Accessibility links

Koronavirusdan ölənlərin sayı 80-ə çatıb


Çinin Baş Naziri Li Keqian səhiyyə işçiləri ilə görüşmək və 80 insanın ölümünə səbəb olan koronavirus epidemiyasının qarşısının necə alındığını öyrənmək üçün Uhan şəhərinə səfər edib.

Uhan koronavirusun yayılma mərkəzidir. Hökumət virusun yayılmasının qarşısını almağa çalışdığı üçün şəhərdə və bir sıra digər şəhərlərdə insanların hərəkətinə ciddi məhdudiyyətlər tətbiq olunub.

Rəsmilər insanların qrup halında toplaşmasının qarşısını almaq məqsədilə Çin təqimi ilə Yeni il tətilini daha üç gün uzatmaq qərarını verib.

Çinin səhiyyə rəsmilərinin verdiyi son rəqəmlərə əsasən virusa yoluxma hallarının sayı 2700-ü keçib.

Yoluxma halları Avstraliya, Kanada, Fransa, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland, ABŞ və Vyetnamda da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxanların əksəriyyəti ya Uhana səyahət etmiş və ya da onlarla təmasda olan insanlardır.

Çindən kənarda virusla əlaqəli ölüm hadisəsi baş verməyib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzinin tənəffüs xəstəlikləri bürosunun rəhbəri Nensi Messonnier yanvarın 26-na kimi Birləşmiş Ştatlarda təsdiqlənmiş beş yoluxmanın aşkarlandığını və bu şəxslərin hər birinin Uhandakı digər xəstələrlə birbaşa təmasda olduğunu açıqlayıb.

Yoluxanlar xəstəxanalarda hər kəsdən təcrid olunur, çünki həkimlər və səhiyyə rəsmiləri virus barədə daha çox məlumat toplamağa çalışır. CDC 26 ştatda 100 mümkün yoluxma halının araşdırıldığını qeyd edib.

Çin Milli Səhiyyə Komitəsinin Naziri Ma Syaovey virus haqqında az məlumatın olduğunu deyib. Ancaq həkimlər inkubasiya dövrünün bir gündən 14 günə qədər olduğunu bilirlər. Ma virusun heç bir əlamət və ya simptomların olmadığı bir inkubasiya dövründə yoluxucu olduğunu bildirib.

Prezident Şi Tsinpin Çinin "ağır vəziyyət" ilə üzləşdiyini və mütəxəssislərin, digər resursların ağır xəstəlik hallarını müalicə etmək üçün xüsusi xəstəxanalara toplanacağını açıqlayıb.

Virusun keçən ilin sonlarında Hubei vilayətinin paytaxtı Uhan şəhərində qanunsuz vəhşi heyvanların satıldığı dəniz məhsulları bazarında ortaya çıxdığı güman edilir. Çin hakimiyyəti vəhşi heyvanların satışına müvəqqəti qadağa qoyub.

Virus Çində Yeni Siçan ilinin qeyd edildiyi vaxt yayılmağa başlayıb, bu da on milyonlarla insanın iştirak edəcəyi şənliklərin ləğv edilməsi və məhdudlaşdırılması ilə nəticələnib.

Virusun yayılmasının qarşısını almaq üçün turist məkanları və məktəblər bağlanıb. İctimai nəqliyyat ciddi şəkildə məhdudlaşdırılıb. Bir çox iş yerləri bağlanıb və işçilərin evdən işləməsi istənilib.

Ümumdünya Səhiyyə Təşkilatı insanları kəskin respirator infeksiyalardan qorumaq üçün bir neçə qayda tövsiyə edir. Bunlara artıq yoluxmuş insanlarla sıx təmasdan uzaq durmaq, mütəmadi əlləri yumaq, təsərrüfat heyvanları və ya vəhşi heyvanlara qorunma olmadan toxunmaq kimi qaydalar daxildir.

XS
SM
MD
LG