Accessibility links

Bakı meriyası Qarabağ Komitəsinin mitinqinə razılıq verməyib


"Qarabağa azadlıq!" mitinqi - 9.09.2018
"Qarabağa azadlıq!" mitinqi - 9.09.2018

Qarabağ Komitəsinin martın16-na elan etdiyi mitinqin keçirilməsini Bakı şəhər İcra Hakimiyyəti məqsədəuyğun hesab etməyib.

Bakı şəhər İcra Hakimiyyəti təşkilatçılara göndərdiyi məktubda mitinqin keçirlməsinin məqsədəuyğun olmamasını belə əsaslandırıb: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunması, tarixi ədalətin milli dövlətçilik maraqlarımız əsasında bərpa olunması istiqamətində möhtərəm prezidentimiz, cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır. Ermənistanın təcavüzkar siyasəti bütün görüş və yığıncaqlarda ifşa olunur. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı atılan addımlar və aparılan danışıqlar KİV-lərdə mütəmadi olaraq işıqlandırılır,” Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunda deyilir.

Bakı meriyasının Qarabağ Komitəsinə cavab məktubu-13.03.2019
Bakı meriyasının Qarabağ Komitəsinə cavab məktubu-13.03.2019

Bakı meriyası bundan öncə Qarabağ Komitəsinin 2018-ci il noyabrın 24-də, dekabrın 15-də mitinqlə bağlı müraciətinə müsbət cavab verməyib.

Qarabağ Komitəsi fevralın 16-dakı toplantısında martın 16-da “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim qalacaq!”, “Təslimçi sülhə yox!”, “Qarabağda antiterror əməliyyatının başlanmasını tələb edirik!”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları ilə mitinq keçirlmək barədə qərar qəbul etmişdi.

Bundan öncə komitə 2018-ci il sentyabrın 29-da oxşar şüarlarla mitinq keçirib.

Qarabağ Komitəsi 2018-ci ilin yayında təsis edilib. Məqsəd kütləvi aksiyalar, elmi konfranslar, sərgilərin keçirilməsi ilə Qarabağ münaqişəsini daim ictmaiyyətin diqqətində saxlamaqdır. Quruma 17 ictimai birlik və hərəkat daxildir. Bunlar Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, İslam Partiyası, Ağ Partiya, Milli Demokrat Partiyası, Qarabağ Qaziləri Təşkilatı və digərləri, həmçinin fərdi qaydada Qarabağ müharibəsi iştirakçılarıdır.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG