Accessibility links

Pakistan bir milyondan çox əfqan qaçqına şəxsiyyət vəsiqəsi verib


Pakistan aylardır əfqan qaçqınları qeydiyyata almaq və onlara maraqlarını qoruyacaq şəxsiyyət vəsiqəsi vermək üçün apardığı kampaniyanı başa çatdırıb.

Hökumətin BMT-nin qaçqınlar agentliyinin dəstəyi ilə apardığı kampaniya aprel ayının ortalarında başlayıb. Nəticədə təxminən 1.4 milyon əfqan qaçqının məlumatları yenilənib. Bu, Pakistanda son 10 ildə qaçqınların statuslarını yoxlamaq üçün aparılan ilk geniş-miqyaslı kampaniyadır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Baloç deyir ki, qaçqınlara statuslarını qanuniləşdirən və humanitar yardım və başqa imtiyazlara çıxışlarını asanlaşdıran ağıllı şəxsiyyət vəsiqələri verilir.

“Yeni şəxsiyyət vəsiqələri əfqan qaçqınlar üçün mühüm qoruma vasitəsidir və onları səhiyyə və təhsil müəssisələrinə, habelə maliyyə xidmətlərinə daha sürətli və təhlükəsiz çıxışla təmin edir,” Baloç deyib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bildirir ki, Taliban avqust ayında hakimiyyəti ələ keçirəndən bəri 300 mindən çox əfqan Pakistana qaçıb. Onların aqibətləri şübhəlidir, çünki çoxu ölkəyə qanunsuz daxil olub və deportasiya oluna bilər.

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, Əfqanıstan dünyadakı ən pis humanitar böhranlarından birinə çevrilir. Təşkilat bildirir ki, ölkə əhalisinin yarısından çoxu, yəni 24.4 milyon insanın həyat qurtaran humanitar yardıma ehtiyacı var. BMT ölkə daxilində 9 milyondan çox əfqanın didərgin düşdüyünü və onların qaçdıqları evlərinə tezliklə dönmək ehtimalının çox az olduğunu bildirir.

Baloç deyir ki, ötən il qeydiyyat kampaniyası zamanı Pakistan boyu 40 yoxlama məntəqələri qurulmuşdu.

Onun sözlərinə görə, əfqan qaçqınlara qeydiyyat kampaniyasının məqsədini başa salmaq üçün kütləvi məlumat kampaniyası da aparılıb. O deyir ki, bunun nəticəsində qeydiyyat kampaniyasında çox sayda əfqan iştirak edib.

“Onların arasında qaçqın valideynləri tərəfindən qeydiyyata alınan beş yaşından aşağı 200 min uşaq var,” Baloç deyib. “İndiyədək 700 mindən çox yeni ağıllı şəxsiyət vəsiqəsi verilib. Qalan vəsiqələr 2022-ci ilin başında çap olunub, paylanacaq. Bu vəsiqələr 2023-cü ilin iyunun 30-dək etibarlı olacaq.”

Baloç deyir ki, bu kampaniya əfqanlara yardım və onları müdafiə etmək səylərinin bir hissəsidir. Onun dediyinə görə, qaçqınlarla bağlı daha detallı məlumat toplamaq hökumət və yardım agetnliklərinə onlara daha yaxşı yardım etməyə imkan verəcək.

Bundan əlavə o deyir ki, bu, Əfqanıstandakı vəziyyət imkan verəndə evlərinə qayıtmağa qərar verən qaçıqınlara dəstəyi asanlaşdıracaq.

XS
SM
MD
LG