Accessibility links

Mark Behrendt: "Hökümət qeyri-mütənasib gücdən və zorakılıqdan istifadə etdi"


Mark Behrendt: "Hökümət qeyri-mütənasib gücdən və zorakılıqdan istifadə etdi"
please wait

No media source currently available

0:00 0:10:55 0:00

“Freedom House insanların dinc şəkildə yürüş edə bilmələrini, nümayiş keçirmələrini və hökümətin bu hallarda dinc üsullara əl atmasını dəstəkləyir.” Bunu Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt Azərbaycanda baş verən son həbslər və beynəlxalq ictimaiyyətdən məsələ ilə bağlı gözlənilən tədbirlər barədə Amerikanın Səsinə verdiyi müsahibədə bildirib.

Amerikanın Səsi: Cənab Behrendt, bildiyiniz kimi Azərbaycanda son bir neçə həftədə müxalifətə qarşı təqiblər artıb. Bunlarla bağlı nə deyə bilərsiniz? Bu təqiblərin məqsədi nədir?

Mark Behrendt: Mən nümayişlərdən və bu nümayişlərə cavabdan danışa bilərəm. Mən belə başa düşürəm ki, Ermənistanla sərhəddə gərginliyin artması etirazla nəticələndi. Bu etiraz özü isə ilk öncə dəfn mərasimi ilə başladı və daha sonra böyüyərək hökümətdən bir tələbə çevrildi. Bu etiraz Qarabağ münaqişəsinə cavab idi. Bu, illər boyu dəfələrlə münaqişənin hər iki tərəfində baş verib.

Amma belə görünür ki, bu dəfə etiraz münaqişədən hökümətə qarşı etiraza çevrilmişdi. Bu da çox tez-tez baş verən bir haldır. Məncə bu, təəccüblü olmamalıdır. Birincisi, fikrimcə hökümət həddən artıq reaksiya verdi. Hökümət qeyri-mütənasib gücdən və zorakılıqdan istifadə etdi. Onlar gözyaşardıcı qazdan, su şırnaqlarından, rezin güllələrdən istifadə etdilər, insanları döydülər. Bu, demokratik cəmiyyətdə qəbuledilməz bir haldır.

Hökümət qeyri-mütənasib gücdən və zorakılıqdan istifadə etdi. Onlar gözyaşardıcı qazdan, su şırnaqlarından, rezin güllələrdən istifadə etdilər, insanları döydülər. Bu, demokratik cəmiyyətdə qəbuledilməz bir haldır.

İkincisi, 70-dən çox insan həbs olunub. Kimin həbs olunduğuna nəzər salanda, hökümətin təqiblərinin arxasındakı motivləri daha yaxşı anlayırıq.

Bilirsiniz, həbs olunan müxalifətçilərin sayı çoxdur. Xalq Cəbhəsi Partiyasının rəhbərliyindən səkkiz nəfər həbs olunub. Onlar arasında Azərbaycan Xalq Cəbhəsi Parityasının sədrinin müavini Fuad Qəhrəmanlı da var ki, o, höküməti devirməyə cəhd etməkdə ittiham olunub. Səhv etmirəmsə onun və bir neçə digər insanın barəsində üç ay həbs qətimkan tədbiri seçilib.

Son bir neçə ayda baş verənlərə nəzər salanda görürük ki, hökümət dinc nümayişdən istifadə edərək rəqiblərini hədəf alıb.

Nümayiş zamanı zorakılığın olduğuna dair iddialar var və parlament də hədəf alınıb. Ona görə də əsas məsələ nəyin baş verdiyini araşdırmaqdır. Hökümət bundan istifadə edərək güc tətbiqinə haqq qazandırır. Amma bir çox müxalifətçi deyir ki, bu, səhnələşdirilmişdi və əslində parlament binasına əhəmiyyətli ziyan dəyməmişdi. Təbii ki, bu məsələ araşdırılmalıdır. Ancaq yenə də hər zaman gücdən az istifadə olunmalıdır.

Mən vəziyyəti nəzərə aldıqda hökümətin cavabını doğru hesab etmirəm. Amma biz yenə də məsələyə daha geniş kontekstdən baxmalıyıq. Bəli, münaqişə var və bu məsələni daha da çətinləşdirir. Və eyni zamanda pandemiyanı da nəzərə almaq lazımdır.

Bilirsiniz, İlham Əliyev Novruz çıxışında Azərbaycan cəmiyyətində beşinci kolonun olduğunu və onların pandemiyadan istifadə edərək höküməti devirməyə, hakimiyyəti sarsıtmağa çalışdığını söylədi.

Fikrimcə biz tam tərsini deyə bilərik ki, hökümət və prezident Əliyev pandemiyadan müxalifəti təqib etmək üçün sui-istifadə edir.

Məncə bu təkcə regionda baş vermir, dünya boyu hökümətlər COVID-19 pandemiyası tədbirləri adı altında söz azadlığı, toplaşmaq azadlığını boğmaq üçün istifadə edirlər.

Ən son toxunmaq istədiyim məsələ və Freedom House kimi təşkilatlar üçün ən çətin məsələ münaqişədir.

Bəzən belə bir dinamika yaranır ki, hər hansı tərəfdə insanlar hər hansı səbəbdən nümayiş edirlər, ermənilər nümayiş keçirir, azərbaycanlılar nümayiş keçirir.

Hər kəs sərhəddə baş verənlərə görə məyusdur. Sərhəddə toqquşma nəticəsində insanlar öldü. İnsanlar həqiqətən də qəzəblidirlər. Ancaq eyni zamanda biz hamımız vəziyyətin sakitləşəcəyinə və genişmiqyaslı müharibəyə çevrilməyəcəyinə ümid edirik.

Məncə problem zorakılıqdadır. Bir tərəfdən sərhəddə zorakı münaqişə baş verir. Digər tərəfdən hökümət zorakılıqlara qarşı etiaz edən etirazçılara qarşı zorakılıq edir. Bundan əlavə isə etirazçılar da bəzi hallarda zorakılıq edirlər. Məncə bunların hamısını nəzərə almaq lazımdır. Heç kəs demir ki, dinc etiraz etmək haqqı gücdən istifadə etmək haqqına bərabərdir. Amma problem ondadır ki, zorakılıq daha çox zorakılıqla nəticələnir. Freedom House insanların dinc şəkildə yürüş edə bilmələrini, nümayiş keçirmələrini və hökümətin bu hallarda dinc üsullara əl atmasını dəstəkləyir.

Biz sülh və münaqişə məsələsinin, kimin haqlı, kimin haqsız olduğu ətrafında dönən mübahisələrin ermənilərlə azərbaycanlıları və bütün digər insanları birləşdirən əsas prinsiplərə xələl gətirməsinə icazə verməməliyik.

Amerikanın Səsi: Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşmalar və xüsusilə də dinc əhalinin hədəf alınması barədə nə deyə bilərsiniz?

Mark Behrendt: Mən sərhəddəki məsələni təhlil etməmişəm. Adətən toqquşma baş verəndə tərəflər bir-birilərini zorakılıqlarda ittiham edirlər. Biz bilirik ki, münaqişənin tarixi boyu zorakılıqlar baş verib. Bunu nəzərə almamaq olmaz. Və əlbəttə ki, biz hər iki tərəfin mülki əhali arasında ölüm hallarının qarşısı almaq məsuliyyətini üzərinə almalı olduğunu düşünürük. Bu, bütün tərəflərin fundamental məsuliyyətidir. Eyni zamanda mən bu halda nəyin baş verdiyini deyə bilmərəm. Mən bunu araşdırmamışam.

Münaqişə demokratiya üçün yaxşı bir hal deyil. Və hər dəfə münaqiə tərəflərinin birində demokratik dəyişiklik, demokratik irəliləyiş olduğunda sərhəddə gərginlik qaçılmaz olur.

Amerikanın Səsi: Azərbaycanda təqiblər bu ilin əvvəlində başlayıb. Koronavirus pandemiyası dövründə həbslərin sayı artıb və ən son 14 iyul aksiyasından sonra artmaqda davam edir. Siz bu təqiblərin zamanlaması barədə nə düşünürsünüz?

Mark Behrendt: Bir şeyi deyə bilərəm ki, Cənubi Qafqaz boyu təkcə Dağlıq Qarabağ deyil, Abxaziya və Cənubi Osetiya münaqişələrinə baxanda hökümətlər bu münaqişələrdən istifadə edərək hakimiyyətlərini gücləndirməyə çalışırlar. Münaqişə demokratiya üçün yaxşı bir hal deyil. Və hər dəfə münaqişə tərəflərinin birində demokratik dəyişiklik, demokratik irəliləyiş olduğunda sərhəddə gərginlik qaçılmaz olur. Buna səbəb bu cəmiyyətlərin təlükəyə açıq olmalarımıdır və siyasi baxımdan gərginliyin ən yüksək olduğu zaman sərhəddə vəziyyətin nəzarətdən çıxmasımıdır, yoxsa bu, diqqəti daxili siyasi problemlərdən yayındıraraq xarici düşmənə yönəltməyin şüurlu yoludurmu? Mən bununla bağlı spekulyasiya etməyəcəm, amma mən inanıram ki, və bu demək olar gözləniləndir ki, sərhəddə gərginliyin olduğu vaxt, cəmiyyədə demokratiya və haqlar baxımından da gərginlik olur.

Eyni zamada ölkə daxilində hər hansı məsələ ilə bağlı etirazlar olanda bu, sərhəddə öz əksini tapır. Hər iki tərəfdən insan haqları müdafiəçiləri və demokratik dəyişiklik tərəfdarları illərdir bunu söyləyirlər.

Amerikanın Səsi: Sizin birinci suala cavabınızda da qeyd etdiyiniz kimi prezident İlham Əliyev 14 iyul aksiyasından sonra etdiyi çıxışında müxalifəti, xüsusilə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərini kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışdıqlarını və orada cinayət törədənlərin hamısının cinayət məsuliyyətinə cəlb edilməli olduqlarını söyləyib. Bununla bağlı daha ətraflı nə deyə bilərsiniz?

Mark Behrendt: Mən nə baş verdiyini bilmirəm.

Əlbəttə ki, hər dövlətin özünü və qurumlarını, parlamentini qorumaq kimi cavabdehliyi var. Amma bunu qanunun aliliyi çərçivəsində etməyin yolları var. Bunu demokratik cəmiyyətdə haqları qoruyaraq və etirazçılara qarşı qeyri-mütənasib gücdən istifadəyə icazə verməyərək etməyin yolları var. Bəs burdakı cizgi nədir? Əgər 30 min insan etiraz edirsə və onlardan üçü qanunsuz bir hərəkət edirsə, bu o demək deyil ki, 30000 insanın hər biri o üç nəfərin etdiklərinə görə cavabdehdir. Bu aralar etirazların baş verdiyi bütün cəmiyyətlər bunu nəzərə almalıdırlar.

Amerikanın Səsi: Sizcə beynəlxalq ictimaiyyət bu təqibləri dayandırmaq üçün nə edə bilər? Adətən beynəlxalq təşkilatlar və xarici hökümətlər bəyanatlar yayırlar. Bu dəfə onlar nə edə bilərlər?

Mark Behrendt: Hazırda dünya boyu müşahidə etdiyimiz problem erməni və azərbaycanlı diaspora icmalarının arasında gərginliklərin artmasıdır. Bu Moskvada, Los Ancelesdə, bir çox yerdə baş verir. Bu məsələdə münaqişənin rol oynaması xarici oyunçuları çətin vəziyyətə salır. Əgər sən Freedom House kimi demokratiya və insan haqlarını müdafiə edən bir təşkilatsansa münaqişə haqda danışmaq istəmirsən. Əgər sən münaqişə ilə maraqlanan təşkilatsansa, o zaman demokratiya, insan haqları və idarəetmə haqda danışmaq istəmirsən, çünki bu sənin hər iki tərəflə güclü münasibəti qorumaq imkanına xələl gətirir. Yəni bu cür gərginliklər olur. Amma eyni zamanda bu iki məsələ haqda eyni anda danışmaq mühümdür, bünün təbii bir hal olduğunu, münaqişə olduğunda demokratiya və haqlar sahəsində problemlərin olduğunu dərk etmək və bu məsələləri birlikdə dəyərləndirmək vacibdir. Biz beynəlxlaq ictimaiyyət olaraq özümüzün yüksək standartlarımız olmalıdır. Bu isə o deməkdir ki, biz gücdən istifadə və zorakılıq əleyhinə mövqeyə sahib olmalıyıq.

Əlbəttə ki, hər dövlətin özünü və qurumlarını, parlamentini qorumaq kimi cavabdehliyi var. Amma bunu qanunun aliliyi çərçivəsində etməyin yolları var. Bunu demokratik cəmiyyətdə haqları qoruyaraq və etirazçılara qarşı qeyri-mütənasib gücdən istifadəyə icazə verməyərək etməyin yolları var.

Freehom House tərəfləri ATƏT-in Minsk Qrupunun apardığı siyasi prosesi izləməyə çağırırıq. Münaqişənin hər iki tərəfi ATƏT-in Minsk Qrupu ilə işləməyə razılaşıb. Bundan əlavə düşünürəm ki, biz tərəfdaşlar, vətəndaş cəmiyyəti, media və cəmiyyətin özü ilə danışıb zorakılıq və gücdən istifadə məsələsini, habelə Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ üzərində gedən münaqişənin hər iki cəmiyyətə mənfi təsirlərini müzakirə etməliyik. Toqquşmanın davam etməsinin ölkələrin demokratik inkişafına mənfi təsiri qaçılmazdır.

Və əlbəttə ki, sülh hər kəsin xeyrinədir. Mülki vətəndaşlar arasında tələfatların olması heç kəs üçün yaxşı hal deyil. Günahkarlar isə heç vaxt qurbanlar olmur. Digər tərəfdən isə bu o demək deyil ki, biz höküməti gücdən istifadə etdiyinə görə cavabdeh tutmalıyıq. Biz həm də insanların hər hansı məsələ ilə bağlı dinc etiraz etmək haqlarını müdafiə etməliyik. Yəni siz bir erməni olub, azərbaycanlıların Qarabağ Münaqişəsi ilə bağlı etiraz etmək haqlarını dəstəkləyə bilərsiniz. Siz Qarabağ münaqişəsi ilə bağlı güclü hisslər keçirən bir azərbaycanlı olub, eyni zamanda ermənilərin etiraz etmək haqlarını dəstəkləyə bilərsiniz. Bu məsələlər geniş müzakirə olunmalıdır.

Amerikanın Səsi: Son sualım isə ABŞ-ın mövqeyi ilə bağlı olacaq. Hazırkı pandemiyanı və ABŞ-da seçki ili olduğunu nəzərə alaraq, sizcə ABŞ administrasiyası Azərbaycan hökümətinə təqibləri dayandırması üçün təzyiq göstərmək üçün nə edə bilər?

Mark Behrendt: Fikrimcə xoşbəxtlikdən Birləşmiş Ştatlar hökümətinin bütün bu məsələlərə prinsipli yanaşması var. Birləşmiş Ştatlar höküməti bildirir ki, dünya boyu inkişaf, demokratiya və insan haqlarının müdafiəsi ABŞ-ın milli marağındadır. Onlar bunu seçki ilində də, seçkinin olmadığı bir ildə də edə bilər. Onlar bunu edir və etməyə davam etməlidirlər. Birləşmiş Ştatlarda baş verən hər şey, bütün etirazlar, qütbləşmələr, Amerika cəmiyyəti üçün çətin olan bütün məsələlər bizə baş verənləri daha yaxşı anlamağa yardım edir. Və eyni zamanda ümid edirəm ki, insanlar da bizim də onlar kimi eyni vəziyyətdə olduğumuzu və daha yaxşı cəmiyyət qurmağa çalışdığmızı dərk edərlər.

Şərhlərə bax

XS
SM
MD
LG