Accessibility links

Aleks Vatanka İranın Qarabağ münaqişəsinə reaksiyası, İslam Respublikasındakı azərbaycanlıların siyasi çəkisini şərh edir


Aleks Vatanka İranın Qarabağ münaqişəsinə reaksiyası, İslam Respublikasındakı azərbaycanlıların siyasi çəkisini şərh edir
please wait

No media source currently available

0:00 0:06:51 0:00

Yaxın Şərq İnstitutunun baş elmi işçisi və İran proqramının direktoru Aleks Vatanka Amerikanın Səsinə müsahibədə İranın Dağlıq Qarabağdakı hərbi münaqişəyə münasibəti, İran azərbaycanlılarının İranın rəsmi mövqeyinə təsiri və Azərbaycan-Türkiyə müttəfiqliyinin İran üçün doğura biləcəyi mümkün narahatlıqlarından danışıb.

Amerikanın Səsi: İran bazar ertəsi Azərbaycan və Ermənistana xəbərdarlıq edib ki, “sərhədlərində münaqişə, xüsusilə də, ərazisinə hər hansı hücum yolverilməzdir. “Biz hər iki paytaxtdakı (Bakı və Yerevan) dostlarımıza bu məsələdə son dərəcə diqqətli olmalarını söyləmişik. İslam Respublikasının sərhədlərinə qarşı, təsadüfən olsa belə, hər hansı aqressiya çox ciddi bir qırmızı xəttdir və bu xətt keçilməməlidir”- xarici işlər naziri deyib. Siz bu bəyanat və İranın Dağlıq Qarabağ və ətrafında gedən hərbi münaqişəyə rəsmi münasibəti barədə nə deyə bilərsiniz?

Aleks Vatanka: İran, reaksiya baxımından, 1994-cü ildən, mütəmadi döyüşlərn başladığı zamandan bəri olduğu kimi bir reaksiya vermək istədi. İranın illər boyu mövqeyi tərəfləri sakitliyə çağırmaq və vasitəçilik təklif etmək olub. Bu dəfə də onların mövqeyi bu oldu. Amma bu dəfə Tehranı təəccübləndirən münaqişənin son illərdə baş verən toqquşmalardan daha uzun davam etməsi, daha tələfatlı olması və İranın şimal-qərbindəki vilayətlərdəki etnik azərbaycanlıları hiddətləndirməsi oldu.

Buna görə də, sadəcə olaraq tərəfləri sakitliyə çağırmaq və vasitəçilik etməyi təklif etmək Tehran üçün siyasi baxımdan mümkün deyildi. Bu səbəbdən də, oktyabrın 1-də İranın azərbaycanlıların yaşadığı hissəsində ali ruhani Ayətullah Ali Xameneinin nümayəndələri açıq şəkildə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu söylədilər. Bu, böyük bir bəyanat idi. Bu, Tehrandan gələn tipik bəyanat deyildi. Və bu, iranlıların bu münaqişənin böyüməsindən, İrana yayılmasından və İranın sabitliyinə mənfi təsir göstərməsindən narahat olduqlarını göstərir.

Amerikanın Səsi: İranda yaşayan bəzi azərbaycanlılar Azərbaycan Respublikasına dəstək məqsədilə və Tehranın siyasətinə qarşı etirazlar keçiriblər. Sizcə İran azərbaycanlıları İranın Cənubi Qafqaz siyasətində hansı rol oynayırlar, və ya ümumiyyətlə rol oynayırlarmı?

Aleks Vatanka: İrandakı azərbaycanlı icmasının hansı rol oynadığını dəqiq söyləmək çətindir, çünki onlar böyük bir icmadır. İranda sadəcə 100,000-150,000 erməni yaşayır, amma azərbaycanlıların sayı 20 milyondan çoxdur. Azərbaycanlılar hökümətin bütün səviyyələrində mövcuddurlar. Onlar müxalifətdə, orduda, biznes icmasında yer alırlar. Ona görə də biz iranlı azərbaycanlılarının mövqeyindən danışa bilmərik. Biz İranın geo-siyasi maraqlarından danışa bilərik. Və zənnimcə, Tehran üçün ən çox narahatlıq doğuran məsələ Türkiyə və İsrail kimi xarici qüvvələrin Cənubi Qafqazdakı bu münaqişədən istifadə edərək İran azərbaycanlıları arasında qəzəb yaratmağa çalışmaq ehtimalıdır.

Ona görə də düşünürəm ki, iranlılar bu münaqişəni təkcə xarici siyasət narahatlığı və ya prioritet olaraq görmürlər. Onlar münaqişənin İranın daxili sabitliyinə təsirindən qorxurlar. Dediyim kimi, İranda böyük etnik azərbaycanlı əhalisi var. Xatırlamalı olduğumuz bir digər amil də odur ki, İranın azərbaycanlı əhalisi də İrana tətbiq olunan sanksiyalara görə narahat və stresslidir.

Ona görə də, etnik məsələninn siyasiləşməsini və Təbriz kimi yerlərdə şahidi olduğumuz bəzi etirazlarda olduğu kimi zorakı hal alması Tehrandakı mərkəzi hökümətin görmək istədiyi mənzərə deyil və onlar bunun qarşısını almağa çalışırlar.

Amerikanın Səsi: İranın Dağlıq Qarabağdakı hərbi münaqişə və bu münaqişənin mümkün nəticələri ilə bağlı əsas narahatlıqları nədir?

Aleks Vatanka: Fikrimcə, birbaşa təhlükə münaqişənin İrana yayılmasıdır. Bilirsiniz ki, İranda kifayət qədər etnik azərbaycanlı Araz çayının o tayındakı azərbaycanlılarla birləşmək istədiyi üçün, bu, təkcə Azərbaycan Respublikasındakı deyil, həm də İrandakı azərbaycanlılar üçün milli hərəkata çevrilə bilər. Bu isə İran üçün ən dəhşətli ssenaridir. Biz unutmamalıyıq ki, İran multi-etnik ölkədir. İran təkcə bir etnik azlığa görə narahat olmur. Kürdlər də azərbaycanlıların yaşadığı əraziyə yaxın yerdə yaşayır. Bundan əlavə İranda başqa azlıqlar da var. Yəni bu, belə desək, pis presedent yarada, zəncirvari reaksiyaya səbəb ola bilər. İranlılar inanır ki, xarici güclərin, İran körfəzindəki rəqib ərəb ölkələrin və ya İsrailin İrandakı etnik narazılıqlardan istifadə edərək Ayətullah Xameneyi və onun rejiminə xələl gətirmək strategiyası var.

Amerikanın Səsi: Sizcə Tehran Azərbaycanla Türkiyə arasında siyasi və hərbi müttəfiqliyi strateji təhlükə olaraq görürmü?

Aleks Vatanka: Zənnimcə iranlılar buna görə çox narahatdırlar. İranlılar və türklər arasında çətin münasibət var. Onlar bəzi sahələrdə əməkdaşlıq edirlər - məsələn, ticarət sahəsində. Amma onlar arasında həm də şübhə və rəqabət də var. Biz İran-Türkiyə rəqabətini hətta Suriyada, Livanda və İraqda görürük.

Ona görə də, düşünürəm ki, iranlılar bu amili də nəzərə alırlar. Onlar Prezident Ərdoğanın pantürkist gündəmi ilə nə etmək istədiyindən və İran türklərini, İrandakı azərbaycanlıları gündəminin bir hissəsi olaraq istifadə etməsindən narahatdırlar. Bəli, mən düşünrəm ki, iranlılar Türkiyənin İrandakı azərbaycanlı azlığından istifadə edərək İranın Azərbaycandakı siyasətini formalarşdırmağa çalışmasından narahatdrılar.

Amma, açığını desəm, mən düşünürəm ki, iranlılar ruslar və türklərin Cənubi Qafqazda daha dərin münarişəyə daxil olduğu və İranı tərəf seçməyə vadar etdiyi təqdirdə bunun onlar üçün yaxşı olmayacağını düçünürlər, çünki İran ölkədaxili siyasətindən narahatdır, İrandakı azərbaycanlı əhalisinin nə deyəcəyindən narahatdır. Biz İranın hava hövzəsindən Rusiyadan Ermənistana uçuşların həyata keçirildiyinə dair xəbərlər çıxdığı zaman bunun şahidi olduq. Biz ictimaiyyət, xüsusilə də azərbaycanlı əhali tərəfindən qəzəbli reaksiya ilə qarşılaşdıq.

Dediyim kimi, iranlılar çox güman ki, bütün bunların tezliklə bitəcəyinə ümid edir və özlərini Cənubi Qafqazda baş verən bu münaqişənin təsirlərindən qorumaq üçün doğru mövqeyi seçməyin yollarını axtarırlar.

XS
SM
MD
LG