Accessibility links

Kiber hücumlardan sonra ABŞ-ın şərq sahilində yanacaq problemi yaranıb


Kiber hücumlar ABŞ-ın şərq sahillərində yanacaq problemi yaradıb
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Rusiya ABŞ-ın Şərq Sahili yanacaq tədarükünün demək olar ki, yarısı üçün kritik bir arteriya olan Kolonial Boru Kəmərinə zərər vuran kiberhücumda iştirakını rədd edib. Bayden administrasiyası benzin qıtlığını aradan qaldırmaq üçün addımlar atarkən, sürücülər yanacaq doldurma məntəqələrində daha yüksək qiymətlərlə üzləşir.

Rəsmilər yanacaq tədarükü ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışarkən, bəzi amerikalılar yanacaq doldurma məntəqələrində artıq pul ödəyirlər.

"Bu, bizi böyük stresə salan daha bir şeydir" - deyə, Patrisia Bomqardner bildirib.

ABŞ-ın Şərq Sahilində istehlak edilən neft yanacağının demək olar ki, yarısını təmin edən Kolonial Boru Kəməri keçən həftə qəsbkar hücumu səbəbi ilə fəaliyyətini dayandırıb.

Bunlar zərərli oyunçuların kiber hücumlarıdır. Bununla onlar xidmətlərini iflic vəziyyətinə gətirən şirkətləri və hökumət şəbəkələrini girov saxlayaraq maliyyə ödənişi tələb edir.

Federal Təhqiqatlar Bürosu Rusiyada və ya Şərqi Avropada yerləşən cinayətkar qrup “DarkSide”in məsuliyyət daşıdığını bildirib.

"Kəşfiyyat bu barədə daha çox məlumat vermədən əvvəl tam qiymətləndirməsini gözləyəcəyik" - deyə, Ağ Evin Mətbuat Katibi Cen Psaki bildirib.

“DarkSide” yalnız pul qazanmaq istədiyini və geosiyasət ilə maraqlanmadığını açıqlayıb. Rusiya hökumətinin sözçüsü Dmitri Peskov bu məsələ ilə əlaqəli olduğunu rədd edib.

"Bununla əlaqədar bizə qarşı irəli sürülən ittihamları qətiyyən qəbul etmirik" - deyə, o bildirib.

Aprel ayında Bayden administrasiyası federal qurumları hədəf alan SolarWinds kiberhücumunda iştirakına görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi.

Kiber mütəxəssisləri qəsbkar hücumları dayandırmaq üçün beynəlxalq razılığın lazım olduğunu deyir.

“Rusiyada və ətraf bölgələrdə fəaliyyət göstərən bu iş modelini - həkləmək və məlumatları paylaşmamaq üçün pul tələbini dayandırmaq üçün bir yol tapa bilməsək, şirkətlərə ehtiyat məlumat nüsxələrini yaratmağa kömək etməsək, kritik əhəmiyyət daşıyan infrastruktur operatorlarına risklərinin nə olduğunu anlamağa kömək edə bilməyəcəyiksə, bu problem davam edəcək” - deyə, Vilson Mərkəzinin Elm və Texnologiya İnnovasiya Proqramından Meq Kinq bildirib.

Kolonial Boru Kəməri xidmətlərin bərpası üçün çalışdığını deyib. Bu vaxt Bayden administrasiyası aşağı keyfiyyətli benzin qarışıqlarının tədarükünü artırmasına müvəqqəti olaraq icazə verilməsi və dəmir yolu operatorlarının yanacağın ən çox ehtiyac duyduğu ərazilərə daşınması üçün cəlb edilməsi də daxil olmaqla, yanacaq çatışmazlığını aradan qaldırmaq üçün addımlar atıb.

“Benzin qıtlığımız yoxdur. Bu, tədarük böhranıdır və tezliklə bu işlər yoluna düşəcək” - deyə, ABŞ Enerji naziri Cennifer Qranholm bildirib.

Ehtiyac olsa, rəhbərlik ABŞ limanları arasında göndərilən yanacağın amerikalıların inşa etdiyi, sahibi olduğu və istismar etdiyi gəmilərlə daşınmasını tələb edən federal qanundan imtina etməyə də hazırlaşır.

XS
SM
MD
LG