ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Azərbaycanın Zərdab və Füzuli sakinləri üçün yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib, uşaq bağçası təmir edilib.
Bu barədə USAİD-in mətbuat üçün açıqlamasında deyilir.
Məlumatda bildirilir ki, Zərdab rayonunun (Bakıdan 266 kilometr cənub-qərb) Hüseynxanlı kəndində təmir edilmiş uşaq bağçası icmada 30-dan çox uşağı isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək. Gödəkqobu kəndində sakinlər yerli və regional hakimiyyət orqanları ilə birgə işləyərək köhnə tibb məntəqəsini əvəzləyən və icmanın səhiyyə ehtiyaclarını daha yaxşı ödəyə biləcək yeni tibb məntəqəsi inşa edib. Müayinə və gözləmə otaqlarından ibarət yeni məntəqə Gödəkqobu kəndinin 1700-dək sakininin gündəlik tibbi xidmətlərini yaxşılaşdıracaq.
Füzuli rayonun (Bakıdan 323 kilometr cənub-qərb) Alxanlı kəndində yeni yem emalı və toxum təmizləmə məntəqəsi yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem və müxtəlif bitkilər üçün təmiz toxum əldə etməyə imkan yaradacaq. Məntəqə 1500-dək kənd sakininə xidmət edəcək.
Həmin layihələr USAID, Azərbaycan hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib.
USAID-in SEDA adlı layihəsi İqtisadiyyat nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 109 kənddə 225 000-ə yaxın insanın faydalana biləcəyi 139 layihənin həyata keçirilməsinə töhfə verib.