Birləşmiş Ştatlarda artıq 3 milyondan çox insan koronavirusa yoluxub, 130 mindən çox insan ölüb. İndi isə ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniya, Florida, Texas və Arizonada kəskin artım müşahidə olunur.
ABŞ-ın Kaliforniya ştatının Demokrat qubernatoru Qavin Nyusom koronavirus hallarında artım səbəbilə ştatın 58 mahalının üçdə birində qismən bağlanma tədbirlərinin tətbiq olunmasına göstəriş verib.
Yay tətilindən bu həftə dönəcəyi gözlənilən Ştat Assambleyası da qeyri-müəyyən müddətə işini dayandırıb. Bəzi Respublikaçılar üçün isə bu qəbuledilməzdir.
“Hökümətin qanunverici qolunu qeyri-müəyyən müddətə bağlamaq davamlı bir həll yolu deyil. Ştat boyu bizim gördüyümüz işdən asılı olan insanlar var. Onların çoxu da COVID-19-la əlaqədar icitmai sağlamlıq məsələləri ilə yanaşı iqtisadiyyata və insanların həyatlarına təsir göstərən məsələlərə bağlı işlərdir,” Kaliforniya assambleyasının respublikaçı üzvü Kevin Kili bildirir.
Koronavirus hallarının yüksək olduğu bir digər ştatın, Floridanın respublikaçı qubernatoru Ron De Santis deyir ki, ştat boyu artan koronavirus hallarına tab gətirəcək qədər tibb müəssisələri var.
“Bizim Cənubi Floridada Mayami Müalicə Mərkəzimiz var. Brovardda COVID üçün ayrılan bir təsis var. Palm Biç Mahalında da COVID-ə ayrılmış iki mərkəzimiz var. Bu isə o deməkdir ki, COVID testi müsbət çıxan insanlar üçün kifayət qədər çarpayımız var,” Ron De Santis deyib.
Floridanın Konqresdəki Demokratik nümayəndə heyəti qubernatorun pandemiya ilə mübarizəsini tənqid edib və deyib ki, onun ştat boyu maska taxılması və çirməliklərin bağlanması ilə bağlı göstəriş verməməsi floridalıları öldürür və xəstəliyin yayılmasına gətirib çıxarır.
Floridada son bir həftə ərzində gündəlik 8500 yeni yoluxma halları qeydə alınır. Bu isə bir ay öncə ilə müqayisədə səkkiz dəfə çoxdur.
Arizonada da xəstəxana çarpayılarına rekord tələbat var.
“Biz yoluxma halllarında azalma görmürük. Arizona ştatında günü-gündən rekord sayda yeni COVID-19 halları qeydə alınır,” Tuson Tibbi Mərkəzdən Dr. Matt Heinz bildirib.
Texas isə koronavirus pandemiyasının ən çox təsirinə məruz qalan ştatlardan birinə çevrilib. Çərşənbə axşamı ştatda 10 min yeni yoluxma halı qeydə alınıb ki, bu da pandemiya başlayandan bəri ən yüksək göstəricidir.
Lakin ştatdakı göstərişlərə baxmayaraq bir çox yerli sakinlər sosial məsafə qaydalarını və maska taxmaqla bağlı göstərişləri rədd edirlər.
“Çünki mən amerikalıyam və düşünürəm ki, nə istədiyimi geyinə bilməliyəm. Mən vergimi ödəyirəm. Mən azad yaşamaq istəyirəm,” bir sakin deyir.
“Çünki bu, bizim konstitusiya haqlarımıza ziddir, onlar bizə nə geyinməli olduğumuzu deməməlidirlər,” bir başqa sakin bildirir.
Lakin Amerikanın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti xəbərdarlıq edir ki, ötən həftəsonu keçirilən Müstəqillik Günü şənliklərindən sonra koronavirusa yoluxma halları kəskin şəkildə arta bilər.
“Biz epidemiyanın ən pis hissəsindəyik. Bu hələ başlanğıcdır. Yoluxma halları növbəti iki həftədə iki qat artacaq, ondan sonrakı həftə yenə iki qat artacaq,” Dr. Perez Hotez bildirb.
Ağ Evin COVID-19 işçi qrupu isə başqa mənzərə görür.
“Biz Arizona, Florida və Texasda əyri xəttin düzləşdiyini müşahidə edirik. Bu ştatların qubernatorları əyri xətti düzləşdirmək üçün güclü tədbirlər görürlər,” vitse-prezident Mayk Pens bildirib.
Mayk Pens bu sözləri ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məktəblərin payızda açılması ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşdığı vaxta təsadüf edib.