaq.

Bu dövrdə SOCAR-ın xarici tərəfdaşları hesab edirdi ki, hasilatın sabitləşməsi üçün AÇG-yə kapital tutumlu investisiyalar - yeni hasilat özülləri, müvafiq sualtı infrastrukturların tikilməsi və mövcud özüllərin modernləşdirilməsi lazımdır. Bu maliyyə öhdəliklərinin yerinə yetirilməsi üçün xarici şirkətlər tələb edirdi ki, R-faktora (mənfəət norması) əsasən qoyulan vəsaitin qaytarılması üçün mövcüd sazişin müddəti uzadılsın.

Azərbaycan tərəfi öz tərəfdaşlarının təkliflərinə ehtiyatla yanaşırdı. Məsələ burasındadır ki, söhbət bu qurğuların istismarı nəzərə alınmadan çoxmilyardlı kapital xərclərindən gedirdi. Ona görə problemin həllinə mərhələli yanaşma məqsədəuyğun sayıldı. Əvvəlcə mövcüd özüllərin modernləşdirilməsi məsələsində kompromisə gedildi. Sonra SOCAR təklif etdi ki, yeni PSA saziş imzalansın. Özü də yeni şərtlərlə. Amma tərəfdaşlar bununla razılaşmadı. Onlar hesab edirdi ki, Azərbaycan tərəfinin dividendi artırılmaqla köhnə saziş davam etdirilməlidir. Amma sonunda tərəflər kompromis əldə etdi və "oyunu yeni qaydalarla davam etdirmək" qərarına gəldilər.

23 dekabr 2016-cı ildə SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AIOC) "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi üçün niyyət məktubu imzaladı. 2017-ci ilin fevralında tərəflər AÇG-2 sazişi üzrə kommersiya danışıqlarının yekun mərhələsinə gəldi.

Yeni saziş nədən zəruri idi?

Dövlətin maraqları. SOCAR dövlətin maraqlarının müdafiəçisi kimi əvvəlcə 20 sentyabr 1994-cü ildə imzalanan sazişi uzatmaqdansa, yeni sazişin imzalanmasında israr edirdi.

Əvvəla, SOCAR-da hesab edirdilər ki, əvvəlki sazişdə dövlətin maraqları maksimum qorunsa da, o, müasir dövrün tələblərinə cavab vermir. İndiki Azərbaycan öz potensialı və imkanları ilə 1990-cı illərdə yenicə yaranan ölkə deyil. Şirkətlər o vaxt sazişi imzalaynda dövrün bütün risklərini nəzərə almışdı.

İkincisi, o vaxt ölkədə beynəlxalq sertifikatı olan mütəxəssislər praktik olaraq yox idi. Subpodrat işlərini Avropa normativlərinə uyğun yerinə yetirəcək şirkətlər də yox idi.

Üçüncüsü, Azərbaycanın öz payını maliyyələşdirməyə belə imkanı yox idi.

Dördüncüsü, hətta "Əsrin müqaviləsi" imzalanandan sonra iki dəfə silahlı çevriliş cəhdi oldu (1994-cü ilin oktyabrında və 1995-ci ilin marında).

Bu gün vəziyyət başqadır: ölkənin valyuta ehtiyatları $40 mlrd-dan çoxdur, siyasi sabitlik var, iqtisadiyyat şaxələndirilir, infrastruktur inkişaf etdirilir, Azərbaycanın regionda nüfuzu var və qonşu ölkələrdə öz biznesini inkişaf etdirir.

Birinci müqavilədə dövlətin maraqları yalnız layihəyə qoyulan investisiyaların xərcini çıxarmasına cəmləşmişdi, bununla dövlət yüksək mənfəətə nail ola biləcəkdi (80%), indi dövlətin fokusu bir qədər dəyişib.

Məsələ burasındadır ki, əvvəllər AÇG çərçivəsində hasilat intensiv artırdı və əlavə olaraq 2000-ci ildə neft bahalandı. Xərclər tezliklə çıxarıldı (2008-ci ilin ortasında dövlətin mənfəəti 80%-ə çatdı, hərçənd bu məbləğin 5%-i BTC layihəsinə yönəldilirdi ki, o da vaxtından əvvəl gəlir gətirsin). İndi başlıca vəzifə 2020-ci ildən başlayaraq 2030-cu ilə kimi illik hasilat həcmini 24-25 mln ton həcmində saxlamaqdır. Bu, asan vəzifə deyil, amma yerinə yetirmək olar. Çünki layların mənimsənilməsində intensivlik olmayacaq. Ona görə yeni müqavilə çərçivəsində dövlətin SOCAR və dövlətin nəzarət etdiyi AÇG çərçivəsində iri podrat və subpodrat işləri görən müəssisələr vasitəsilə gəlirləri artacaq.

Daha bir vacib məqam. 2010-2019-cu illərdə Azərbaycanda, regionda və xaricdə həyata keçirilən layihələr çərçivəsində SOCAR-ın üzərinə böyük maliyyə yükü düşəcək. O, çoxmilyardlı kredit borcları götürüb (layihələr işə başlayanda onlar mənfəət hesabına xərcini çıxaracaq) dövlət bu layihələrdə ona kömək edir. SOCAR AÇG-də payını 11,6%-dən 25%-ə artırıb, artıq əvvəlkindən çox qazana bilər. Nəticədə dövlətin üzərinə düşən yük azalacaq.

Şirkətlərin marağı. Sadə sual vermək olar - xarici şirkətlər Azərbaycanın təklifi ilə niyə razılaşdı? Axı onlar müqavilə müddətinin sonuna kimi (12 dekabr 2024) işləyib, gedə və ya buna yaxın vaxtlarda danışıqlara başlaya bilərdi: onda bəlkə, vəziyyət dəyişə bilərdi.

Amma neft-qaz sənayesində belə variantlar işləmir. Məsələ burasındadır ki, kapital tutumlu layihələrin həyata keçirilməsi müqavilə hüquqi qüvvəsini itirəndən xeyli əvvəl başlayır. Bundan başqa, əgər xarici şirkətlər 2018-ci ilə kimi təşəbbüs göstərməsə idi, 2019-cu ildən - müqavilənin bitməsinə 5 il qalmış "ləğvetmə fondu" (öz mənfəətlərindən hər il bu fonda vəsait köçürür ki, gedən zaman ətraf mühit üçün heç bir zərər qoymasın) yaratmalı idi. Bundan başqa, bu vaxt onlar müqaviləni uzatmalı olsalar, bu, onlara daha baha başa gələrdi: axı əvvəlcədən investisiya qoyulmadığı halda hasilat həcmi sürətlə azalar, nəticədə gəlirlər də azalardı. Sonradan bərpa üçün nəhəng vəsaitlərin xərclənməsi zərurəti yaranardı.

Reallıqda SOCAR-ın xarici tərəfdaşları üçün yeni yataqlar tapmaqdansa, Azərbaycanda işləyib, öz biznesini inkişaf etdirmək əlverişlidir. Axı buna illərlə vaxt və vəsait lazımdır. Əvvəla, şirkət sabit gəlirdən məhrum olur, ikincisi, yeni layihələrdə riskə getmək lazım gəlir. Çünki qoyulan kapitalın özünü doğruldub-doğrultmayacağı məlum deyil. Amma AÇG-də 1994-cü ildən işləyirlər, 1997-ci ildən neft çıxarılır, müqavilə meydançasını А-dan Z-yə bilirlər.

Nəhayət, 1994-cü ildə AÇG üzrə saziş imzalananda şirkətlər hesab edirdi ki, çıxarıla biləcək neft həcmi 511 mln tondan çox deyil. Amma 2017-ci ilin I yarısının sonuna AÇG blokundan 430 mln ton neft çıxarılıb. Qalan həcm isə 550 mln tondan çoxdur. Beynəlxalq ölçülərlə bu, meqayataqdır. Hardasa belə yataqlar tapmaq olarmı? Özü də neft yüksək keyfiyyətlidir...

* AÇG layihəsinin iştirakçıları bunlardır: BP (35,78% - operator), Chevron (11,27%), ExxonMobil (8%), ONGC (2,72%), SOCAR (11,65%), Inpex Corp. (10,96%), ITOCHU Oil (4,3%), Statoil (8,56%), TPAO (6,75%).

AÇG-də 6 hasilat özülü var və onlar boru kəməri ilə Səngəçal terminalı ilə birləşdirilib. AÇG-də çıxarılan neftin 90%-i BTC kəməri ilə, 10%-i Bakı-Supsa kəməri ilə dünya bazarına çıxarılır, 1% ilə dəmir yolu ilə Batumiyə çatdırılır.

XS
SM
MD
LG