Keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov yanvarın 31-dən aclığa başlayıb. Bu barədə Amerikanın Səsinə Həmidovun özü məlumat verib.
Bununla o, Şirvanda (Bakıdan 131 kilometr cənuib) 16 yaşlı 10-cu sinif şagirdinin polisə çağırılmasına etiraz edir.
Həmidovun sözlərinə görə, yeniyetməni valideynlərinin və müəllimlərin iştirakı olmadan polis şöbəsinə aparıblar. Üstəlik, bu üç dəfə - yanvarın 20-də, sonra yanvarın 26 və 28-də baş verib.
Birinci dəfə Şirvandan Bakıya qayıtdıqdan sonra polisə aparılıb. O, Bakıya Şəhidlər Xiyabanını ziyarətə gəlib.
Polisdə ondan müxalifətlə birlikdə Şəhidlər Xiyabanına ziyarətdə iştirak etməsinin və Azərbaycan Xalq Hərəkatına qoşulmasının səbəblərini soruşublar.
Həmidovun sözlərinə görə, aclıq aksiyası fəallar tərəfindən növbə ilə keçiriləcək.
"Bizim aksiyamız ölüm aclığı deyil. Məqsədimiz diqqəti baş verən qanunsuzluğa yönəltmək, qanunsuzluğun aradan qaldırılması və günahkarların cəzalandırılmasıdır", keçmiş nazir bildirib.
İsgəndər Həmidov 1992-93-cü illərdə Azərbaycanın daxili işlər naziri olub. 1995-ci ilin martında həbs edilərək 14 il müddətinə azadlıqdan məhrum olunub. Lakin 2004-cü ildə əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra Azərbaycan Milli Demokrat Partiyasını təsis edib.
2019-cu il yanvarın 26-da bir qrup şəxslə birlikdə Azərbaycan Xalq Hərəkatının yaradıldığını elan edib.