İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü ikitərəfli məsələləri və Tehrala Birləşmiş Ştatlar arasında artan gərginliyi müzakirə etmək üçün qonşu Pakistanın liderləri ilə görüşüb.
Rəsmi danışıqlarda iştirak edən nümayəndə heyətinə Zərif və Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi başçılıq edir. Daha sonra isə iranlı diplomat Pakistanın baş naziri İmran Xanla görüşüb. Rəsmilər deyir ki, müzakirələr zamanı diqqət ikitərəfli məsələlərə və regional inkişafa ayrılıb.
ABŞ prezidenti Donald Tramp İranın neft ixraclarını sıfıra endirmək və Amerikanın İran körfəzindəki hərbi mövcudluğunu artırmaq qərarını açıqlayandan bəri Tehranla Vaşinqton arasında gərginlik artır.
Zərif cümə axşamı İslamabada gedəndən sonra İran mediasına bildirib ki, o, Pakistan rəsmilərini regiondakı “təhlükəli” hadisələrlə bağlı məlumatlandıracaq.
Rəsmiləri deyib ki, İranın xarici işlər nazirinin cümə günü səfərini başa vurmadan həmçinin Pakistanın ordu lideri general Qəmər Cavid Bacva ilə görüşəcəyi gözlənilir.
Pakistan daha öncə hazırkı münaqişədə tərəf tutmayacağını bildirib və İran körfəzi regionundakı böhranı “narahatedici” adlandırıb. Lakin rəsmi İslamabad deyir ki, Vaşinqtonun təyyarə daşıyıcısı və bombardmançılar göndərmək qərarı Yaxın Şərqdə “mövcud şübhəli təhlükəsizlik vəziyyətində” gərginliyi artırıb.
Biz bütün tərəflərin təmkin göstərməsini gözləyirik, çünki hər hansı yanlış hesablanmış hərəkət geniş miqyaslı münaqişəyə çevrilə bilər” – deyə, xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Faisal cümə günü keçirilən həftəlik mətbuat konfransı zamanı bildirib. Paskitan hər zaman dialoqu dəstəkləyir və bütün məsələlərin sülh yolu ilə və bütün tərəflərin öhdəçiliyi vasitəsilə həll olunmasını istəyir.”
Sərhəd təhlükəsizliyi
Rəsmilər deyir ki, ikitərəfli danışıqlar zamanı sərhəd təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Pakistan və İran 900 kilometrlik uzun sərhəd paylaşır. İran rəsmiləri mütəmadi olaraq sünni militantların İran daxilində terror hücumları planlaşdırmaq üçün sərhədin Pakistan tərəfində sığınacaqlardan istifadə etdiyini bildirir.
İslamabad isə öz növbəsində bildirir ki, dəyişkən Baluçistan vilayətində aktiv olan separatçı qrupların sərhədlərarası terror hücumları planaşdırmaq üçün sərhədin İran tərəfində sığınacaqlardan istifadə edir.
Xan ötən ay Tehrana ilk rəsmi səfərini edib və prezident Həsən Ruhani ilə ikitərəfli təhlükəsizlik, iqtisadi və ticarət əlaqələrini gücləndirməklə bağlı geniş danışıqlar aparıb.
Ruhani qeyd edib ki, Xanın səfəri ikitərəfli münasibətlərin düzəldilməsində “dönüş nöqtəsi” olacaq.