Accessibility links

Məhkəmə rüsumları ilə bağlı qanun qüvvəyə mindi


Məhkəmə rüsumları ilə bağlı qanun qüvvəyə mindi
please wait

No media source currently available

0:00 0:04:24 0:00

Məhkəmələrdə verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarının məbləğlərinin artırılması barədə qanun dəyişikliyi oktyabrın 1-dən qüvvəyə minib. “Dövlət rüsumu haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən qanun layihəsi bir çox vəkillərin narazılığı ilə qarşılanıb. Dövlət rüsumu haqqında qanuna əsasən, məhkəməyə bəzi növ müraciətlər üçün rüsumlar 10 dəfəyə qədər artırılıb. Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərə görə isə məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən ediləcək. Vətəndaş Hüquqları İnstitutu hesab edir ki, bu qanun ədalət mühakiməsi hüququnun təmin edilməsinə problem yaradacaq. Vətəndaş Hüquqları İnstitutunun sədr müavini Samir Kazımlı deyir ki, bu dəyişikliklər Azərbaycan sakinlərinin onsuz da ağır vəziyyətdə olan məhkəməyə çatımlılıq hüququnu pisləşdirir və məhkəmədə təmsilçilik hüququnun səmərəli həyata keçirilməsi üçün çəkindirici effekt yaradır. Hüquqşünas Səməd Rəhimli deyir ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik vəkillərə təhdid təşkil edir. Hüquqşünas hesab edir ki, rüsumların artırılması vətəndaşların məhkəməyə müraciətini çətinləşdirəcək, bu dəyişiklik Azərbaycanda əhalinin maddi imkanları ilə uzlaşmır.

XS
SM
MD
LG