Accessibility links

Pol Qobl: "Biz bunu Qarabağ böhranının sonu kimi deyil, sonun başlanğıcı kimi görməliyik"


Pol Qobl: "Biz bunu Qarabağ böhranının sonu kimi deyil, sonun başlanğıcı kimi görməliyik"
please wait

No media source currently available

0:00 0:07:39 0:00

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə keçmiş müşaviri Pol Qobl Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanan atəşkəs bəyanatını, Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsini və Türkiyənin bu yeni quruluşdakı rolunu şərh edib.

Amerikanın Səsi: Sizin Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan atəşkəs bəyanatına reaksiyanız nədir?

Pol Qobl: Məncə, bu çox gözəl bir irəliləyişdir. Mən bunu sülh razılığı deyil, sizin də qeyd etdiyiniz kimi atəşkəs razılığı olaraq görürəm. Bu, barışıq deyil, bir neçə müddəası olan ətraflı atəşkəsdir. Bu müddəaların bəziləri müsbətdir, amma bəziləri ilə bağlı şübhələrim var. Biz bunun hansı nəticə verəcəyini görəcəyik. Zənnimcə, Azərbaycan ordusunun yerdə qələbəyə yaxın olduğu olması buna gətirib çıxardı, çünki Ermənistan Qarabağdakı qüvvələrini itirməyə yaxın idi. Onlar mühasirəyə alınıb, məhv edilmək təhlükəsi ilə üzləşirdilər. Rusiyanın Cənubi Qafqazdakl gücü açıq şəkildə zəifləmişdi. Bu, Rusiyanın geri çəkilməsi idi.

Mən uzun zamandır bunu dəstəklədiyim üçün, Naxçıvanla Azərbaycan arasında quru üzərində dəhlizin yaradılacağına görə həyəcanlıyam. Bəlkə bu dəhliz olaraq başlayacaq amma daha sonra suverenlik işığına çevriləcək.

Bu vacibdir, çünki bu, o deməkdir ki, azərbaycanlılar artıq ölkələrinin başqa bir hissəsinə getmək üçün İran səfirliyində növbədə dayanıb, daha sonra avtobus gözləməli olmayacaqlar. Bu, həmçinin Sovet İttifaqının 1920-ci illərdə Türkiyəni Azərbaycan və Orta Asiyadan ayırmaq cəhdinin müəyyən mənada ortadan qaldırılması deməkdir və böyük bir irəliləyişdir. Razılığın məni ən çox sevindirən hissəsi budur və məncə bu çox vacibdir.

Mən təəsüflənirəm ki, Rusiya höküməti beynəlxalq qanuna zidd olaraq, bir tərəfi dəstəklədiyi açıq aydın olduğu bir halda ki, o tərəf də artıq Rusiyanın onlara xəyanət etdiyini düşünür, orada sülhməramlılarını yerləşdirə biləcəyini düşünür. Beynəlxalq qanunun prinsiplərinə əsasən münaqişədə iştirak edən ölkə əraziyə sülhməramlısını göndərə bilməz. Amma bu Rusiyadır və məncə sülhməramlıların sayı o qədər azdır ki, bəzi insanların düşündüyü kimi böyük əhəmiyyət daşımayacaq.

Bu Azərbaycan üçün böyük qələbə oldu. Bu həm də Türkiyə üçün qələbədir. Məqsəd Rusiyanın rüsvayçılığının qarşısını almaq və Ermənistan ordusunu xilas etmək idi ki, bunun vacib olmadığını deyə bilmərik. Amma eyni zamanda bu siyasi həll deyildi. Zənnimcə uzun müddətdə ermənillər heç Rusiyanın onların müdafiəçisi olduğu fikrini qəbul etməyəcəklər.

Onlar elə xəyanətə uğrayıblar ki, bunu bağışlaya bilməzlər. Düzdür indi onlar Paşinyanın əleyhinə küçələrə axışıblar, amma uzun müddətdə Ermənistan özünə başqa yerlərdə müttəfiq axtaracaq. Fikrimcə onlar müdafiəçi olaraq ilk Fransa və Avropa İttifaqına, bəlkə də hətta Birləşmiş Ştatlara və İrana üz tutacaqlar. Bu isə Cənubi Qafqazda geo-siyasəti dəyişir. Bu, Rusiyanı regiondakı mövcudluq baxımından 100 il geriyə aparır. Bu nöqtəyə çatmaq üçün bu qədər zorakılığın baş verməsi təəssüf doğurur, amma fikrimcə Azərbaycanın irəliləyişləri olmadan bu razılığın müsbət tərəfləri olmayacaqdı.

Amerikanın Səsi: Rusiya məsələsinə gəldikdə Rusiyanın öz sülhməramlılarını Dağlıq Qarabağa yerləşdirməsinin regionun gələcəyinə nə cür təsirləri ola bilər?

Pol Qobl: Birincisi, mən bir çox dəfə demişəm ki, rusların sülhməramlı anlayışı bizdən fərqlidir. Onlar sülhməramlı yerləşdirməyə torpaq almaq kimi baxırlar. Moskva əraziyə geri dönmək istəyir və Putinin tərəfdarı olan rusiyalı şərhçilər bunu Rusiya ordusunun Qarabağa qayıdışı olaraq görür. Amma bu baş vermədi. Bu yanlışdır və beynəlxalq qanuna ziddir. Yaxşı olardı ki, Fransa və Birləşmiş Ştatlar daxil olmaqla başqa ölkələr israr edərdi ki, əgər regiona sülhməramlılar yerləşdiriləcəksə onlar başqa ölkənin sülhməramlıları olmalıdırlar. Ancaq Türkiyə monitorinq mərkəzinin həmsədri rolu oynayır. Və Rusiya sülhməramlılarının yerləşdirilməsi döyüşlərin qısa müddətdə dayandırılmasına və Ermənistan ordusunun xilas edilməsinə imkan yaratdı ki, bu da Yerevanı bu şərtləri qəbul etməyə vadar etdi. Mən Qarabağda sülhməramlıların olmasını müsbət hal olaraq görmürəm, amma mən həmçinin bunun münaqişənin yekun həlli olduğunu da düşünmürəm.

Ona görə də mən bunun sülh sazişi olduğunu düşünmürəm. Sülh sazişi Yerevanla Bakı arasında əldə olunacaq, bu nə Minsk Qrupu nə br başqası nə də Rusiya tərəfindən tətbiq olunacaq. Belə bir halda da orada Rusiyanın sülhməramlıları olmayacaq. Açıqlamaya görə, bu beş illik bir razılıqdır və mən ümid edirəm ki, regionda heç bir il sonra da Rusiya sülhməramlıları qalmayacaq, nəinki beş il sonra.

Amerikanın Səsi: Bəyanatda Türkiyənin rolu ilə bağlı aydın açıqlamaların olmadığını və bununla bağlı qeyri-müəyyənliyin olduğunu nəzərə aldıqda Türkiyə bu yeni reallığa nə dərəcədə cəlb oluncaq?

Pol Qobl: Fikrimcə, türklər səfeh deyillər. Onlar bu razılığa Rusiyanın regionda zəifləyən güc olmasının səbəb olduğunu bilirlər. Mən həmçinin inanıram ki, Türkiyə Azərbaycanla münasibətlərini intesviləşdirəcək və Xəzər Dənizindən Orta Asiyaya açılacaq. Məncə, türklər həmçinin Türkiyə və Azərbaycanın maraqlarının əks olunmasını təmin edəcəklər.

Beynəlxalq münasibətlərin qaydalarından biri də odur ki, ölkələr təhlükəsizlik tələsinə düşürlər, yəni onlar müəyyən siyasəti nə qədər çox yürüdürlərsə, həmin siyasətə müqavimət artır. Ona görə də məncə Azərbaycan və Türkiyə siyasi cəbhədə daha ehtiyatla irəliləyəcəklər ki, Rusiyanın siyasətində dəyişikliyin qarşısını alsınlar. Düzünü desəm, Rusiya dəyişiklik etmək də istəmir. Bu səbəbdən də zənnimcə, Türkiyə regiona müdaxiləsini dərinləşdirəcək, çünki onlar Rusiya daha az əhəmiyyətli oyunçuya çevrildiyi üçün orada güc boşluğunun yarandığını görürlər.

Amerikanın Səsi: Digər dünya qüdrətlərinin bundan sonrakı rolu nə olacaq? Məsələn, ATƏT-in Minsk Qrupu hansı rolu oynayacaq?

Pol Qobl: Birinci gündən Minsk Qrupuna skeptik yanaşan biri olaraq mən onun böyük rol oynayacağını düşünmürdüm. Çünki bu quruluş xarici qüvvələrin həll yolu tapıb onu tətbiq etməsini təklif edirdi, amma əslində, yerdəki razılıq Azərbaycan və Ermənistan xalqları arasında əldə olunmalıdır.

Digər tərəfdənsə, Minsk Qrupunun üzvləri arasında Birləmiş Ştatlar və Fransa kimi mühüm qüdrətlər var. Birləşmiş Ştatlar hazırda keçid dövründədir. Biz Amerikann necə siyasət yürüdəcəyini dəqiq bilmirik. Fikrimcə hətta Rusiyanın sülhməramlılarını indi yerləşdirməsinin bir səbəbi də bu ola bilər. Çünki Co Bayden administrasiyası Tramp administrasiyasının Rusiyanın digər qanun pozuntularına yanaşmasından fərqli olaraq, beynəlxalq qanunun pozulmasına daha skeptik yanaşar.

Mən amerikalıların fevral və ya mart ayında rus sühməramlılarının başqa ökənin, məsələn Norveçin sülhməramlıları ilə əvəzlənməsinin təklif etmələrini gözləyirəm. Bunun nə zaman baş verəcəyi isə Birləşmiş Ştatlardakı keçiddən asılı olacaq. Amma cənab Bayden cənab Tarmpdan fərqli olaraq karyerası boyunca beynəlxalq qanunlara daha sadiq olub. Ona görə də məncə Vaşinqton Rusiyanın qaydaları pozmaması üçün daha çox təkid edəcək. Rusiyanın həmin qaydalara əməl etməsini təmin etməsi üçün ağıllı danışıqlar aparılmalıdır. Amma yenə də zənnimcə amerikalıların növbəti altı ayda məsələdə daha müsbət rol oynamaq ehtimalı yüksəkdir.

Dediyim kimi, mən Rusiyanın sülhməramlılarını oraya yerləşdirilməsindən təəsüflənirəm. Amma məncə, biz bunu Qarabağ böhranının sonu kimi deyil, sonun başlanğıcı kimi görməliyik. Aydın olur ki, buna səbəb Azərbaycanın Şuşanı geri alması oldu. Mən Şuşanın azərbaycanlılar üçün kimlik baxımından tarixi və simvolik əhəmiyyətinin nə qədər mühüm olduğunu bilirəm. Və məncə, bu müsbət irəliləyişə gətirib çıxaran da Şuşanın geri alınması oldu.

Şərhlərə bax

XS
SM
MD
LG