Accessibility links

"Bakı Qulaqları"


"Bakı Qulaqları"
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağı məhz “Bakı Qulaqları”, yaxud da Kərkəs dağı adlandırırlar. Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü əsasən doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər. Lakin bu quma lupa altında xeyli böyüdülmüş formada baxıldıqda məlum oldu ki, qum zərrəcikləri vulkanik sahələrdə yaranan ağappaq dənəciklərdən ibarətdir. Küləkli hava şəraitində zirvəyə qalxmaq müəyyən qədər çətin olsa da, əvvəllər insanların xəbərsiz olduğu bu ərazilərə küləyin nisbətən zəif əsdiyi günlərdə turizm məqsədilə müxtəlif yürüşlər də təşkil edilir. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-ci illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cü illərdə sənaye mərkəzi olub. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulub. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunub. Puta dəmiryolu stansiyasından 2 km aralıda yerləşən qəsəbə çox sakit, lakin rütubətli bir yerdə salınıb.

XS
SM
MD
LG