Accessibility links

Avstriya Rusiya diplomatlarını 'iqtisadi casusluq' iddiası əsasında qovur


Avstriya iqtisadi casusluqda iştirak etdiyi bildirilən bir rusiyalı diplomatın ölkədən xaric edildiyini açıqlayıb.

Rusiya buna cavab olaraq Moskvadakı Avstriya səfirliyində bir diplomatın persona non-grata elan edildiyini bəyan edib.

Avstriya Xarici İşlər Nazirliyi Rusiyanın Vyanadakı səfirliyindəki bir diplomatın Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına uyğun olmayan davranışa görə çıxarılmasına göstəriş verildiyini deyib.

Nazirlik əlavə məlumat verməyib, ancaq Avstriyanın gündəlik Kronen Zeitung qəzeti rusiyalı diplomatın illərdir bir texnologiya şirkətində Avstriya vətəndaşının köməyi ilə casusluq etdiyini bildirib.

Rusiyanın Vyanadakı səfirliyi öz saytında, "Avstriya hakimiyyətinin konstruktiv Rusiya-Avstriya münasibətlərinə xələl gətirən əsassız qərarından təəssüfləndiyini" qeyd edib.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyi qərarın "qarşılıqlı prinsipə əsaslandığını" söyləyərək avstriyalı bir diplomatın xaric edildiyini açıqlayıb.

2018-ci ildə Avstriya keçmiş rus casusu Sergey Skripal və qızının İngiltərədəki zəhərlənməsi ilə əlaqədar Rusiya nümayəndələrini qovan Avropa İttifaqı ölkələrinin əksəriyyətinə qoşulmaqdan imtina etmişdi.

XS
SM
MD
LG