Accessibility links

Nazir: ABŞ sanksiyaları qaldırsa, İran danışıqları nəzərdən keçirə bilər


İranın kəşfiyyat naziri deyib ki, Tehran və Vaşinqton yalnız Birləşmiş Ştatlar sanksiyaları aradan qaldırdığı təqdirdə danışıqlar apara bilər və İranın ali ruhanisi Ayətullah Xamenei buna razılıq verib. Bu barədə cümə axşamı dövlət xəbər agentliyi İRNA məlumat verib.

“Amerika ilə danışıq aparmaq Tramp sanksiyaları qaldırdığı təqdirdə nəzərdən keçirilə bilər, ali ruhanimiz də bu cür danışıqlara icazə verib - deyə, Mahmud Ələvi çərşənbə günü bildirib.

“Amerikalılar İranın hərbi gücündən qorxurdu, bu səbəbdən də İrana hücum etmək qərarını dəyişdirdilər”, o əlavə edib.

Tramp ötən ay İranın iyunun 20-də Hörmüz boğazı üzərində uçan ABŞ dronunu vurduğuna görə İrana qarşı hərbi hücumu təxirə saldığını söyləmişdi, çünki belə bir hücum 150 nəfərin ölümünə səbəb olacaqdı. Tramp həmçinin Tehranla danışıqlara açıq olduğuna işarə etmişdi.

Tehran kəşfiyyat dronunun İranın raketi tərəfindən İranın hava hövzəsində, Vaşinqton isə beynəlxalq hava hövzəsində vurulduğunu söyləmişdi.

ABŞ prezidenti ötən il 2015-ci ildə İran və altı dünya qüdrəti arasında əldə olunan sanksiyalardan geri çəkiləndən və razılıq əsasında Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində aradan qaldırılan sanksiyaları yenidən tətbiq edəndən bəri Tehranla Vaşinqton arasında gərginlik artıb.

Razılığa əsasən İran uranı 3.67 faizədək zənginləşdirə bilər. Razılıqdan öncə bu rəqəm 20 faiz idi.

İran xüsusilə də ölkənin əsas gəlir mənbəyi olan xam neftinin ixracını hədəf alan ABŞ sanksiyalarına cavab olaraq may ayında razılıq qarşısındakı öhdəliklərini azaldacağını bildirmişdi.

Tehran bazar ertəsi razılığı pozan ilk əsas addım olaraq icazə veriləndən daha çox az zənginləşdirilmiş uran istehsal etdiyini elan etdi.

Bundan əlavə Tehran çərşənbə axşamı iyulun 7-dən sonra uranı lazımi səviyyəyədək zəngiləşdirəcəyini bildirdi. Tramp isə buna “Təhdidlərinə diqqət yetir, İran”deyə cavab verdi.

XS
SM
MD
LG