Accessibility links

ABŞ İranın amerikalılara qarşı təhdidlərinə cavab verib


Prezidentin Milli təhlükəsizlik üzrə müşaviri 52 ABŞ vətəndaşının Tehranın sanksiya siyahısına salınması ilə bağlı bəyanat yayıb.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü İranın amerikalılara qarşı təhdidləri və təxribatları ilə bağlı bəyanat verərək, ABŞ-ın öz vətəndaşlarını qoruyacağını vurğulayıb.

“Dünən İran 52 amerikalıya qarşı sanksiya tətbiq etmək niyyətini açıqlayıb. O, bunu İranın nəzarətində olan silahlı birləşmələrin Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumlarını davam etdirdiyi və İran rəsmilərinin ABŞ-da və dünyanın başqa yerlərində terror əməliyyatları ilə hədələdiyi bir vaxtda bəyan edib” - deyə, Sallivan bildirib.

“Əmin olun ki, Amerika Birləşmiş Ştatları öz vətəndaşlarını qoruyacaq. Həm hazırda, həm də əvvəllər ABŞ-a xidmət edənləri” - deyə, milli təhlükəsizlik müşaviri vurğulayıb. “Bizim amerikalı olaraq siyasi fikir ayrılıqlarımız var. İranla bağlı siyasətlə əlaqədar fikir ayrılıqlarımız mövcuddur. Amma biz təhdidlərə və təxribatlara qarşı qətiyyətimizlə həmrəyik. Biz xalqımızı qorumaqda həmrəyik”- deyə, o əlavə edib.

Sallivan qeyd edib ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə İrandan gələn hər hansı hücumların qarşısını almaq və onlara cavab vermək üçün çalışacaq və əgər Tehran şənbə günü adı çəkilən 52 vətəndaşdan hər hansı birinə hücum etsə, o, "ciddi nəticələrlə" üzləşəcək.

Tehran yanvarın 8-də İran komandiri Qasım Süleymaninin ölümündə rol oynadığı üçün ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli də daxil olmaqla, sanksiyalar elan edib.

Bu addım sanksiyaya məruz qalanların İranda olan aktivlərinə həbs qoymağa imkan verəcək. Lakin ölkədə amerikalıların sahib olduğu aktivlərin olmadığından bu addım simvolik xarakter daşıyır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit Qüds Qüvvələrinə rəhbərlik edən Süleymani 2020-ci il yanvarın 3-də Bağdad hava limanında ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.

Millidən başqa, İran keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayn və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Haliyə qarşı da sanksiyalar elan edib.

XS
SM
MD
LG