Accessibility links

Gürcüstan müxalifəti “daimi” etiraz aksiyasına başlayır


Gürcüstanın müxalif Vahid Milli Hərəkatının (VHH) lideri bildirib ki, noyabrın 2-də keçmiş prezident Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanası qarşısında etiraz aksiyası başlayacaq.

"Gürcüstan etiraza başlayacaq!" - deyə, Nika Melia Facebookda yazıb. O qeyd edib ki, etiraz yerli vaxtla saat 17:00-da başlayacaq və Saakaşvilinin azad edilməsi tələb ediləcək: "Toplanış daimi olacaq və məqsədə çatana qədər bitməyəcək!"

Gürcüstan 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra siyasi ifliclə üzləşib. Saakaşvilinin ötən ay yerli seçkilərin birinci turu ərəfəsində həbs edilməsindən və aclıq aksiyasına başlamasından sonra böhran daha da dərinləşib.

Saakaşvili tərəfindən yaradılan ENM oktyabrın 30-da keçirilən ikinci tur seçkilərin hakim Gürcü Arzusu partiyasının xeyrinə saxtalaşdırıldığını iddia edir.

İkinci turun ilkin nəticələrinə görə, “Gürcü Arzusu” ölkənin əsas şəhərlərinin beşi də daxil olmaqla, mübahisəli 20 mer vəzifəsindən 19-nu az fərqlə qazanıb.

Saakaşvili Facebookda bildirib ki, ENM seçkidə qalib gəlib. "Və Gürcüstan hökumətini mənimsəmiş bir qrup quldur bu qələbəni əlimizdən aldı. Onlar bizi qarət etdilər və öz ölkəmizə hakim olmaq kimi ən elementar hüququmuzdan məhrum etdilər!" - deyə, o qeyd edib.

O, “Gürcü Arzusu” hökumətindən “hakimiyyəti geri almaq” və “onları qanun qarşısında cavab vermələri” üçün etiraz aksiyalarına çağırıb.

Saakaşvili noyabrın 1-də aclıq aksiyasının 32-ci günündə idi və o, Facebook mesajında demək olar ki, 20 kiloqram arıqladığını bildirib.

Ədliyyə Nazirliyinin məlumatına görə, Saakaşvilinin vəziyyəti xəstəxanaya yerləşdirilməli olduğu həddə pisləşərsə, o, Penitensiar Xidmətin 18-ci Müalicə Müəssisəsinə köçürüləcək.

Saakaşvilinin vəkilləri və həkimləri bildirirlər ki, müəssisə Saakaşvilini izləmək və müalicə etmək üçün təchiz olunmayıb. Onlar, həmçinin Saakaşvilinin müəssisədə müdafiə olunmayacağını deyir və onun Vivamedi klinikasına köçürülməsini tələb edirlər.

ABŞ Avropa İttifaqına qoşularaq noyabrın 1-də seçkilərin keçirilməsi ilə bağlı narahatlığını dilə gətirib.

ABŞ-ın Tbilisidəki səfirliyinin bəyanatında beynəlxalq seçki müşahidəçiləri ilə səsvermənin yaxşı idarə olunması ilə razılaşsa da, hədə-qorxu, seçicilərə təzyiq və səsverməyə təsir edən mənfi ritorikanın artması iddialarını qeyd edib.

Bəyanat əsasən, səsvermənin çoxsaylı çatışmazlıqlarla, xüsusən də “Gürcüstanın siyasi liderlərinin inzibati resurslardan sui-istifadə və zorakı ritorika ilə” müşahidə edildiyini və bunun yalnız siyasi qütbləşmənin artmasına xidmət etdiyini bildirən Avropa İttifaqının fikrini əks etdirir

Şərhlərə bax

XS
SM
MD
LG