Azərbaycanda ilk çay muzeyi
Dünyada istifadə edilən çayın 75 faizi qara çaydır. Ümumilikdə isə 1500-dən çox çay növü var. Bu növlərin bəziləri Azərbaycanda, Lənkəranda da yetişdirilir. Lənkəranın İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatı "Made in Azerbaijan” brendi ilə 25 çeşiddə çay istehsal edir. “Yaşıl çay” fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılıb. İlki vaxtlar 20 hektar ərazisi olsa da, hazırda fermer təsərrüfatının torpaq sahəsi 150 hektara çatır. Bunun 70 hektarı çay plantasiyasıdır və hazırda onun 40 hektarı məhsul verir. Hər il müasir üsulla plantasiyalar salınır. Məqsəd çay plantasiyalarının sahəsini 120 hektara çatdırmaqdır. Cənub bölgəsinin əlverişli təbii iqlim şəraiti çayçılığın inkişafını zəruri edir. Araz Yaqubov təsərrüfatda daim yeniliklər tətbiq etməkdə maraqlı olduğunu bildirir. Plantasiyalarda hollandiyalı mütəxəssislər tərəfindən müasir suvarma şəbəkəsi qurulub və bitkinin suvarılması çiləmə üsulu ilə aparılır. Plantasiyalar isə yapon texnologiyası ilə salınıb. Digər bir yenilik isə ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə bu təsərrüfatda arakəsmə olmadan uzunluğu 400 metrə çatan cərgələr salınıb. Bundan başqa, Azərbaycanda ilk dəfə bu təsərrüfatın nəzdində çay muzeyi yaradılıb.